Asif Atanın Mingəçevir görüşü (I hissə)

Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik.

Asif Atanın Mingəçevir görüşü
(14 saylı məktəbdə)
18 İşıq Ayı, Qismət günü, 12-ci il. (may, 1991-ci il)

 Aparıcının sözləri:
İcazə verin birbaşa mətləbə keçək.

Bugün sizin qarşınızda çıxış edən Azərbaycanın tanınmış filosofu Asif Əfəndiyevdir. Ata ləqəbiylə, Ata təxəllüsü ilə respublikada tanınmış yoldaşdır. Kitabları hamımızın evində var, ona görə onu tanıyıb gəlmisiniz. Mən də sizin kimi. Azərbaycan SSRİ Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutunun elmi işçisidir. Yaxın günlərdə onun çap olunmuş elmi əsərlərindən bizə danışacaq, nəql edəcək.

Biz də ictimai şüurun, milli şüurun formalaşması üçün əziyyət çəkən, hər bir əzaba qatlaşan Asif Ataya söz verək.

 Asif Ata: Balalarımızın, fədailərimizin, İmam Hüseynlərimizin – şəhidlərimizin xatirəsinə baş əyək. (Hamı ayağa durur – S.A.)

Onlar bizim əcdadlarımız oldular. Biz onların varisləri olmalıyıq. Belə bir hal yaranır. Şifahi nitqi yazılı nitqdən üstün hesab edirəm. Bütün ruhani əcdadlar sözlə deyib, sifətlə deyib, gözlə deyib. Vəhylə deyib, vəcdlə deyib. İçəridən zəngulə kimi gəlib. Soyuq fikirdən ilahi fikir yaranmayır. Soyuq fikir daşdır. Lakin bir yazımı oxuyacağam sizə. Bir neçə yazını oxuyacağam sizə. Çünki onlar xüsusi məqamda hasil olublar, o məqamın bənzərsizliyini saxlamaq üçün.

 Doğmalarıma

Siz sirli, sehrli, qədim və müqəddəs dünyanın zərrələrisiniz.

Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyi­mizi özü ilə aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var…

Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başın­da oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.

Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündən­keç­mə Ülviyyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvə­lər­­lə Yarışı, Babəkin tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sar­sı­dan Ruhu, Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.

Sizin Ruh Dünyanızda Zərdüştün Hürmüzdü, Füzulinin Məc­nu­nu, Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Budda­nın İmtinası, Muğamın Ülvi Ehtizazı var…

Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağ­saq­qallıq, Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənə­nə­si, Qədimliyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.

Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi anlarsınız.

Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.

Dünyasızlarla döyüşün –  Dünyanızı təsdiq etmək üçün!

Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.

Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz!

 (“Yol” Müqəddəs Kitabından) 

 (Alqışlar eşidilir – S.A.)

 Təkcə xarici gözlə baxanda Azərbaycan kiməsə balaca görünə bilər. Lakin Mənanı təkcə xarici gözlə görmək olmaz. Mənanı daxili gözlə görmək olar – Ruhani gözlə; İdraki gözlə. İdraki gözlə, ruhani gözlə baxanda Azərbaycan çox böyük görünür.

Zərdüştçülük o Zərdüştçülükdür ki, dinlərin hamısından əzəli, hamısından əbədi, hamısından insani, hamısından şirniksiz, eyni zamanda hamısından uzaq, sonsuz.

Zərdüşt nəslindənik! O Zərdüşt ki, bəşər peyğəmbərlik nə demək olduğunu bilmədiyi vaxtda peyğəmbərliyi dedi. O Zərdüşt ki, o dünya cəfəngiyyatından danışmadı, hüri-pəri nəşəsindən danışmadı. Qıl körpüsü hədyanlığından danışmadı, o, bircə şeydən danışdı. Əhrimənlə Hürmüzdün döyüşündən, İşıqla Qaranlığın vuruşundan. O dedi ki, İnsan gərək daxildən nurlansın, işıqlansın, onun gərək gözlərində, dodaqlarında, alnında, saçında, yerişində, duruşunda işıq yaransın, yaşasın və o, qaranlıqdakı ilə döyüşsün. İçəridəki həsədlə, qorxuyla, balacalıqla, murdarlıqla, günahla daxilində döyüşsün və qələbə çalsın.

Hürmüzd içimizdən başlayır. Ağac kimi bitir və xaricdə meyvə verir və xaricə budaqlanır.

Vaxt gələcək mütləq Əhrimənlə dava olacaq.

Vaxt gələcək mütləq Hürmüzd qalib gələcək.

Bunu deyən VI əsrdə bizim Midiyamızın dahiləri olan, Midiyamızı ifadə edən, Midiyanın özündən də artıq olan Zərdüşt idi ki, o, təxminən buralarda, Muğanımızda addım-addım addımlayırdı və hər yerdə deyirdi ki, “İşıqlanın!”, “Nurlanın!”

 (Alqışlar eşidilir – S.A.)

 Bir Zərdüştün olması bəsdir ki, Azərbaycan xalqını böyük hesab edəsən. Amma görün Zərdüştdən başqa bizim kimimiz var və kimimiz yoxdur. İndi bəziləri özlərini bir admiralla, bir marşalla fəsilləşdirirlər. Daha demirlər ki, yüz marşal, yüz admiral Zərdüştün adi bir nəfəsinin bir quru hissəsi deyil.

Biz böyük xalqıq, çünki Babəkliyik. Babək haqqında hardasa eşitmisiniz. Amma harda eşitmisiniz ki, Babək 23 Spartakdır. Babək yeganə güc idi ki, Xəlifətə qarşı vuruşurdu. O Xəlifətə ki, onun başı Bağdadda idi, ayağı gedib çıxırdı Hindistana. Və təkcə heç bir adı-sanı olmadan, nə şah oğlu idi, nə tacir idi, nə var-dövlət adamıydı. Yalnız qürur adamı idi. Və yalnız Şirvin gəzdirirdi qəlbində və o, təkcə 23 il, Ərdəbildə Xəlifətə qarşı durdu. Onun məqsədi Xəlifəti ləğv eləməkdi. O, təzə din yaratmışdı, Xürrəmdin yaratmışdı ki, onu ərəblər yandırdılar və ondan bizə heç nə gəlib çıxmadı. O, Məzdəkçiliyin sadəcə kölgəsi deyildi, təqlidçisi deyildi. O, filosof idi. O dahi bir peyğəmbər idi. Məhəmməddən də artıq idi. Hər mənada. Onlarda o qədər nifrət var idi ki, ərəb nifrəti, – əvvəl əllərini kəsdilər, qanlı-qanlı əlləriylə üzünə vurdular. Sonra bu da az oldu, o qədər nidrət vardı ki, qorxudan doğan nifrət ki, sonra başladılar ayağını kəsdilər, ayağı ilə vurdular. Bu da yenə az oldu, sonra əxlaqsızlar asdılar. Xüsusi, camaat görsün, hirs o qədər idi.

Ondan sonra onun xatirəsini şaqqaladılar. Guya ki, nə atası bilinirmiş, nə anası bilinirmiş. Guya Xürrəmdinlik əslində fahişəpərəstlik imiş, əyyaşlıq imiş, əxlaqsızlıq imiş.

Nə qalmadı ki, bizim Babəkə desinlər. Nə qalmadı ki, bizim Babəkin arxasınca hürsünlər. Və Babək bütün bunların hamısının arxasında daha böyük Babək oldu.

Nə qədər dedilər, nə qədər təhqir etdilərsə, bir o qədər məhəbbətləşdi bizim Babəkimiz.

Bir Babəkin olması bəsdir ki, xalqa balaca deməyə sənin dilin gəlməyə.

 (Alqış sədası – S.A.)

 Bizim Dədə Qorqudumuz var. Bizim o zaman ağsaqallığımız var idi. Ağsaqqallıq böyüklük idi. Yaş artırdı, ağıl da artırdı. Azalmırdı. Yüngül deyildi ağsaqqal. Ağsaqqal filosof idi, ağsaqqal aşıq idi, ağsaqqal məshətxan idi. Ağsaqqal elin başçısı idi, Qayınata idi. Ağsaqqal həm də qayınataların atası idi.

Ağsaqqal həm də strateq idi, sərkərdə idi. Ağsaqqal təmsil edirdi bütün tayfanı, bəzən bütün xalqı. Ağsaqqallığın ən böyük, dahiyanə ifadəsi bizdədir. Dədə Qorquddadır. Dədə Qorqud bütün türk dünyasının mahiyyətini hamıdan yaxşı, hamıdan dərin, hərtərəfli və qeyri-adi bir dərviş səviyyəsində ifadə etmişdir.

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Bununla da bizim böyüklüyümüz qurtarmır. Hürufilər gəlir. Bütün dünya fəlsəfəsini axtarın, heç kəs demir ki, İnsan Allahdır. Ayrı-ayrı insanları Allah sayanlar olubdur. Məsələn, İsa Peyğəmbəri Allah sayanlar olubdur. Aleksandr Makedonski özünü Allah hesab edirdi. Kaliqula özünü Allah hesab edirdi, Ehkamlaşdırırdı.

Amma heç kəs deməyib ki, hər kəs Allahdır. Hər balaca insan Allahdır. Sənin Teymurləngi gündə öldürdüyü, məhv elədiyi 40 min adam, 40 min Allahdır.

Bunu hürufilər deyirdilər. Bunu Bakıda Nəimi deyirdi, bunu Şirvanda Nəsimi deyirdi. Beş nəfərdilər, azdılar, sonra on oldular, 20 oldular, 100 oldular. Çoxala bilmədilər. Çünki fəlsəfə çox böyük idi. Anlamaq o qədər də asan deyildi. Və onlar addım-addım gəzirdilər, dağılırdılar elə bir vəziyyətdə. Qaranlıq illərdə, dəhşətdə və “mənəm allah” deyirdilər “lailallah” əvəzinə. Və ölürdülər, ölə-ölə də yaşayırdılar.

(Alqış sədası – S.A.)

Hələ bu da hər şey deyil. Hələ bu da bütün deyil. Eşq haqqında, İlahi eşq haqqında çoxlu əsərlər var. Avropa da bu haqda yazıb. Eşq yalnız qız-oğlan söhbəti deyil. Yəqin ki, belə şeyləri anlayarsız.

Lakin heç kəs Eşq haqqında Füzuli kimi deyə bilməyib.

Füzuli Eşqi din səviyyəsindədir.

 (Ata Füzulinin “Ey həkim” şeirini deyir – S.A.)

 Dünya şeirində buna bərabər eşq fədaisi yoxdur, eşq dahisi yoxdur. Bunu deməyə mənim haqqım vardır. Çünki neçə illərdir mən müəllim olmuşam. 20 ildir. Qərb fəlsəfəsindən müəllim olmuşam. Ona görə bunu deməyə mənim haqqım var və sizin də mənə inanmağa haqqınız var.

Hələ bu da hər şey deyil. Səhərdən dahidən, dahilikdən danışırıq, qurtara bilmirik. Elə zənginik!

Bəşər musiqisində simfonizm də var, Bethoven də var, Bax da var, heç kəs bunları inkar eləmir. Onların öz məziyyətləri var. Amma dünya musiqisində Muğamat yoxdur. Çünki muğamat sufilərin yaratdığı İnsanlaşma musiqisidir. Orada siz addım-addım, şöbə-şöbə artırsınız, təmizlənirsiniz, ilahiləşirsiniz özünüz və sonra qəlbinizdəki həsrəti – Allah həsrətini o səviyyəyə qaldırırsınız ki, müəyyən bir məqamda Allahın özü ilə qovuşursunuz – Mənsuriyyədə, Hasarda, o sonluqlarda.

Biz sazlıyıq. Saz haqqında yəqin bilirlər bizim alimlərimiz. Saz nədir? Saz iki bir-birinə zahirən əks olan duyğunun dahiyanə vəhdətidir. Qılınc şaqqıltısı və zəriflik. Ləlimək, yalvarmaq. Əsil kişilik. Kişi hədsiz dərəcədə güclü olur və zərif olur. Orda ölür, amma sevgisinin yanında zərif, axar olur. Tökülür bəzən sevgisinin ayaqları altına, o qədər zərif olur. Elə yumşaq olur əsil kişilər.

Ona görə burada həm qılınc şaqqıltısı var, həm də zəriflik var, incəlik var!

Bax, Azərbaycan bu deyən sözdür.

Ona görə kim sizin yanınızda deyəndə ki, Azərbaycan balacadır, onu siz lənətləyin.

Və deyin ki, sənin ancaq xarici gözün var, sənin içəri gözün kordur. Və qorxmayın. Siz həqiqəti demiş olacaqsınız.

 (Alqış sədası – S.A.)

 Azərbaycan xalqının matəmləri də var. Ümumiyyətlə, bizim tariximizdə matəm günləri çoxdur. Onun yalnız beşi haqqında deyə bilərəm.

Azərbaycanlıların birinci matəm günü bizim eramızdan əvvəl         V əsrdə Midiya satrapı fars Kir Midiya padşahı Astiyaqa qarşı xəyanət elədi. Midiya dövləti süquta yetdi. Biz bir aktiv siyasi varlıq kimi itdik. Sonra çox şeylər oldu. Azərbaycan dövləti oldu. Şah İsmayıl İranı Azərbaycanlaşdırmaq istədi. Bunlar inkar olunmur. Uzun Həsənin imperiyası oldu. Lakin bunların heç biri onu əvəz edə bilmədi.

Biz yetimləşdik! Dövləti olmayan xalq yetimdir. Onun yüz Füzulisi olsa da. Biz böyük xalq olduq, lakin siyasi cəhətdən yetim xalq olduq.

İkinci bizim yasımız IX əsrdə Babəkimizin məhvi oldu. Bu, Babəkin özünün qələbəsi idi. Bizim məğlubiyyətimiz idi. Babək kimi oğul neçə yüzildən, neçə min ildən bir gəlir. Biz onu itirdik. Onunla bərabər Vahid Azərbaycanı da itiridik. Ərdəbili itirdik, hamısı qatıldı Ərəb imperiyasına.

Bizim üçüncü yasımız 1828-ci ildə Türkmənçay fəlakətində… Azərbaycanı heç çağırmamışdılar da saziş məkanına, Münxendən pis idi bu. Heç olmasa, Münxendə Çebrat koridora çağırılmışdı. Bizi heç çağırmamışdılar da. Bizsiz həll olundu məsələ. İki hissəyə bölündük. Hələ də özümüzə gəlməmişik. Şaqqalanırıq. Bunu mən qəsdən üçüncü elədim. Çünki Şah İsmayıl Xətaiyə mənim çox böyük hörmətim var. Ona görə onu dördüncü elədim.

Şah İsmayıl Xətainin “Çaldıran Fəlakəti” yasımızdır. İki türk bir-biriylə döyüşəndə həmişə məğlub olmuşuq. Hamımız. Səlimlə Şah İsmayıl döyüşməməliydi. Çünki Səlimin işi Şah İsmayılla deyildi. Səlimin işi Avropadakı Osman İmperiyasının artırılmasında idi. Nə isə alınmadı. Başa düşmədilər bir-birini. Və Şah İsmayılın şiələri döyüşürdü orda Səlimə qarşı. Sevmədilər Anadolular. Səlim məcbur oldu döyüşməyə, – bizim fəxrimiz olan Şah İsmayılla. Və Şah İsmayıl məğlub oldu. Çaldıran Fəlakəti yaşayır tariximizdə.

Bizim sonuncu – beşinci fəlakətimiz güclə-bəlayla qurulan Azərbaycan Demokratik Hökumətinin süqutu oldu. Və biz arsızcasına bəzi yaslarımızı bayram elədik. O günə düşdük. Mən müasir ziyalılarla barışa bilmirəm. Onlar həqiqəti dandılar.

Və biz başladıq yasımızdan fərəh udmağa. Arsız olduq. Ona görə də “fərəhlərimiz” boldur.

 (Alqış sədası – S.A.)

 Şərqdə, Qərb fəlsəfəsindən fərqli olaraq şeir ilə deyirdilər fəlsəfəni. Ömər Xəyyam da belə olub. O biriləri də belə olub.

Mənim ömrümün ağır vaxtında, mən öz tərcümeyi-halımı sizə danışmayacağam, mənim kim olduğumu söhbətimdən anlayacaqsınız. Heç lazım deyildi məni təqdim eləmək.

Çox xahiş elədim ki, olmasın. Sonradan biləcəksiniz mən kiməm. Mənim fikrimdən. Şablon olmasın. Nəyə lazım, nə qədər olar eyni çıxışlar. Mən çıxış eləməyə gəlməmişəm. Mən izhar eləməyə gəlmişəm.

Bu çox çətin bir anda yazıldı. Mən, demək, təqib məqamında, qayıdırdım təqibdən və başlayırdım bunu yazmağa. Mən yaxşı anladım ki, təqibdə adam çox güclənir.

Təhlükəyə nə var ki, təhlükə məqamında adam, doğrudan da Allah kimi bir şey olur.

Ona görə bu şeirləri mən sizə oxuyuram, burda şeir axtarmayın. Burda fəlsəfi tale axtarın. Fəlsəfi tale. Mənim şair haqqında, müasir şair haqqında fikrim hədsiz dərəcədə aşağıdır.

(“Bədiiyyat”ı oxuyur):

 “Uzaq, dəbdəbəli yalandan uzaq,

Ürəyi qəfəsə salandan uzaq,

Boynuna saç kimi dolanıb, birdən

Səni ilan kimi çalandan uzaq”.

Şərh eləyəcəm. Mən bilirəm ki, bura gələn adamlar səbrli adamlardır. Hər sifətdə adamın burda nə işi var, Asif Atanın görüşündə.

Vüqardır kişinin dünyada varı…

(Ata “Bədiiyyat”ı oxumağı davam edir. Hamısını bura köçürmürük. Ayrıca kitab var – S.A.)

 …Sağ ol, vüqar, əyilmədin!

Sağ ol, İnam, döyülmədin!

Sağ ol, Vicdan, söyülmədin!

Ayaqlara sərilmədin!

(Alqış sədası – S.A.)

 Bir çox hallarda televizorda, radiolarda səhərdən axşama kimi mənəvi süqutdan dəm vururlar. Lakin mənəvi süqutun səbəblərindən ya danışmırlar, ya da elə danışırlar ki, məna gizlənir. Mən aşkarlığın bir cəhətini də kəşf eləmişəm. Aşkarlıq əslində mənanı gizlədə bilir. Onun bir cəhəti də odur. Üzdəki məna bilinir, əsil, dərin məna gizlədilir. Mənəvi süqutun səbəbi nədir? Niyə biz bu günə düşdük? Bütün bəşərə dərs deyən, Dünyanın ən yeni əxlaqı – korrupsiya əxlaqından dəm vuran, səhərdən axşama kimi özümüzü tərifləməkdən başqa işimiz olmayan bir ölkə niyə bu günə düşdü ki, özü məcbur oldu qurultaydan bağırsın ki, bizdən də əxlaqsız xalq yoxdur. Bunun səbəbi nədir? Səbəbləri çoxdur.

Lakin dərin fəlsəfi səbəbləri dörddür. Xahiş edirəm, siz baxmayın ki, bizim söhbətimiz bir az ağırdır, elə çətin yolu seçmək lazımdır. Asan yol gətirdi bizi bura çıxartdı. Mən sizə məsləhət görürəm ki, həmişə çətin yolu seçin, ömründə asan yolu seçməyin. Həmişə uzaq yolu seçin, ömründə yaxın yolu seçməyin. Kim nə deyir desin. Bu mənim şəxsi ömrümdən doğan həqiqətimdir.

Mənəvi süqutun birinci səbəbi bizim ehkamımızda yaranan psevdomaterializm, sadə dildə desək, maddiyyatın birinci sayılması və ruhaniyyatın ikinci sayılmasıdır. İdrakın ikinci sayılmasıdır. Hər bir tədris fəlsəfə əsərində ki, onu fəlsəfə ilə bağlamaq günahdır, onu antifəlsəfəyə başlamaq lazımdır. Birinci cümlə budur ki, materiya birincidir, fikir ikincidir, şüur ikincidir. Bu cəfəngiyyata inanmayın!

Bütün canlılar üçün bu aydın olan şeydir. Əgər belə olsaydı, insanın pişikdən fərqi olmazdı, siçandan fərqi olmazdı, heyvandan fərqi olmazdı. İnsan ona görə insandır ki, o fərqlidir. İnsanda ruhaniyyat birinci olmasa, onun eşşəkdən fərqi olmaz. İnsanı insan eləyən onun ruhaniyyatıdır. Ona görə o gəlir dünyaya, ona görə şeir yazır, ona görə musiqi yazır, əsərlər yaradır, ona görə eşq elan eləyir, ona görə özündən keçir, əqidə üçün. Əgər onlardan birisi yoxsa, nə üçün özündən keçməlidir? Nə üçün? Bax, birinci səbəb budur. Yaxşı ki, cavanlar burdadır, onların bəxti gətirdi. Əvvəldən bildilər həqiqəti. Daha bizim kimi yox, əlli-altmış ilə gəlmədilər.

İkinci, əgər hər şey dəyişkəndirsə…  Psevdodialektika – hər şey dəyişkəndir və nisbidir. Ona görə qeyrət də nisbidir və dəyişkəndir. Bu gün mən qeyrətliyəm, sabah mən qeyrətsizəm və məndən tam qeyrət tələb eləmə, çünki hər şey nisbidir, hər şey, görünən nisbidir. Heç Mütləq olan bir şey yoxdur. Bu bizim dəhşətli dərəcədə əxlaqsızlığımız üçün “gözəl” bir təməl oldu. Biz gözəl deyilik, çünki eybəcərliyimizi doğrulda bildik. Mən nə istəyirəm? Mən Mütləq dost deyiləm. İstəyirsən mənlə dostluq elə, istəmirsən cəhənnəmə elə. Mən sevgiylə… azdır, balacadır, nağayrım? Onsuz da mütləq heç nə yoxdur. Belə-belə, belə-belə gəlib elə quyuya düşürük ki, ordan sonra çıxa bilmirik. Ona görə tək qalırıq. Nə dostumuz dostdur, nə düşmənimiz düşməndir. Hamısı nisbidir. Hamısı yarımçıqdır, hamısı dəyişkəndir.

Bax! Bütün fəlakətimiz… bilmirik biz. Deyirik ki, düz deyir də, hər şey dəyişkəndir də, doğrudan da uşaq dəyişir, hər şey dəyişir…

Hər şey dəyişkən döyül! Məna dəyişməzdir! Qeyrət dəyişməzdir! Analıq dəyişməzdir! Kişilik dəyişməzdir! Koroğluluq dəyişməzdir! Nəsimilik dəyişməzdir!

Yaxşı nə varsa, heç biri dəyişkən deyil!

 (Alqış sədası – S.A.)

 Mən bunları tezislər şəklində deyə bilərəm, çünki bir görüşdə bunları tam, hərətərəfli demək olmaz. Amma, məncə, bu bəsdir. Bu bəsdir. Üçüncü, Makiavelçilik.

Makiavelli adında bir tarixçi, yarı yazıçı, yarı dramaturq, avara bir adam vardı, hədsiz dərəcədə özü haqqında böyük fikrə düşən. İstedadıyla, imkanı ilə onun öz mahiyyəti arasında, talantı arasında, onun o fitrəti arasında yerlə göy qədər fərq var idi. O, “Knyaz” adlı bir əsər yazmışdı. Bu əsər heç bir şey deyil, amma əsərdə bir-iki ideya vardı ki, çoxunun ürəyincə oldu. Bu ideya nə idi? “Məqsəd vasitəni doğruldur”. Nə eləyirsən elə, təki məqsəd yaxşı məqsəd olsun, pis vasitə ilə yaxşı məqsədə çat! Adam öldür, baş kəs, ananı sat, atanı zəhərlə, nə edirsən et, təki qalib ol! Təki məqsədinə çat!

Və bunu o hökmdarlara belə vəzifə kimi: “bax, əgər siz təmiz olsanız, batacaqsınız, heç nə edə bilməyəcəksiniz, əgər siz ürəyiniz açıq olsa, heç nə edə bilməzsiniz. Siz aldatmalısınız, təki məqsəd həyata keçsin!” Bu sonra bizim qanımıza elə ilişdi ki, sonra biz başladıq məqsədin özünü bayağılaşdırmağa. Yalançı məqsədləri başladıq həyata keçirməyə və böyük məqsədlərdən başladıq dəm vurmağa. Tutalım ki, özümüzün (zəminimizi) məhv etməkdən ötəri, marksizm uğrunda döyüşçü olduq. Bunu öldürmək üçün. İclaslarda yəqin ki, olmusunuz. Böyük-böyük sözlər deyirlər, amma sonra məlum olur ki, kiminsə kimdən zəhləsi gedir, kimiysə öldürməlidir, kimi isə çıxartmalıdır, onun yerinə keçməlidir. Amma sözlər böyükdür. Demək olmaz ki, mən sənin yerinə keçmək istəyirəm, gərək deyəsən ki, “mən Marksdan ötrü canımı verərəm”, “Mən kolxozumuzdan ötrü ölərəm!”

Və bu eybəcərlik böyüyür-böyüyür… iclaslarımızın 90%-i budur. (Yerdən: 98%-i) Hətta 99%-i belədir. Çox az hallarda belə olmur. İki hissəyə bölünür və hamısı həqiqətdən, xalq, gələcəkdən-filan… sonra görünür ki, onun arxasında nə xalq durur. Yalnız və yalnız onun arxasında bir şey durur: özünün şəxsi, balaca, xudbin… Bax, bizi mənəvi cəhətdən bu günə salan üçüncü səbəb budur. Və dördüncü səbəb bizim özümüzə nail olduğumuz fərq təqlidçiliyimiz.

Bax, son vaxta qədər öz ana dilində pis danışan, aksentlə danışan adamı dahi hesab edirdilər. Nə isə qeyri-adi adam olduğundan pis danışır. O pis danışmaqla özünə cazibədarlıq yaradır. Öz dilini bilmir. Bu hardan gəlib, göydən düşüb nədir, gəlib hardansa, bu ayrı adamdır, bu xüsusi adamdır.

Çünki təqlidçilik ölümdür! Çox təəssüf ki, onu biz hələ bilmirik. Bizə deyirlər ki, mənimlə çox söhbətlər olub əvvəllər, elə indi də. Soruşurlar ki, axı sən nə istəyirsən? Akademikliyin yoxdur, veririk. Nə istəyirsən axı? Səni filarmoniyada görmək planımız var. Deyirəm, sən məni aldatma. Birinci, mənim akademiyam başqa cür akademiya olacaqdı. Başqa cür ziyalı olacaqdı. Bu bir. İkinci, hamının… Belə şeylə sən məni aldatma. Mənə o qədər lazım deyildi. Füzulinin bir beytinə layiq deyil sənin bütün akademiyan. Nə sən məni aldadırsan? Orta əsrin dəhşətində “Şəbi-hicran” veriblər. Sən nə vermisən? Mən xalqım öl desə, ölən şairəm demisən. “El azaddır, dil azaddır” demisən, 35-ci ildə gündə bir baş kəsilirdi.

Özümüzə qayıtmalıyıq! Və əsas məqsəd odur ki, bütün təqlidçilikdən əl çəkməliyik. Bunun dərin kökləri var. Vaxt yoxdur, qısa şəkildə: Avropa bizə – Şərqə təlqin edə bildi ki, sən Şərq, əslində sivilizasiyan, olsa-olsa məndən mənimsəmisən və mənim əyalətimsən. Səndə sivilizasiya ola bilməz. Səndə heç bir siyasi ağıl yoxdur. Səndə heç bir bədii əsil fəlsəfi idrak yoxdur. Sən olsa-olsa öyrənə bilərsən, tələbə ola bilərsən və sənin ağlın ona çatsın ki, sən bunu başa düş və məndən öyrən ömrün boyu. Mən sənin qəyyumun olum. Bunun böyük fəlsəfəsi var. Bu haqda mənim əsərlərim var. Çap olunmamış. Mənim kitablarımın 90%-i çap olunmayıb. Bu da yəqin ki, mənim əsas məziyyətlərimdən birisidir. Bütün onlar buna həsr olunub. Və biz başladıq təqlidçiliyə, başladıq öyrənməyə, başladıq dəyişməyə, dəyişilməyə, elə dəyişdik ki, yadlaşdıq, özgələşdik. İndi özümüzə baxırıq, tanıya bilmirik. Nəyik biz? Nə Avropadan avropalıyıq, nə Şərqdən Şərq.

Bax, mənəvi süqutun dörd səbəbini Asif müəllim öz fikrinə əsasən sizə təqdim elədi.

 (Alqış sədası – S.A.)

 Mən bu suallara cavab verməmişdən əvvəl, bəzi balaca yazılarım var. Bugünün fəlsəfəsinə aid, bugünkü fəaliyyətimizə aid. Onu oxuyum sizə. Sonra sizin suallara cavab verəcəyəm.

Ola bilsin ki, fikirlərimin hamısıyla siz razılaşmayasınız. Amma o saat da reaksiya verməyin. Bu fikirləri mən illərlə becərmişəm. Birdən-birə ona o saat cavab vermək düzgün deyil.

Həqiqətlər:

 xxx Müqəddəslik olmayan yerdə tərbiyə yoxdur.

 xxx Dövlət olmayan yerdə, dövlətlə əslində dövlətsizlik edirlər.

 xxx Cəmiyyətə bel bağlayanın beli sınır.

 xxx Sosialist iqtisadiyyatı zorla yaranan iqtisadiyyatdır. Zorla yaranan iqtisadiyyatı özbaşına qoysan, məhv olar.

 xxx İctimai fərd olmur, ictimai şəxsiyyət olmur, ictimai insan olmur.

xxx Qurmaçılıqda güzəşt sözü, təslim sözünə bərabərdir, təzə sosializm – sosial kapitalizmdir əslində. Qurmaçı təslimçilik avantürasıdır əslində.

 xxx Qaranlığa işıq saçacaqdılar, qaranlıqdan işıq alırlar.

 xxx Dünyanı öz dəyirmanlarında üyüdə bilmədilər, indi dünya dəyirmanında üyüdülürlər.

 xxx Zəmanə lilipud, insan yüyrək.

 xxx Günün tələbləri – günün tələləri.

 xxx Tələbə uymaq, həyatı uydurmaq.

 xxx Sosializmin təzə modeli – neokapitalizm.

 xxx Yenidənqurmanın məntiqi:

Qeyrətindən keç, başından keçmə.

 xxx Dünya sosializmə və kapitalizmə bölünmüşdü. İndi onu sosial-kapitalizmdə birləşdirirlər.

 xxx Gerçəkliyin tələbi – mütilik.

Gerçəkdən tələb – Vüqar.

 xxx Dövrandan asılı olmadığın dərəcədə özünsən, dövrandan asılı olduğun dərəcədə özgəsən.

 xxx Məna birdir, mənasızlıq min.

 xxx Həqiqət yalanla barışsa, həqiqət olmaz, yalan olar.

 xxx Qurmaçılar barışmaqdan başqa heç nə saymırlar, çünki həqiqətsizdirlər.

 xxx Biz gücsüz adamlara güc edirik.

 xxx Əslində Qurmaçılar millətçilərə deyirlər: bir-birinizi qırın ki, sizi təzədən qurum. Milli ədavəti alışdırdı ki, alovlansın, söndürə bilməyəcək.

Sinfi ədavəti alışdırdı ki, alovlansın, söndürə bilməyəcək.

Ölkəni uçurtdu ki, təzədən qursun, qura bilməyəcək.

 xxx Yeni ehkam: güzəşt, uyğunlaşma, çoxrəylik, konsensus da deyirlər, plüralizm də deyirlər.

 xxx Güzəşt – iqtidarsızlıq.

Uyğunlaşma – təslimçilik.

Çoxrəylik – həqiqətsizlik.

 xxx XX əsr unutdu ki, yerin fikri göydədir.

 xxx Qurmaçılıq kapitalistə yarayır, sosialistə yarayır, millətçiyə yarayır, beynəlmiləlçiyə yarayır.

Əslində kapitalisti satır, sosialisti satır, millətçini satır, beynəlmiləlçini satır.

Qurmaçılar hamıya yarayır, ona görə heç kimə yaramır. Oğru Qurmaçını sevir, cani Qurmaçını sevir, möhtəkir Qurmaçını sevir, imperialist Qurmaçını sevir, mövhumatçı Qurmaçını sevir. Murdar sevgidir bu sevgi.

 xxx Beynəlmiləlçiliyin mənası – millətlərin bir-birinə qovuşması, itməsi və yox olmasıdır.

Beynəlmiləlçilik əslində antimillilikdir.

 xxx Qurmaçılara təzə kadr lazımdır – Əqidəsiz, işlək.

Stalinin vaxtında cəmiyyət zindana bənzəyirdi. Cəmiyyət qovlanılmışdı. İndi cəmiyyət sirkə bənzəyir. Camaat oynadılır.

 xxx Ermənilər Avropanı Azərbaycana qarşı çeviriblər. Mərkəzi Azərbaycana qarşı çevirdilər.

Azərbaycanlıların təcrid ləyaqətindən bəhrələnmək məqamı gəlib çatıb.

 xxx Xalq özünü gözləməlidir, cəmiyyəti onun başına uçururlar.

 xxx Adamdakı canavarı buraxdılar, ilanı buraxdılar, çaqqalı buraxdılar, oyanmışlar.

 xxx Dünyanı öz səviyyəsinə endirə bilmədi, dünya səviyyəsinə qalxa bilməyəcək.

 xxx Yerin mənası göydədir. Musiqi bunu insanların yadına salır.

 xxx Həqiqət acıdır deyirlər. Bəşər həqiqət acıdır deyirik. (Bir də oxuyum).

 xxx Əvvəlki milli siyasət –  Zorakı dostluq.

İndiki milli siyasət – Könüllü yağılıq.

 xxx Ümidsizliyin ümid adlı mənası var.

 xxx On beş ölkədən bir ölkə olmaz. Bir ölkə adlı on beş ölkə olmaz.

 xxx İnsanlığın maddi dəyəri yoxdur, ayda min manat alan rəis, ayda 200 manat alan fəhlədən  beş dəfə aşağı ola bilər insanlıqda.

 xxx İqtisadiyyatı iqtisadi alimlərə tapşırmaq həyatı ölümə tapşırmaq kimi bir şeydir.

 xxx Elmi simpoziumlar – təntənəli boşluq. (Mən özüm də olmuşam simpoziumlarda, ona görə bunu deməyə haqqım var. Zahirən deyirsən ki, orada dahi kəşflər olacaq, heç bir simpoziumda heç bir kəşf olmur, ömründə olmur. Kəşfi tək edirsən, əzabla təkcənə).

 xxx Sosializm adında sosial-kapitalizm – eybəcər calaq, zorla.

 xxx Və sonda: Platonun ideyaları kiçik göründü mənə. Russonun təbiiliyi süni göründü mənə. Hegelin Mütləqi nisbi göründü mənə. İqtisadiyyat Allahına inanmadım. Mütləqimi tapdım, Mütləqimə inandım.

Zərdüştdən öyrəndim, Buddadan öyrəndim, Sufilərdən öyrəndim, Hürufilərdən öyrəndim, Şərqləşdim, Mütləqimi tapdım, Mütləqimə inandım.

Dedilər: Şərqlə döyüşmək…

Freydi öyrəndim, iyrəndim; Şopenhaueri öyrəndim sevmədim; Məhəmmədin harayını eşitdim, Allahına inanmadım; İsanın şəxsiyyətinə vuruldum, Allahına tapınmadım; ateistləri öyrəndim, bəyənmədim; Utopistləri öyrəndim, bəyənmədim.

Yeni İnam yaratdım. Yeni idrak yaratdım. Yeni Amal yaratdım. Yeni əməl yaratdım ki, bundan sizin hələ ki, təəssüf ki, xəbəriniz yoxdur, baxmayaraq ki, vaxt gələcək xəbəriniz olacaq.

Mən əlimdən gələni edirəm ki, xəbəriniz olsun. Kim yorulubsa, çıxsın getsin, eybi yoxdur. Mən qəti incimirəm, məndə ölçü keyfiyyətdir, məndə kəmiyyət ölçüsü yoxdur. Beş adam mənim üçün 500 adam ölçüsündədir. İncimirəm. Amma söhbətin aparılmasına mane olmayın ki, mən istədiyimi deyəm.

 

Sual: Asif Ata, biz özümüzü xalq adlandıra bilərikmi?

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Asif Ata: Gözəl sualdır. Qədimliyimiz nöqteyi-nəzərindən biz özümüzü nəinki xalq adlandıra bilərik, həm də biz özümüzü Böyük Xalq adlandıra bilərik ki, onu Ata lap əvvəldən sübut elədi və siz də onu alqışladınız.

İndiki vəziyyətimizdə xalq adlandırılmağımıza haqqımız yoxdur. Xalq nə deməkdir? Xalq özünəməxsus siyasi birlik deməkdir. Özünəməxsus. Bu bizdə yoxdur. Xalq – özünəməxsus mədəni birlik deməkdir. Bu da bizdə yoxdur. Xalq demək tam özünəməxsus azad iqtisadiyyat deməkdir. Necə istəyirəm becərirəm, necə də istəyirəm özüm də satıram. Bu da mümkün deyil. Çünki bizim başımızın üstündə əcəl var. Xüsusi kompleks var və s. və i.a. siz bunu bilirsiniz.

Bu saat bizim məqsədimiz xalqı yaratmaqdır.

Sual: Adət və ənənələrimiz… Müstəmləkə halında yaşamağımızın səbəbləri.

Asif Ata: Çox yaxşı sualdır. Əsil əsas məsələ açığını deyəcəm sizə, burada erməni-zad yoxdur. Erməni varmı? İnanımmı? (Gülüşlər).

Bizim bu günə düşməyimizin əsas səbəbi odur ki, biz özümüzün özümlüyümüzə inanmadıq. Bizim tariximizdə dəhşətli qoşulma var. Biz ərəbə qoşulduq, dəhşətli dərəcədə itirdik. Özümüzün peyğəmbərini yarada bilərdik, peyğəmbərimizi yaratmadıq. Lakin Məhəmməd peyğəmbərə o qədər işlədik ki, Məhəmməd peyğəmbər Quranda da bizim türklərin adını çəkdi və dedi ki, “harada asi görürəm, türkü göndərirəm orada onları məhv edər”. Bunu yaxşı bilirsiniz. Özümüzə lazım olmadıq.

İran tarixini götürün. İranın bütün dahiləri – dahi şahları hamısı başdan-ayağa türkdürlər. Özü də türklər İranı ən çətin məqamlarda xilas elədilər. Birincisi, Mahmud Qəznəvi. O vaxt biz bircə onu bildik ki, Mahmud Qəznəvi Firdovsinin qızılını gümüş elədi. Vəssalam. Əslində isə Mahmud Qəznəvi İranı çıxartdı ilanın ağzından. İran pis vəziyyətdə idi. İranın başında istedadsızlar dururdu. İran parçalanmışdı. Və əgər Mahmud Qəznəvi olmasaydı, İran indi olmayacaqdı. Ondan sonrasını götürək İranın ən böyük şahı Şah Abbas. Onu dahi hesab edirlər. Şah Abbas kim idi? Səfəvi idi. Şah İsmayılın qohumlarından idi. O elə elədi ki, Şah İsmayılın gördüyü bütün yaxşı işləri ləğv elədi. Əgər Şah İsmayıl İrandan Azərbaycan düzəltmişdisə və biz olmuşduq mərkəz, hamı türk dilində danışırdı, türk dili dövlət dili olmuşdu və s. və i.a. Şah İsmayılın elədiklərinin hamısını Şah Abbas ləğv elədi. Ona görə Şah Abbas İranlıların Allah səviyyəsində şahı hesab olunurdu. Hələ bu da hər şey deyil.

Ondan sonra, İranın ən çətin vaxtında, ən çətin məqamında Əfşar Nadir Şah. Nadir şah olmasaydı, İran lap getmişdi. İran tamam heç olmuşdu. Hətta şah Qacar belə! O vaxt bizə onu belə təqdim edirdilər: “mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə…” bu deyil şah Qacar. Onun öz idealı vardı. Bax, bizim birinci fəlakətimiz o oldu ki, biz özgəyə yaradıq, özümüzə yaramadıq. İkinci odur ki, qoşulduq haray-həşirə. Bizə nə dedilər? Daha doğrusu, bizim babalarımıza. Deyək də, XVIII ildə olanlar, XX illərdə olanlar bizim babalarımızdır. Dedilər ki, sən kəndli, gecə-gündüz özünü öldürürsən, amma gör, mülkədar alır sənin torpağını. Niyə səninki olmasın? Zavoddakılar – sən özünü fabrikdə, zavodda öldürürsən, amma kapitalistin olur. Ona görə sənin hakimiyyətin olacaq, sən eləməlisən.

Qoşulduq və Müsavat partiyasını, güc-bəlayla qurulan ilk demokratik hakimiyyəti ləğv elədik. Və bayrağımıza yalandan milli hakimiyyət sözünü yazdıq aldatmaq üçün və bir aydan sonra Rusiyaya zəng elədik ki, bizi birləşdir. Budur səbəb.

Atamız olmayıb, Ağalarımız olub. Ağeyi Mircəfər. Bunu mən başa salmışdım, bir də istəyirəm onu başa salam. Demək, Çaldıran döyüşünün səbəbi o oldu ki, Səlim (Osmanlı şahı idi) – Osmanlı imperiyasının ən böyük sahibi tədricən, artırmaq üçün Osmanlını, o imperiyanı artırmaq üçün, o tərəfinə, bu tərəfinə baxmalı oldu. Mən gedərəmsə bu döyüşə, arxadan zərbə dəyməz ki? Və gördü ki, Şah İsmayıl, nə isə onun özünün adamlarıyla, inanmayır Səlimə. Və o hər yerdə elə təbliğat aparır ki, Səlimlə Şah İsmayılın başı bir qazanda qaynamaz. İki belə böyük nəhəng bir yerdə ola bilməz. Yalnız biri olar, ya Səlim, ya Şah İsmayıl. Bu cəfəngiyyatdır. Amma bunu təlqin edə bildilər. Və Anadoluda Şiələrin üsyanı başladı. Böyük bir üsyan Səlimə qarşı. Və Səlim də belə hiss elədi ki, şiələrin başçısı Şah İsmayıldır və o yaradıb bu şiəliyi, onda Çaldıran Döyüşü başladı və bizim böyüyümüz, dahimiz dəhşətli dərəcədə məğlub oldu.

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv