Abil Ulusoy. İnam Evi Azərbaycan Ruhunu Yadlıqlardan Qoruyan Ünvandır

(“İnam Evi Günü”ndəki çıxışından)

İstanbulda bir kitab aldım. Dünyaya yön verən yüz filosof. Orda oxumaq imkanım olmadı. Bakıda onu kifayət qədər yaxşı incələdim. Hər biri haqqında bioqrafik məlumatlar var. Həmin filosofların dünyaya nəylə yön verməsi ilə bağlı xırda yazılar var. Həmin kitabda yazılanların dünyaya yön verməyi əslində qərbin dünyaya yön verməyidir. Qərb ağalığının özünü təsdiqi idi o filosofların timsalında. Şərq orda təmsil olunmamışdı. Dünyaya yön vermək isə, əslində dünyanın siyasi, ruhani mənzərəsini həmin filosoflar vasitəsilə çatdırırlar. Yəni dünyanı, həyatı, insanı dərk eləmək kitabda göstərilən yüz filosofun iradəsinin ifadəsi kimidir. Bunlar da hamısı qərbdən gələn bir iradədir. Qərb ağalığı, qərbin ruhani ağalığı, siyasi ağalığı və dünyanın, insanın, nicatını tamamilə qərbə bağlayırlar. Mən bunu nəyə görə dedim, son vaxtlar Azərbaycanda ziyalı adlanan kəsimin də bəlli çıxışları olur. Filosof kimi təqdim olunanlar var. Hansı ki, fəlsəfədən, filosofluqdan tamamilə uzaq insanlardır. Ən son isə iki gün öncə Atatürk mərkəzinin rəhbəri akademik, deputat Nizami Cəfərovun bir çıxışı var idi, Şuşa ilə bağlı.  Şuşa  islam mədəniyyətinin incisidir deyir. Şuşanı islam dünyasının gənclər təşkilatının başkəndi elan ediblər. Bunu da Əkbər Qoşalı sevinclə paylaşmışdı. Burda zərərli cəhət nədir?! – Toplumda Nizami Cəfərovlar sevilən insanlardır. Çünki onların adlarının qabağında akademik sözü var, deputat sözü var. Üstəlik də Atatürkün adına olan bir mərkəzə başçılıq edir. Təəssüf ki, orda Atatürklə bağlı zərrə qədər iş görülmür. Orda ayrı-ayrı sıradan insanların yubileylərini keçirirlər, onların kitablarının təqdimatları olur. Nə şair kimi şairdirlər, nə alim kimi alim. Bununla da Atatürk mərkəzi öz işini bitmiş hesab edir. Zərərli cəhət odur ki, indi ziyalı kimi təqdim olunan, hökumətdən, hakimiyyətdən pay alan insanlar özlərindən sonrakı nəsillərin yetişməsinə mənfi təsir göstərirlər. Əslində mahiyyətcə Ocağa qarşı çıxırlar. Azərbaycanda elə bir gənclər yetişdirirlər ki, qeyri-hökumət təşkilatlar adında bunların sayları üç minə yaxındır. Məscidlər də bunlardan qidalanırlar. 2567 məscid Azərbaycanda var, qeydiyyatdan keçib. 2567 məscidin ərazisi qədər Azərbaycan işğal olunub. Bunların hamısı, həmin o ziyalı kəsim, titullar alanların hamısı birgə Azərbaycan xalqının ağlına söz deyirlər, yön verirlər. Azərbaycan insanı bunların saylarının çox olmağından, dövlətin bunlara yaratdığı imkanlardan yararlanırlar, adını çəkdiyimiz televiziyalar tamamilə antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar. Bunların yaratdığı qurumlar, elmlər Akademiyası olsun, ayrı-ayrı akademiyanın nəzdində olan institutlar-filan, mahiyyət etibarilə antiazərbaycan siyasəti yürüdürlər. Burda mənim dediklərim balta üsulu kimi qəbul olunmasın. Doğrudan da, olan budur. Bu gənclər Azərbaycan üçün bir növ itirilmiş gənclərdir. Qərbdən qidalanırlar, Qərbə sevgiləri var. Sevgiləri Azərbaycana deyil. Bu işdə ən çox lokomativ kimi Türkiyə götürülür. Halbuki çağdaş Türkiyə çox zəlil bir durumdadır. İllər öncə İstanbulun camilərinin içində tək-tək adamlar görünərdi. Həyətdə heç kim gözə dəymirdi. Artıq illər keçdikcə gedənlərin sayı çoxaldı. Axır vaxtlar camilərin həyətinə, sonra küçələrə çıxdılar. Ərəblərin sayının Türkiyədə 7-8 milyona çatması, onların öz təsir dairələrini genişləndirməsi Türkiyə üçün fəlakətdir. Azərbaycanda Türkiyəni örnək götürürlər, Türkiyənin əslində ruhani böyüklüyü yoxdur. Türkiyə ərəb ruhaniyyatını, ərəbin dinini Azərbaycanda yaymaqla məşğuldur. Türkiyəni ərəbçilik yenidən işğal edib.

Qarabağı ərazi baxımından işğaldan azad elədik. Ancaq Qarabağı işğaldan azad edib işğala verdik. Şuşanın 17 məhləsi var. Orda 17 məscid var idi. Biri də Gövhərağa məscidi idi. O vaxt məscid kimi fəaliyyət göstərmirdi. Heç bir məscid Şuşada fəaliyyət göstərmirdi. Gövhərağa məscidi isə muzey idi. Orda tar, qaval vardı, müxtəlif kitablar vardı, Cabbarla, Seyidlə bağlı. Kasıb bir muzey. Ancaq indi 18-ci bir məscid də tikilib Şuşada. Məscidlər də təmir olunur. Şuşa tamamilə ərəbləşdirilir. Mən də ona görə deyirəm, biz ərazi kimi Şuşanı işğaldan azad elədik, Şuşanı həm də mənəvi işğala məruz qoyuruq. Ərazi işğalı 30-40 il də çəkə bilər. Ölkə öz ərazisini işğaldan azad edə bilər. Ancaq 1500 ildir biz ərəb işğalından azad ola bilmirik. Nisbətən işğalda olan Qarabağ məscidsiz qalmışdı, təzədən oranı ərəbləşdiririk. Mən tamamilə əminəm, Qarabağda atılan addımlar, islamın Qarabağda dirçəldilməsi bütün Azərbaycana təsir edəcək. Ayrı-ayrı insanlarımızın münasibəti necədir islama, bu ancaq yas məclislərində görünür. Yas məclislərini çıxsaq onun inkişafı görünmür. Burda Ocağın boynuna da böyük yük düşür ki, islamın əlindən Azərbaycanı almaq gərəkdir. İnam Evinin yaranmasının ən böyük əhəmiyyəti odur ki, artıq mənim öz məbədim var. Azdır, ancaq həqiqəti deyir. Bütün başqa məbədlərə mesaj verir, – sən həqiqəti demirsən, yalana inandırırsan, mən isə həqiqəti deyirəm. Sənin dediklərin zamana bağlıdır, mənim dediklərim zamanüstüdür. Çünkü həqiqət zamana sığmır. Azərbaycanı bugünkü durumdan çıxarmaq üçün “İnam Ev”ləri gərəkdir. Həm də bunu təbliğ eləmək gərəkdir. Son zamanlar Ocaqla bağlı ən çox paylaşım edən Göytəkin xanımdır. Usanmadan, dayanmadan həm Atadan, həm Soylu Atalıdan paylaşım edir. Ardıcıl davamlı. Artıq bilirəm, izləyənlər, gözləyənlər var. Bunların hamısı sistemli şəkildə davam eləsə, toplumda çox gözəl bir hal yaranar… Atamız Var olsun.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv