Soylu Atalı. Özümləşmək Tələbi

Soylu Atalı

Mədəniyyətlər xurafat üstə qurulur – ya dini xurafat, ya da ideoloji xurafat. Azərbaycanda mədəniyyət dəyişiklikləri yüzillərdir özümləşmə yönündə yox, həm dini, həm də ideoloji cəhətdən baş verir. Son dəfə 90-cı illərə qədər ərəbçilik xurafatı kommunist – atesit xurafatı ilə üstələnmişdi. Sonra isə Qərbin demokratik xurafatı ilə qaynayıb-qarışdı. Mədəniyyətlərin (?) qarışmasından yaranan ictimai mühit qarşısıalınmaz bir anarxiya durumundadır. Mədəniyyətdə özgələşmə, dini və ideoloji əsarət millətimizi ictimai, siyasi uğursuzluqlar orbitində saxlayır.

xxx

Bu gün millətimizin mənəvi dayaq nöqtəsi isə hələ də ərəbçiliyin uğursuz quramalarında, başqa sözlə xurafat göyündədir. Ona görə də milli müəyyənliyimiz başı üstədir. İçində dayaq nöqtəsi olmayanın azadlığı əsarətə düşür.

xxx

Dinin fəziləti ideala bağlı olan, yəni imkanda olan fəzilət deyil. Cəfəngiyyata bağlı və imkanda olmayan, yəni gerçəkləşməsi mümkün olmayandır. İdealda olan fəzilət mücərrəd olsa da, can atılan, gerçəkləşməsi gözlənilən fəzilətdir. Dini fəzilət cəfəngləşən mücərrədçilikdir. Dinin ideyaları idealdan gəlmir, uydurulur. Bu səbəbdən də cəfəngləşir. İdealda olanla uydurulan arasında heç bir əlaqə yoxdur. Din ideala sevgi, vurğunluq yaratmadı, oyunlarla bəzədilmiş ideal uydurdu. Din yalançı xoşbəxtliyi (cənnəti) və vahimələri (cəhənnəmi) həqiqi həyat adına bağlayıb köpük yaratdı. İdraka gərək olmayan köpük cazibəsindən həqiqətsizlik tüğyan elədi.

xxx

İnsanlar özlərindən Allaha sifət verirlər, formaya salırlar. Hər kəs öz arzusuna uyğun, yaxud peyğəmbərin arzularına uyğun şəkildə Allaha yanaşır. Allah arzulara uyğunlaşdırıldığı dərəcədə məhdud və nisbidir. Mənaca sonsuzluq insanların arzularında sonlulaşır. Allah əslində arzudur. Ancaq xülyəvi arzudur, gerçəkliyə dəxli olmayan arzudur. Bu məzmunu arzularla deyil, idrak tələbi ilə tanımaq olar. Ona görə allah anlamını xilas etməyin və ona qovuşmağın bir yolu var – allahlıq məzmununu dünyada, insanda mənalandırmaq gərəkdir. Din bundan yan keçdiyi dərəcədə bu məzmunu itirir.

xxx

Ayağını 21-ci yüzilə qoyub qəlbini və ağlını 7-ci yüzilə bağlayan türkün bəşər sivilizasiyasında hər hansı bir rolundan danışmaq mümkün deyil. Türk dünyanın ruhani qurulmasında iştirak etməkdən dala durmaqla milli varolma haqqını itirmiş durumdadır. Biz Mütləqə İnam dəyərini bu haqqın bərpa olunmasının yeganə doğru yolu sayırıq.

xxx

Dinə pərçimlənmək dünyanın nizamında üstünlüyü əldən verməkdir- dünyanı qloballaşdıranların (əslində özünə yadlaşdıranların) ixtiyarına buraxmaqdır.

xxx

Azərbaycan üç yöndən müstəmləkə aqibəti yaşayır: Ruhani (dini) müstəmləkəçilik, siyasi-ideoloji müstəmləkəçilik, psixoloji müstəmləkəçilik.
Ruhani müstəmləkəçilikdən çıxış yolu – Mütləqə İnam (Mütləqə İnama üz tutmaq din yalanından xilas olmaqdır. Türklüyü üstün etmək imkanıdır, habelə dünya nizamına ictimai tərəqqi gətirməkdir);
Siyasi- ideoloji müstəmləkəçilikdən çıxış yolu – Uluyurd Hərəkatı;
Psixoloji müstəmləkəçilikdən çıxış yolu – Azadlığın milli imkanına inam.

Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv