Soylu Atalı. İctimai Tərəqqi Problemi

 Haqq – insanlarda insani mənafeyə, ədalət – bu mənafeyə doğru, sağlam münasibət bəsləməyə deyilir. Təəssüf ki, belə bir düşüncə sistemi ictimai həyatda qüvvədə deyil. Bütün dünyada həyat gedişləri ən çox hüquq anlayışı ilə tənzimlənir. Hüquq isə əsasən fiziki-bioloji mənafedir. Məsələn, hüquq mühafizə orqanları da cəmiyyəti əsasən bioloji cəhətdən qoruyur. Mülkü, malı oğurlanan, işini, vəzifəsini itirən, rəqabətdə qəsdən tərəfsizləşdirilən hər kəs özünü ilk növbədə hüququn köməyi ilə qorumağa səy edir.Yəni həyat uğrunda mübarizəyə atılır. Həyat uğrunda mübarizə isə fərdi mənafelər döyüşüdür. Şübhəsiz ki, fərd mənafesiz ola bilməz. Elə rəqabət də ondan doğur ki, biri digərini mənafesiz görmək istəyir. Hər kəs öz mənafeyini ali məqsədlərə tabe eləmək əvəzinə onu yeganə məqsədə çevirəndə ictimai həyatda təbəqələr formalaşır və fərdi həyat bu təbəqələrin birində daha dolğun mövcud olur.
Biz dedik həyat uğrunda mübarizə fərdi mənafelər döyüşüdür. Bu döyüşdə məğlub olanlar aşağı təbəqə hesab olunurlar və qalib təbəqənin maddi mərhəmətinə möhtac qalırlar. Onların həyatı bütünlüklə bu təbəqənin mərhəmətindən asılı olur. Cəmiyyətdə yaşam tərzini, maddi bölgünü, ədaləti, qanunu bu təbəqə müəyyən edir. Nəyə ədalət adı, nəyə vicdan, qanun adı qoymağı bu təbəqə öz istəklərinə uyğun seçir. Alimə şöhrət yaradır ki, elmin inkişafını onun xeyrinə yönəltsin; ziyalıya mükafat verir ki, ictimai fikri həqiqətə doğru yox, onun (o təbəqənin) yüksəlməsinə yönəltsin; qanunlar elə səviyyədə işlədilir ki, cəmiyyət bütünlüklə bu təbəqənin təyin elədiyi hüquq normaları ilə yaşasın… Cəmiyyət bu normalardan kənara çıxmamalıdır, yüksək təbəqənin mövqeyinə ziyan verməməlidir.
Beləliklə, ictimai həyatda haqsızlıq mühiti yaranır, Zor qanunlaşıb, həyat normasına çevrilir. Zor hər kəsin haqqı kimi təbliğ olunur. «Hər kəs rəqabət aparıb üstünlüyə nail ola bilər» – əslində «hər kəs zor işlədə bilər» deməkdir. Lakin bu «hər kəs» əslində hakim təbəqənin nümayəndəsini nəzərdə tutur. Rəqabət qanunları yaradılır və ictimai narazılığın qarşısı kəsilir. Bu qanunlar pozuntulara stimul verir. Əmin-amanlığın pozulmasının əsas səbəbi kimi aşağı təbəqənin özünü apara bilməməsi göstərilir. Aşağılara qarşı daim yeni-yeni basqılar, başqatmalar hazırlanır. Bu tip hazırlıqlar çeşidli xassələrə malik olur və insanların həyatını psixoloji cəhətdən bütünlüklə bürüyür. Hər cür hissi-emosional, mistik, estetik duyğular, bir növ, işğal olunur.
Ədalət, vicdan, mənəviyyat bioloji həyatın çətin anlarında yada düşür. Aşağılar yuxarılardan ədalət, vicdan, mərhəmət umur. Yuxarılar aşağılara yarımədalət, vicdan görüntüsü göstərirlər. Nisbi sakitlik yaratdıqdan sonra talamalar, qamarlamalar daha amansız biçim alır. Həyat uğrunda mübarizənin bu səviyyəsi yaşamın antiinsani mühitə keçməsi ilə sonuclanır. Bu mühitin başbilənləri isə hakim təbəqəni haqlı göstərir, aşağı təbəqənin haqsızlığını «sübut edir». Halbuki aşağının «haqsızlığı» yuxarının mənəviyyatsızlığında hazırlanır.

Tarix boyu inqilab intibahı əvəz edib

Bizə görə, siyasət insanlığın məğlub olduğu nöqtədən başlayır. Siyasətdə baş meyar – aldatmaqdır. Aldatmaqla cəmiyyət idarə olunur, tabe etdirilir. Tarix ən çox siyasi gedişlərdən ibarətdir. Bu isə cəmiyyətin başqa meyarlara inamına zərbə vurur. Buna baxmayaraq, siyasət doğru yol sayılır və bütün diqqət siyasətin inkişafına yönəldilir. Elm də onu qoruyur, din də onun xidmətinə gətirilir, iqtisadiyyat da tam siyasətin ixtiyarında olur. (Təəssüf ki, quyruq bulayan qoçu filosoflar da görünüb tarixdə…). Ümumi maddi inkişaf təmin olunsa da, bundan həmişə hakim təbəqə bəhrələnib, bütövlükdə cəmiyyətin sosial həyatında rifah bərqərar olmayıb.
Çıxış yolunu siyasi hakimiyyəti dəyişməkdə görüblər. Və narazılar siyasi hakimiyyəti ələ keçirmək uğrunda mübarizəyə qalxıblar. Mübarizənin birinci mərhələsini təbliğat təşkil edir. İnandırmağa çalışırlar ki, hakimiyyəti ələ keçirmədən heç nə eləmək mümkün deyil. Siyasi tarixdə hamı bu cür düşünüb – Robespyer də, Kromvel də, Lenin də…
Dövlət hakimiyyətin vasitəsinə çevrildi və aşağılarla yuxarıların dartışdırdığı qida məzmununu daşıdı. Bu səbəbdən də vətən anlayışı əhəmiyyətini itirdi.
Hər şeyi inqilab vasitəsilə yoluna qoymaq təsəvvürü hakim kəsilib cəmiyyətə. İnqilab sosial rifahdan vətənçiliyə yol salmaq ideyası irəli sürür. İnqilab vətənçilik hisslərinin bərpası üçün deyil, sosial ədalətin bərpası üçün başlayır. Sonucda təbəqələrin yerini dəyişməklə, daha doğrusu, önə çıxanların yuxarı təbəqəyə çevrilməsiylə başa çatır. Hesab olunur ki, aşağıları təmsil edən önə çıxmışlar dövlət idarəsində pay əldə etdikdən sonra qazanılan imkanların sayəsində mənəvi fəsadlar aradan qaldırılacaqdır. Tarixin heç bir dönəmində bu fikir özünü doğrultmayıb. İnqilab aşağıların yuxarılara zor göstərmək birliyidir. Bu birlik qısa zaman kəsiyində möhkəm və ümidverici görünür. Vurğuladığımız kimi, narazıların müəyyən bir kəsimi maddi imkanlara çatandan sonra birlik qırılır.
Dövlət – təbəqələrin sosial üstünlüyə çatması üçün işləyən rəqabət aparatı səviyyəsinə endirilib. Hər inqilab öz dövlətinə ad qoyur, amma fərqli məzmun yarada bilmir. İnqilab əsasən üstdəkini dağıdır, təməl təzələnmir. Cəmiyyətdə nəyi dağıtmaq əsasdır – sosial baxışı, yoxsa ruhani-mənəvi meyarsızlığı? Məsələnin həllinin doğruluğu, yaxud yanlışlığı bu sualdakı seçimdən asılıdır. İnqilabı kimin (istər burjua, istər proletar, istər demokrat) həyata keçirməsindən asılı olmayaraq prinsipial dəyişiklik baş vermir. Ən yaxşı halda iqtisadi islahatlarla gözdən pərdə asılır. Nəzərə almaq lazımdır ki, iqtisadiyyat bütünlüklə siyasətin tabeliyindədir. Bir halda ki, islahat inqilabdan doğulur və inqilab hakimiyyəti dəyişməklə başa çatır, – burada ictimai inkişafın baş verməsini gözləmək sadəlövhlük olardı. Hakimiyyət dəyişikliyi cəmiyyətin mənəvi həyatının yüksəlişini təmin etməyi yox, ən yaxşı halda sosial dəyişikliyi bacarır. Qısa zaman ərzində həyata keçirilən dəyişiklik ulusal, bəşəri yön yarada bilməz. Ən güclü siyasi-psixoloji təsir belə, ruhani təsdiqdən çox aşağıdır. Vəziyyətin kökündən, yoxsa üzdən dəyişdiyini bilmək üçün insana göstərilən münasibətə diqqət yetirmək gərəkdir. İnsanı azad, ruhani varlıq kimi nəzərə almayan dəyişiklik qəti inkişaf deyil.
Əslində inqilab da insanı bioloji varlıq kimi dərk etməyin təzahürüdür. Bu hadisənin başında duranlar mənəvi dirçəlişi deyil, sosial-iqtisadi islahatların keçirilməsini son məqsəd sayırlar. Təbiidir ki, inqilab baş verdikdə köhnəni devirir. Bu devirmə köhnənin infrastrukturlarında dəyişiklik gərəkdirir ki, bu da sosial-iqtisadi islahat adı altında gerçəkləşir. Əzilənlə əzənin münasibətlərini inqilabla aydınlaşdırmağa çalışanlar hesab edirlər ki, bu islahatlarla ictimai həyata ədalətin gəlişini təmin etmiş saymaq olar və deməli, ictimai narazılıq üçün əsas qalmayıb. Lakin tarix sübut elədi ki, sosial yerdəyişmələr, iqtisadi irəliləyişlər, siyasi çevrilişlərin müxtəlif çeşidləri ictimai tərəqqiyə aparıb çıxarmır.
Son vaxtlar yenə yeni ideologiyalar işlənildi, yeni inqilablar baş verdi, lakin biz yenə də ictimai tərəqqinin şahidi deyilik. Kommunizm ideologiyası iqtisadiyyatı ümumiləşdirdi, – ayrı-ayrı fərdlərdən alıb dövlətə verdi. Hesab elədilər ki, hamıya pay düşərsə, firavan həyat formalaşar və ictimai sabitlik təmin olunar. Fəqət bu gedişlə dövlətin başına həmin psixologiyalı fərdlərin gəlməsinin qarşısını ala bilmədi, təbəqələşmə ləğv olunmadı. Zahirdəki bərabərlik görüntüsü daxildəki qeyri-bərabərliyi müvəqqəti pərdələdi. Dövlətin ümumiçilik qanunları fərdlərə nəzarət edə bilmədi, təbəqələşmə meyilləri kapitalizmi bərpa etməyə sövq olunanların sayını artırdı. Çünki dövlətin nizamında mövcud olan qanunlar ən yaxşı halda sosial qanunlar idi, insani qanunlar deyildi. Cəmiyyətdə insani qanunlarla yaşamağın əsası qoyulmadı. İnsandan kənarda baş verən proseslər, insanı alət kimi idarə edən qanunlar yeni dəyişiklik tələb elədi. Bu dəfə sivil inqilab biçimi tapıldı. Hesab olundu ki, hər kəsin kapitalist olmaq imkanının qarşısını kəsən köhnəliklər demokratik inqilabla darmadağın edilə bilər. Bu, artıq sivil inqilab forması sayılır. Burada qan tökülməsi minimum həddə baş verə bilər. Haşiyə kimi vurğulamaq olar ki, kommunizm ideyasının bütün dünyanı əhatə etməməsinə baxmayaraq, əks prosesdə (kapitalistləşmə) bütün dünya iştirak edir. Çünki siyasət dünyanı özünə tabe edib, həyatın gedişatı ayrı cür nizamı tanımır, bütün siyasi addımlar da kapitalizm qəlibində atılır.

Din İnam ola bilmədi

Təbiət insanı ziddiyyətli yaradıb. Onda həm heyvanilik var, həm də ilahilik. Əslində bu iki xassə bir-birinə ziddir, hardasa bir-birini inkar edir. İnsan yaşamaq, mövcud olmaq üçün fiziki-bioloji xassələrinin ixtiyarında durur. Bir çox Avropa bilginləri, filosofları həyatın nizamını bu proseslərdə axtarırlar və insanı fiziki-bioloji xassələrə borclu sayırlar. Elm də fiziki-bioloji gedişatın tərəfində durur. İnsandakı ilahi keyfiyyətlər ciddi öyrənilmir, əsas kimi götürülmür. Sırf gerçəkçi olmaq, həyata real baxmaq, reallığa uyğun olmayanı doğru saymamaq təbii olaraq elmin əsas motividir. Hərçəndi həyat heç bir vaxt təkcə elmin dediyi ilə getməyib, bu qəlibdən kənara çıxıb. Əgər insan təkcə bioloji mövcudluğu üçün çalışsaydı, o, heyvandan ayrıla bilməzdi. İnsanın ikili xassəyə malik olması onu çətin aqibətə düçar edir. Nə tam heyvan ola bilir, nə də heyvandan ayrıla bilmir. Şər, Xeyir anlayışı da buradan meydana gəlir. Heyvanın yaşamaqdan başqa məqsədi yoxdur. O daim yaşamaq uğrunda mübarizə aparır. Dağıdıcılıq, başqalarını məhv eləmək, ziyan vermək onun üçün qaçılmazdır. İnsan bu xəttdə dayananda cəmiyyətdə heyvana xas olan bu cəhət – dağıdıcılıq, zorakılıq bərqərar olur. İnsanın insan üzərində ağalığı xalqların qarşıdurmasına qədər inkişaf edir. Dünya vəhşi ehtirasların at oynatdığı meydana çevrilir. Bir haşiyə kimi vurğulayaq ki, çağdaş Qərb dünyası bəşəriyyətə bu baxışdan yanaşır, onun İnsani potensialını inkar edir, peyğəmbərliyi gərəksiz sayır. Halbuki peyğəmbərlik ilahi bir nemətdir – bəşəriyyətin doğru yola yönəlməsi üçün ruhani mayakdır. Bəs peyğəmbərliyin ilahiliyi nədədir? Yuxarıda vurğuladıq ki, həyatın nizamı heyvaniliyə tam təslim olmur. İnsan heyvaniliklə barışmır, onun üzərində yüksəlməyə can atır. Bəli, insan ikili xassəyə malikdir. Bu xassələrdən ixtiyari birini ləğv eləmək mümkün deyil. Biolojiliyin ləğvi insan mövcudluğunun sonu deməkdirsə, ondakı mənəvi-ruhani keyfiyyətlərin ləğvi də heyvanın insan üzərində qələbəsi deməkdir. Bu səbəbdən də bu keyfiyyətlər arasındakı uyğunluğu tapmaq, düzgün harmoniya yaratmaq – doğru yanaşma olur. Bu yükün altına girmək, ömrü buna həsr etmək peyğəmbərlik deməkdir. Peyğəmbər sözü hansı dildə olur-olsun, hərfi tərcüməsi nə olur-olsun, məzmunu məhz ictimai həyatda insani, mənəvi-ruhani ahəng yaratmaq deməkdir. Bu isə inamla mümkündür. İnam isə şəxsdən (peyğəmbərdən) möcüzə göstərmək tələb edir. Əlbəttə söhbət peyğəmbərin elmə, idraka əsaslanmadan fikir yürütməsindən, əsatiri həqiqət kimi təlqin eləmək qabiliyyətindən getmir. Möcüzə insanı biolojiliyin mütləq tabeliyinə sürüyən keyfiyyətlərdən imtina edə bilməsi, fəlsəfi dil ilə desək, yenidən doğulması ilə ölçülən hünəridir, bu, hünərin cəmiyyəti insanlaşmaya aparmasıdır.
Təəssüf ki, əski peyğəmbərlər bu hünəri tam aşkarlaya bilməmişlər. Asif Atanın Mütləqə İnam təliminə görə, peyğəmbər yeni İnam yaradıcısıdır. Yeni İnam yaradıcılığı təkcə ideya verməklə bitmir. Şəxsdə vurğuladığımız imtinaların başlaması ilə, yenidən doğulma hadisəsi ilə sonuclanır, insanlığın ictimai həyatda bərqərar olmasına gətirib çıxarır.
Dinlər yarandı, genişləndi, dünyaya yayıldı, amma ictimai tərəqqi baş vermədi. Çünki din siyasətin əliylə dünyaya yayıldı. Gerçək həyatda müqəddəslik təsdiq olunmadı. Din insanı müqəddəsləşdirə bilmədi, Göylərdə müqəddəslik obrazı yaratdı. Həyatda insanın müqəddəsləşməsinə inam yaranmadı, insanı müqəddəsliyə aparan yol bilinmədi. Ən yaxşı halda müqəddəsləri tarixdə axtardılar, o da barmaq sayda adamlarda. Ayrı-ayrı şəxslərin müqəddəs sayılması belə, müqəddəsliyi ictimai səviyyəyə qaldıra bilmədi. Ona görə biz deyirik ki, din inam ola bilmədi. Bu fikrimiz ayrı-ayrı şəxslərdə etiraz doğurur və sübut etməyə çalışırlar ki, biz bəzi məsələlərə onları bilmədən münasibət bildiririk. Belə ki, din ərəb mənşəli sözdür, inam isə onun türkcə tərcüməsidir. Əlbəttə. Bu mənada iradı anlamaq olar. Lakin ruhaniyyat tarixini, fəlsəfə tarixini izləyənlər bilirlər ki, hər bir yenilikçi müəyyən bir fikir sistemi yaradır və burada o, özünün terminləri ilə çıxış edir. Bu terminlər içərisində əvvəldən işlənənlər də qalır. Bunlar ya özünün həqiqi məzmununa qaytarılır, ya da yenilərilə əvəz olunur. Asif Atanın Mütləqə İnam sistemində də bu qanunauyğunluq var.
Biz din və İnam sözlərini həm də o cəhətdən fərqləndiririk ki, cəmiyyətdə inam sözü həmişə ümumişlək söz kimi işlənib, din isə dünyabaxış kimi. Biz isə Asif Atanın Mütləqə İnam Ocağı olaraq məhz İnam sözünü Dünyabaxış kimi işlədirik. Hər bir fərdə aid olan ənənəvi bir keyfiyyət kimi inam sözü heç də yeni termin deyil. Lakin İnam – Dünyabaxış kimi yenidir. Başqa sözlə, İnam bizdə ümumi fərdi keyfiyyəti deyil, məhz Dünyabaxışı ifadə eləyən terminə çevrilir. Rus dilində «reliqiya» və «vera» sözləri var. «Vera» – ümumi fərdi keyfiyyətdir, «reliqiya» isə dindir – yəni yoldur, dünyabaxışdır. Ümumiyyətlə, hər hansı bir ideyanı, hadisəni öyrənəndə diqqəti bir məsələyə yönəltmək doğru olar: – bilmək, doğru nəticə çıxarmaq üçün məzmunun üzərində dayanmaq gərəkdir. Hərtərəfli öyrənmək və ciddi düşünmək. Bizim mövqeyimizi öyrənmədən, nə istədiyimizin fərqinə varmadan etiraz eləmək qüsurdur. Ümumiyyətlə, öyrənmədən, dərk eləmədən ortaya qoyulan münasibət köhnəliyi qorumaq cəhdidir. Yeniliyi qəbul etmək idraki səviyyə ilə yanaşı, həm də fədakarlıq tələb edir. Belə ki, adam çox vaxt yeniliyin əhəmiyyətini dərk edir, amma onu təqdim eləməyə, qəbul eləməyə hünəri çatmır. Yenilik heç vaxt kütləvi şəkildə dərk və qəbul olunmur. Onu cəmiyyətə vermək üçün ayrı-ayrı fərdlər daşlaşmış qaydalara qarşı çıxmalı olur. Bu isə istər-istəməz təpkilərlə qarşılanır. Cəmiyyətin təpkilərinə dözə-dözə onun mənəvi-əxlaqi saflığına çalışmaq qeyrət və hünər məsələsidir.
Biz peyğəmbərliyi ilahi nemət, – yəni ən uca bəşəri nemət kimi vurğuladıq. O səbəbdən ki, elmin, sənətin bacarmadığını peyğəmbər harayı bacarır. Elm də, sənət də dediyini deyir və çıxıb gedir. Kim onu necə işlədəcək, necə istifadə edəcək – bu, elmi, sənəti düşündürmür. Peyğəmbər isə sözünü deyib keçmir, dayanır, sözünün üstündə vurğu edir, sözünü bəsləyir. Həm də sözünü götürmək üçün ürəkləri bəsləyir, onlara müqəddəslik nəğmələri öyrədir. Sonradan yanılmalarına, yanıltmalarına baxmayaraq, peyğəmbərlərin ilkin harayları müqəddəsdir, ölməzdir. İctimai tərəqqinin baş tutmamasına görə biz peyğəmbərləri də qınasaq belə, onların ilkin haraylarına kölgə salmırıq, Müqəddəslik ənənələri yaratdıqlarına görə onlara minnətdar oluruq.
Fəqət ictimai həyatda yaratdıqları çaşqınlığa görə onlara güzəşt eləmirik və onların haradasa, nədəsə yoldan sapmalarını qınayırıq. Bundan sonra əski peyğəmbərlərin ictimai həyatda qalmaları yalnız zərərə işləyir, ictimai tərəqqi naminə onları tarixin arxivinə gömmək gərəkir.
Cahil kütlənin yalanlara uyması hökmdarların siyasi istəklərinə yaradığı üçün onlar dini xurafatı ictimai meyara çevirirlər. Bu gediş isə təkcə inkişafa zərər verməklə məhdudlaşmır, həm də peyğəmbərlərin ilkin haraylarını urvatsızlaşdırır.
Çoxları hesab edirlər ki, peyğəmbərləri kənara qoymaq, yəni dini baxışdan imtina eləmək mümkün deyil və gərək deyil. Çünki bu imtina nəticəsində cəmiyyətdə təhlükəli bir boşluğun yaranacağı ehtimal edilir. Biz bu ehtimalı qəbul eləmirik. Əvvəla ona görə ki, biz cəmiyyətə əsaslı, sağlam bir dünyabaxış təqdim edirik. Bu dünyabaxış yeni İnam olmaqla həm xəlqi dəyərdir, həm də insani-bəşəri məzmunlu bir hadisədir (Asif Atanın «Mütləqə İnam» Kitabını oxumaqla hər kəs bu fikrin yəqinliyinə yetə bilər). Bu səbəbdən də hansısa mənəvi boşluğun yaranacağı təhlükəsi yoxdur. Digər tərəfdən, axı din cəmiyyətdə mənəvi tutum yaratmayıb ki, boşluq yarana. Boşluq bu gün kifayət qədər dərindir. Deyə bilərlər ayrı-ayrı ideoloji əksliklər, məs., ateizm, demokratiyanın yaratdığı qarışıqlıq mane olub. Bu fikirlərlə razılaşmaq olmaz. Boşluq dinin mayasında var. Avamlıq, cəhalət yaratmaq elə ən pis uçurumdur, boşluqdur.
Hər bir sonrakı mərhələdə dinin siyasətlə qaynayıb-qarışması peyğəmbərlərin ilkin haraylarının da təsirini, gücünü aradan qaldırmışdır. Beləliklə, dinin yaratdığı mənəvi boşluq tarixin bütün dönəmlərində həyat üçün təhlükəyə çevrilmişdir. Alimləri fikrinə, baxışına görə yandırmaq, soymaq, asmaq mənəvi iflas idi. Din İnam ola bilmədiyi, siyasət olduğu üçün əksər hallarda mənəvi iflas yetirib. Bu gün də Servet, C.Bruno, Yan Qus, Nəsimi… müdafiə olunmur. Onların dindən hesabını soran yoxdur. İnsanlara qarşı o cür vəhşi münasibətlərə heç bir dövrdə qiymət verilməyib, əksinə, bəraət verilib – birbaşa, ya dolayısıyla. Günahsız insanlara qarşı törədilən cinayət hadisələri tarixin dolanbaclarında baş vermiş «təbii hadisələr» kimi unudulub. Əgər bu gün bəşəriyyət o insanların taleyinə biganə qalırsa, hansısa humanizmdən, ədalətdən danışmaq riyakarlıq deyilmi?! Belə çıxır ki, dinin kəsdiyi başa sorğu yoxdur. Təkcə bu fakt bəsdir ki, dindən imtina edib İnamı qəbul edəsən. Heç bir boşluq-filan da baş verməz. Bunun əvəzinə isə dini qorumaq üçün fəndlər düşünülür. Elm inkişaf elədikcə dinin yaratdığı fantastik təsəvvürlər (özəllikcə Allahla, o dünya ilə bağlı) iflasa uğrayır. Gerçək dünya ilə bağlı həqiqətlər dərk olunduqca dinin əli boşa çıxır. Bunu nəzərə alaraq, dini qorumaq istəyənlər elmin bütün uğurlarını dinin adına bağlamağa çalışırlar (əsasən İslamın). Guya elmin çağdaş uğurları 7-ci yüzildən bəlli imiş. İddia olunur ki, yüzillərdir elm Quranın kodlarını açmaqla məşğul olur. Bu cür gülünc uydurmalar gərək deyil, tərəqqini lağa qoymaq olmaz. Quranın heç yerdə işlənməyən donmuş kodları elmin tapıntılarının dalınca açılır. Elm harda bir uğur tapır, dərhal Quranda bir ayənin buzu sınır və cəmiyyətə 7-ci yüzilin «uğuru» sırınır. Bir zamanlar alimlərin elmi kəşflərini qorxa-qorxa dilə gətirmələri, dinin onlara qoyduğu yasaqlar dinin elmi baxışlar üzərindəki qanlılığı unudulur, unutdurulur, dinin tərəqqinin qabağını kəsməsi qəsdən dilə gətirilmir və i.a.
Din «hər şeyi Allah 6 gündə bir baxışla yaradıb» söylədiyi halda, elm kainatın sirlərini öyrənməklə məşğul oldu. İnsan təfəkkürünə dinin yasaq qoyması darmadağın edildi. Kainatda elə dəyişmələr var ki, min illərin məhsuludur. Din isə min illərə bərabər olan prosesləri 6 günə yerləşdirdi. Dinə münasibət bu gün də aydın olmadığından elm müstəqil yol tutur. Lakin bu müstəqillik cəmiyyətin insani inkişafına stimul vermir. Biz hesab edirik ki, ictimai tərəqqi elmlə inamın vəhdətində baş tuta bilər. Din isə, vurğuladığımız kimi, İnam ola bilmədiyi üçün elmlə ziddiyyətə girir, sonucda cəmiyyətin mənəvi həyatında inkişaf bəlli ölçülərdə əngəllənir.
Bir tərəfdən dini təbliğ edirlər, amma həm də dövlətə yaxın buraxmırlar. Çünki dinin açıq yasaqları zoru da açıq göstərər. Zor gizlənə bilməsə, başqa sözlə, simasını gizləməsə, kütlə içərisində ona qarşı müqavimət mərkəzləşə bilər. Anarxiya, idarəolunmazlıq yaranar. Əgər dövlət – dini dövlətdən, hakimiyyətdəkilər də dindarlardan ibarət olarsa, onda bütün dünya İrana bənzəyər. Din də eyniyyət yaradan, müxtəlifliyin gözəlliyini qəhr edən bir ideolojilikdir. Din inkişaf edən görünür, əslində iflasa uğrayır. Əslində din inam siqlətli hadisə olsaydı, cəmiyyətin saflaşmasında, ədalətsizliyə, haqsızlığa, zorakılığa qarşı dirənişdə, pulçuluğun cəmiyyəti diz çökdürməsi ilə mübarizədə inkişaf edərdi. Lakin biz dinin inkişafını (əslində tənəzzülünü) din başçılarının kapitalistləşməsində, siyasətləşməsində, avamlığın son həddə çatmasında müşahidə edirik. Din min illərdir «cənnətdən qovulan Adəm nəslini» Göylərə səcdə qılmağa, Yerdəki «ilahi nemətlərə» tamah salmamağa, göylərin əsrarəngiz cənnəti haqqında düşünməyə çağırır. Amma heç kim «cənnət neməti» uğrunda mübarizə aparmır, hamı dünya nemətlərini əsas sayır və bu nemətləri əldə eləmək uğrunda çalışıb-çabalayır. Bu mübarizəni dinin başında duranlar daha geniş şəkildə həyata keçirirlər. Dinin (İslamın) peyğəmbərindən tutmuş sıravi tərəfdaşına qədər hamı yer nemətlərini daha çox əldə eləmək uğrunda mübarizə aparıblar. Yer nemətlərini mənimsəmək haqqında Quranda bəlli «Qənimət» surəsi mövcuddur. Dində riyakarlığın geniş vüsət alması cəmiyyətdə mənəviyyatsızlığın artmasına gətirib çıxartdı. Həyatı gözdən salmaq olmaz. Həyat mənaca çox gözəldir. Cənnət elə həyatın gözəlliyidir. O, hazır şəkildə deyil. Onu yaratmaq gərəkdir. Cənnəti insan ağlının, qəlbinin gözəlliyi yarada bilər. O, Göylərdə hazır durub ölənləri gözləmir. Hazır cənnət tüfeyli həyat deməkdir. İnsan ağlının, düşüncəsinin, zəhmətinin yaratmadığı, qəlbinin duymadığı firavanlıq xülyəvidir, cəhalətdir.
İslam peyğəmbəri dini – intibah yoluyla deyil, inqilabi yolla və daha çox savaşmaqla qəbul etdirib. Özü qılınc götürüb, ordu başçısı olub, baş kəsib, qan töküb. Bu o deməkdir ki, peyğəmbər bir an da insana inanmayıb. İnsana İnam olmayan təqdirdə dünyanı gözəlləşdirmək mümkün deyil. Əlbəttə, insana inam yoxdursa, dünyanı nə üçün gözəlləşdirəcəksən?! Elə buna görə də hazır gözəl dünya uydurulub…
İctimai həyatda ruhaniyyat cəfəngiyyatla əvəz olunanda və fərdlər ruhani ömür istəməyəndə kütləvi kölələşmə prosesi başlayır. Din məhz bu prosesin başında durur. Özünü qorumaq üçün insanları qüdrətli deyil, müti görmək istəyir. Din insanlardan ruhani zəhmət tələb eləsəydi, idraklı mühit formalaşardı. Din insanlardan belə bir fəaliyyət tələb eləmir, çünki yaratdığı Allah obrazı ilə bu tələb arasında ziddiyyət baş qaldırardı. İnsan üçün Allahın tale hazırlaması, onu təhdid eləməsi, hədələr altında saxlaması əhəmiyyətini itirərdi. Gerçəkdən insan Allah məzmununu dərk edərək həyatda qurucu əməllərin yiyəsi olardı. İnsan özünü Allahın əlindən almaqla həyatda müqəddəsliyi bərqərar edər, Müqəddəslik mifik obrazlara münasibətdən gerçəkliyə gələrdi. Əslində ən böyük müqəddəslik insanı köləlikdən qurtarmaq əməlidir. Müqəddəslik mütilikdə var olmur, Azadlıqda yaşayır.
Azadlıq – insanlığı dirildən, ictimai həyata ruhani ahəng gətirən müqəddəslikdir.
Din Allahı idarə edir, həyatı ona tabe edir. Allahlıq məzmunu mənasızlaşır. Təxəyyülə hakim kəsilən Allahla Mütləq arasında təzad yaranıb. Allah hökmdarlaşdıqca Mütləqiliyini itirib. Bu səbəbdən də Allahın üzərində qələbə çalmaq həyat üçün xilas rolu oynayar. Bunun üçün ardıcıl insanilik əməlləri gərəkdir. İnsanilik əməlləri fərd qüdrətinin aşkarlanmasıyla gerçəkləşir. Ölümsüzlük də elə bu qüdrət deməkdir.
Allahın təsirində ruh dirilə bilmir, ruhsuzlaşma həyatı bürüyür. Həyatda əbədiliyə inam aradan qalxır.
İnsan qüdrəti üzə çıxanda din ona kafir dedi və gözdən salmağa girişdi. Gözdən salmağa nail ola bilmədikdə onu ya öldürdü, yəni urvatdan saldı, ya da özününkü elan edərək uydurmağa başladı. Din Asif Atanı, onun Ruhaniyyat Ocağını özününkü elan etmək istəməz, edə bilməz! Çünki Asif Atanın dinlə heç bir ortaqlığı yoxdur. Ona görə də din İnam Ocağını gözdən salmağa çalışacaq. Dinin hürufilərlə, sufilərlə müəyyən ortaqlığı var. Hərçəndi sufilik də, hürufilik də dindən xeyli yüksəyə qalxa bilmişdilər. Bu səbəbdəndir ki, Nəsimiyə müsəlman damğası vurmağa çalışanlar uğur əldə edə bilmədilər. Mütləqə İnam dini bütövlükdə rədd edir, yəni onunla paralel olmağı qəbul etmir. Ortaqlıq üçün heç bir əsas vermir, əl yeri, barmaq yeri belə qoymur. Bu isə özlüyündə dinin Allah obrazı üzərində insanın qələbə çalması üçün ciddi bir imkandır. Asif Ata imkansızlıqdan imkan yaratdı. İndi bu imkanı gerçəkləşdirə bilmək imkansızlığını ötmək gərək!
Biz deyirik – türkün öz İnamı yaranıb, öz Peyğəmbəri var. Deyirlər onda gərək hər millətin öz İnamı, öz Peyğəmbəri olsun. Bunu deyənlər türklərdir. (O birilər bunu eşidəndə, şübhəsiz, onlar da deyəcəklər). Bu deyiliş zahirən idraklı bir məntiqə oxşayar: olanı yaşatmaq əvəzinə, yenisi üçün çalışmağa nə hacət?
Olan yaramırsa, yenisi yaranmalıdır və «hər millət özü üçün inam yaratmalıdırmı» məntiqi ilə kimsəni suçlamaq doğru deyil. Axı İnam yaratmaq asan bir iş də deyil! Asif Atanın təbirincə, min ildə bir dəfə Peyğəmbər yaranır. «Hər millətin» yeni dünyabaxış yaratmaması qəbahət də deyil. Qəbahət odur ki, bir millət özünün yaratdığı ideyanı, ideologiyanı siyasi məqsədə çevirib başqa millətlərin özəlliklərini ləğv etməyə girişir, imperiya qurur, ictimai inkişafın qarşısını alır. Bir millət başqa millətin dünyabaxışını qəbul edə bilər, özünün milli varlığını qorumaq və özəl gələnəklərini inkişaf etdirmək şərtilə. Özgələşdirmə tələbi ilə gələn istənilən ideya rədd edilməlidir.
İndi qayıdaq türk məsələsinə. Ərəblərin və türklərin yaradılışa baxışı, münasibəti eynidirmi?! Bu gün eyni dinə itaət etdikləri üçün zahirən baxış da eyni görünür. Türkün qədim tanrıçılığını ərəbin allahçılığı ilə eyniləşdirirlər. İddia olunur ki, türklər allahçılığı müqavimətsiz qəbul ediblər, çünki tanrıçılığın davamıdır. Bizim baxışımıza görə, allahçılıqla tanrıçılığın heç bir ortaq qovşağı yoxdur. Tanrıçılıq panteizm kökənli bir baxışdır. Tanrıçılıqda fərd vüqar istəyir, allahçılıqda əvvəldən axıra mütiliyə sürünür. Tanrı ucalıqdır, Göyün özüdür, insan aqibətinin göyləşməsidir, Allah isə hökmdardır. Səltənət yiyəsidir, insan üzərində nəzarətçidir, fövqəlinsandır.
Heç nə inandıra bilməz ki, vüqar xalqı olan türklər vüqarsızlığa asanlıqla tabe olsunlar. Hələ biz demirik ki, Azərbaycan türkləri Babəkin başçılığı altında illərlə ərəb-islam yürüşünə qarşı mübarizə aparıblar. Bu gün islamın müdafiəsinə qalxanlar onu tanrıçılığa – türk ruhçuluğuna calaq edirlər. Əslində «Allahçılıq elə tanrıçılıqdır» demək – Tanrıçılığı heç eləməkdir. Əgər belədirsə, onda Allahçılığa nə ehtiyac vardı?! Ərəblər tanrıçılığı qəbul edib türkün dalınca gedəydilər.
Bütün hallarda türkü, onun yaratdıqlarını aşağılamaq var. Türk müqavimətsiz Allahçılığı qəbul edibsə, o deməkdir ki, Allahçılıq mükəmməl, Tanrıçılıq qeyri-mükəmməldir.
Biz hesab edirik ki, türk öz yaratdıqlarına yiyə durmayıb, onun üzərində düşüncələrini inkişaf etdirməyb. Bu səbəbdən də ictimai həyatında boşluq yaranıb. Bu boşluğa yad baxışlar dolub və türkü öz gələnəklərini dəyişdirməyə zorlayıb. Türk yaratdıqlarının dalında duraraq, onları inkişaf etdirməyib. Türk fəlsəfə yaratmayıb, dünyanı fiziki fəth edib. Türkün filosofları olmayıb, bu səbəbdən də yad baxışlar, yad mədəniyyətlər onun fiziki fatehliyinə son qoyub. Türk fatehlərinin başı üzərinə qaldırmağa öz ideya bayrağı olmayıb, başqa baxışların bayrağını qaldırıb. Millət fatehlərlə deyil, dəyərlərlə var olur. Kənardan gətirilən dəyər isə onun varlığına təminat vermir. Ərəblərin yaratdığı Allah obrazı türkü idarə edə bilmədi, başqa sözlə, ərəb psixologiyasına söykənən türk öz həyatını qura bilmədi. Türkün tabe olduğu Allahda türk ruhu, türk yönü yoxdur, o sırf ərəb ruhlu, ərəb yönlüdür. Başqasının paltarını geyinməklə gözəl görünmək istəyi varlığın təbii estetikasını dərk eləməməkdən irəli gəlir. Özgənin ruhunu özünə yol eləmək də beləcə və daha pis! Başqasının ruhuna (insani keyfiyyətlərinə) doğmalaşmaq ayrı şeydi, başqasının təsirilə ruhsuzlaşmaq, onun kölgəsinə çevrilmək ayrı şey. Öz ruhunu aşkarlamayan, yaratmayan başqasının ruhuna da doğmalaşa bilməz; öz baxışı, fəlsəfəsi olmayan türk azadlığa, öz qövmlərinin birliyinə nail ola bilməz.
Mütləqə İnam baxışı, fəlsəfəsi bunun üçün vaxtında gəlmiş və qaçılmaz bir əsasdır, fürsətdir. Mütləqə İnam sistemi ərəblərlə türkləri millət kimi ayıran sərhəddir. Milli sərhədi bərpa eləməyincə türk öz varlığını, kimliyini dərk eləməyəcək, öz boyunu tam göstərməyəcək.

Milli problemlər mürəkkəbləşdirildi

Bəşər milli məsələni həll edə bilməyib, bilmir. Nə din, nə siyasət, nə elm milli məsələni həll etməkdə bəşəriyyətə dayaq olmadı. Bu gün bu məsələni problem kimi saxlayan siyasətdir. Siyasət özü bəşərin problemidir. Xalqlararası münasibətlər humanizm əvəzinə, ağalıq-nökərlik üzərində qurulduğuna görə güclü-zəif təbəqələr formalaşır. Özlərini qorumaq üçün millətçilik axtarışlarına çıxanlar ya ideoloji rəqabətdə uduzdurularaq susdurulur, ya da savaşlarla çökdürülür. Bununla belə, prosesin qarşısı alınmır, alına bilmir. Çünki «millətçilik əbədi bir ideyadır». Bunun əbədiliyinə xələl gələndə milli problemlər yaranır. Milləti ləğv etməyə girişdilər, dünyanın ahəngi pozuldu. Birrəng bəşər ideyası cəfəngiyyatdır.
İndiyə qədər (Avropa erasında) üç ideologiya bəşəriliyə qarşı olub, başqa sözlə, milləti ləğv etməyə girişib və hər üçü uduzub. Bunlardan biri İslam ümmətçiliyi, digər ikisi siyasi ideologiya olan kommunizm və qlobalizmdir. Bu ideologiyaların başında duranlar millətçiliyi xalqlararası düşmənliyə aparan yol kimi qələmə veriblər. Halbuki bu ideologiyaların hər üçü imperiya yaradıb, xalqlararası ixtilafları isə daim körükləyiblər. Millətçilik isə imperiyaçılığın qabağını kəsən çox gözəl bir humanizm kimi çıxış edir. Milli məsələnin həlli millətçilikdən keçir. Millətçilik insanlığın gəlişdiyi bir hadisədir. Və o, milləti bəşər eləməyə xidmət göstərir. Yalnız bəşər olmaq istəməyən – imperiya olmaq istəyir. Bu istək başqa millətlərin xəlqi dəyərlərinə zərər yetirməklə gerçəkləşir. Əslində bu zərər zahirən görünmür. Çünki imperiya özünü xalqların problemini həll eləyən kimi göstərir. Əvvəl ayrı-ayrı millətləri bir-birinə qarşı salışdırır və özünə müdaxilə imkanı yaradır. Bir-birinə düşmən saxlamaqla onların üzərində hegemonluğunu təmin edir və bunu hər vasitə ilə qoruyur. Dünya imperializmini qoruyan qanunlardan biri məhz «azsaylı xalqların hüquqlarının qorunması» adlanır. Zəmanəmizdə ağalıq sərhədlərini günbəgün genişləndirən Amerikanın istifadə elədiyi ən güclü silah – «humanizm» görüntüsü yaradan bu müddəadır. Biz bu cür humanizm donu geydirilmiş ideyalara «ağalıq qanunları» deyirik. «İnsan haqlarının qorunması» da məhz ağalıq siyasətinin tərkib hissələrindən biridir. Bu cür çağırışlar həm də güclülərin militarizm siyasətini pərdələməsi üçündür. Ağalıq ehtirası ilə yaşayanlar sürətlə silahlanırlar və yeni müstəmləkəçilik siyasətini həyata keçirmək üçün qarşıya çıxan maneələri dəf etməkdə çətinlik çəkmirlər. Onlar açıq zor göstərməkdən qətiyyən çəkinmirlər. Zorun çılpaqlığı qarşısında ona başqa adlar qoymaqla, obrazlı desək, tül pərdə çəkirlər. Zorun üzü tutqun göstərilməklə aldadıcı manevrlər edilir. Balaca sayılan dövlətlər güc qarşısında zəifliklərini öz cəmiyyətləri qarşısında etiraf etmirlər. Bu tip dövlətlər zoru görməmək siyasəti yürüdürlər. Güclü-zəif arasında formalaşan belə münasibətlər kapitalizmi qorumağın başlıca şərtidir. Kapitalizmdə vətənsevərlik, xalqsevərlik ləyaqəti var ola bilmir. Dövlətin başında duran kapitalist deyil, vətənpərvər bir kəs olarsa, o, zoru açıq göstərər, ifşa edər və xalqını böyütməyə çalışar. Bu o demək deyil ki, güclü dövlətin başında duranlar vətənpərvər fərdlərdir. Əgər onların dövləti güclü, xalqları isə başqa xalqlarla müqayisədə firavan yaşayırsa, bu hal vətənpərvərliyin deyil, zəif dövlətləri qarət etməyin hesabınadır.
Milli məsələlərin qarışdırılması da kapitalizmi qoruyan üsullardan biridir. Baxın, İsrail dövlətinin yaranması çaşdırıcı fikirlər ortaya çıxarır. Həm qədim xalq olan yəhudilərin dövlətə mənsub olmaları tarixi zərurətdir, həm də tarixi cinayət. O səbəbdən zərurətdir ki, xalqların özünüidarə və özünüifadə haqqı var. Fəqət bu haqqın gerçəkləşməsi tükənməz qırğınlarla, qanlılıqla sonuclanmamalıdır. Məsələnin bu tərəfi ciddi düşüncə tələb edir. Yaşadığımız planet dövlətlərin ərazilərinə bölünüb, mənimsənilməmiş ərazi yoxdur. Heç bir xalq öz ərazisinin bir qarışından belə keçmək istəmir. Əksinə, ərazilərini böyütmək üçün biri digərinə qarşı çıxış edir, münasibətlər gərginləşir, savaş səviyyəsinə qədər dərinləşir.
Əcəba, bəlkə buna görə milli məsələlər həllini tapmır? Hamı ərazi istəyir. Oturuşmuş dövlətlər isə vəziyyətin dəyişməsi ilə razılaşmır. Məsələni bu baxımdan araşdırmaq xeyli mürəkkəbdir. Bəlkə bu məsələni aydınlaşdırmaq çətin olduğu üçün dövlətlər bir-birinə qarşı fəndlər işlətməyi gərəkli biliblər? Bəlkə buna görə siyasətin hər şeyə müdaxiləsi bəraət alıb? Əslində milli məsələləri ruhaniyyat həll etməliydi. Amma bu iş siyasətin ixtiyarına verilib, siyasət də yuxarıda dediyimiz kimi, məsələni həll edə bilmədiyindən daha da mürəkkəbləşdirib. Biz bu mövzunu bəzi cəhətlərdən çözməyimiz üçün Yəhudi problemini misal göstərdik. Halbuki bəşəriyyətin bu tip problemləri yetərincədir. İntəhası, problemlərin yerinə, yaranma tarixinə, təsir miqyasına baxmayaraq, hamısının bir anlamı var. Birinin ədalətli həlli hamısı üçün açardır. İşin pis cəhəti ondadır ki, yəhudilərin dövlət qurması Amerika imperializminə xidmət edən bir proses kimi başladı və ərəblərin etirazına, müqavimət göstərməsinə səbəb oldu. On illərdir bu problem həllini tapmır, tapmayacaq. İraq, Türkiyə, İran, Azərbaycan dövlətlərinin ərazilərindən qoparmaqla Kürdüstan yaratmaq istəyi də Amerikanın ağalıq planlarının tərkib hissəsidir. «Azsaylı xalqın haqqını qorumaq» adıyla adı çəkilən dövlətləri haqsız çıxarmaq, onların gücünü azaltmaq və idarə etmək. Balaca xalqları «qorumaqla» böyük xalqları iflic eləmək milli problemləri daha da mürəkkəbləşdirmək əməlləridir. Böyük xalqların işini çətinə salmaqla hansısa bölgədə sabitlik yaratmaq, əlbəttə, mümkün olmaz. Böyük xalqların içəridən qarışdırılması onun özünü qoruması tələbini doğurur. Təəssüf ki, özünüqoruma ağaların cərgəsinə qoşulmaq əməli kimi gerçəkləşir. Bütün cəhdlər bu yöndədir. Hər addımda görürük ki, siyasət rəqabət yaradır. Rəqabət isə normal münasibətlərə əsaslanmır. Ona görə biz ruhaniyyatı qabağa verir və onun yeganə həll yolu olduğunu israr edirik.
Belə bir sual ortaya çıxa bilər ki, ruhaniyyat nə edəcək, azsaylı xalqlara dövlət yaradıb onlara müstəqillikmi verəcək? Öncədən demək lazımdır ki, siyasi məqsədlərlə yaradılan dövlətlərin heç biri müstəqil deyil. Məsələn, İsrail, yaxud Ermənistan. İsrail ABŞ və başqa Qərb dövlətləri tərəfindən ərəbləri parçalamaq, əsarətdə saxlamaq üçün yaradıldı. Yarandığı tarixdən İsrail dövləti müstəqil olmayıb, daim idarə olunur. Bu ölkənin əhalisi də dincliyin nə olduğunu bilməyib. 50 ildir bu xalq sərmayəçiliknən, militarizmnən məşğul olur, heç bir insani, bəşəri keyfiyyət aşkarlanmır, heç bir milli-ruhani dəyər yaradıb ortaya çıxarmır. Bu xalqın bəşər olmaq haqqında düşünməyə vaxtı yoxdur, heç şəraiti də yoxdur. Bəşər olmaq isə silahlı, atomlu olmaqla deyil, ruhaniyyatlı olmaqla mənəvi dəyərlər yaratmaqla təsdiqini tapır. Yəhudi xalqı böyük siyasətin dağıdıcılıq vasitəsinə çevrilib. Bəşəri məzmununu, dəyərini itirdikcə bu xalq, zənnimcə, tarix səhnəsindən çıxmağa doğru gedir. Bu fikirləri ermənilər haqqında da söyləmək mümkündür. Azərbaycan torpaqlarında dövlət kimi quraşdırılan Ermənistan da yalnız savaş aləti kimi istifadə olunur. Öz müstəqilliyi yoxdur, öz varlığı bilinmir. Özünə zorla tarix quraşdırmağa çalışır, zorla var olmaq istəyir. Amma bu da yoxluğa doğru addımlayır. Qətiyyətlə demək olar ki, kürdlərin taleyi də yoxluğa doğru itələnir və s.
İmperializm uğrunda düşünülən siyasət xalqların var olmasına deyil, yox olmasına çalışır. Ən qədim xalq belə yoxluq təhlükəsi ilə üz-üzə gətirilir. Xalqlar yox olmaq istəmirlərsə, ruhaniyyata başlamalıdırlar. O ki qaldı xırda xalqların dövlət qurmaq məsələsi, – bizə görə, hər bir kiçik xalqın dövlət olması heç də zəruri deyil. Böyük dəyərlər yarada bilməyən, müstəqil şəkildə özünün varlığını göstərə bilməyən, özünü qoruyub saxlamağa imkanı olmayan kiçik qövmlərin dövlət olmağa çalışması gərəksizdir. Yaşadığı dövlətdə özünü hansı səviyyədə ifadə edə bilirsə, onunla yetərlənməlidir, muxtar bir toplum kimi böyük xalqa dost olmalı və onun varlığına söykənməyi bacarmalıdır. Layiq olduğundan artığa can atmaq siyasi pozuculuğa gətirib çıxarır, bəşəri nizama ziyan verməklə sonuclanır. İnsani meyarlarla yaşamağı düşünən oyuncağa çevrilməz. Xalqlar (irili-xırdalı) ruhani ünsiyyətlə daha yaxşı dil taparlar, nəinki siyasi rəqabətlə.
Qeyd etdik ki, İsrail dövləti Amerikanın imperiyaçılıq sərhədlərinin genişlənməsinə xidmət edən bir vasitə rolu oynadı. Hərçəndi özünü tərəqqinin dayağı sayan Avropa da imperializmə etiraz etmir və özü də bu imkanlardan yararlanır. İndi Avropa dövlətləri bir mərkəz yaradıb onun ətrafında birləşiblər. Birlik arzu olunan keyfiyyətdir. Lakin necə qələmə vermələrindən asılı olmayaraq, bu dövlətlərin yaratdığı birlik bəşəri nizamı qorumaq üçün deyil, əslində pozmaq üçündür. Fakt göz qabağındadır, – bəşəriyyət parçalanıb; Şərqə, Qərbə bölünüb. Dövlətlər birinci növ, ikinci növ adlanaraq ayrı-ayrı qəliblərə salınıb. Avropa bu vəziyyəti qoruyub saxlamağa yararlı olan beynəlxalq qurumlar, təşkilatlar yaradıb, elmi-texniki tərəqqini ictimai həyatın meyarına çevirib. Qurama azadlıqlar biçimi tərtib edib. Demokratiya adlı ideologiyanı bütün dünyaya əvəzsiz xilas yolu kimi sırıyır. Xalqların özəl gələnəklərini demokratiyaya qurban verdirməklə «inkişafa» təhrik edir. Bu gedişlər Avropaya mərkəz, ağa statusu verməklə bəşəriyyətin digər kəsimini əyalət kimi saxlayır. Şərqin ayrı-ayrı kiçik dövlətlərini «Avropa Evi»nə üzv olmağa çağırır, bunun üçün qarşılarında çoxsaylı şərtlər qoyur. Guya bu şərtlər həmin dövlətləri demokratik səviyyəyə yetirmək üçündür. «Avropa Evi»nə girmək üçün gərək «avamlıqdan», «gerilikdən», «köhnəlikdən» çıxasan. «Avamlıq, gerilik, köhnəlik» də xalqların özəllikləridir!.. Əsl həqiqət isə budur ki, «Avropa Evi»nə girmək üçün gərək mənəvi, ideoloji cəhətdən kiçiləsən. Sənin «Ev» yiyəsi olmağa icazən yoxdur, ancaq xidmətçi rolu oynaya bilərsən. Bunun müqabilində isə sənə ümumi inkişafdan bir az pay ayrılacaqdır.
Bununla da Avropa Şərq dövlətlərini bir-birindən ayırır, birləşməsinə imkan vermir. Və özünə bağladığı dövlətlərlə digər Şərq dövlətlərinə basqı yaradır. Beləliklə, demokratikləşən Şərq dövlətləri bir-birinə düşmən kəsilir. Bəs bu mərhələyə qədər necə, Şərq dövlətləri bir idilərmi, əməkdaş ola bilirdilərmi? Biz görürük ki, Avropa Amerika ilə üzdə iqtisadi rəqabət aparsa da, onun siyasi özbaşınalıqlarını qəbul edir, ona söykənir. Onlar Şərqə qarşı münasibətlərində birdilər. Və bu birlik vahid bir xətt üzrə qorunur. Əlbəttə, Şərqdə bir vaxtlar güclü imperiyalar olub və bu imperiyaların təhdidləri Avropanı daim səksəkədə saxlayıb. Ümumiyyətlə, Avropa təkcə səksəkəli yaşamayıb, həm də (xərac) vergi ödəməli olub. Məsələyə yalnız bu kontekstdən yanaşılsaydı, onda Avropanın bugünkü addımlarına haqq qazandırmaq olardı. Lakin nəzərə alanda ki, bu cür təsir üstünlükləri, əsarət yerdəyişmələri istənilən halda bəşəriyyətin nizamını pozur, onun tamlığına ziyan verir, onda haqqı ya bu, ya da başqa tərəfin ixtiyarına vermək ədalətsizlik olur. Avropa Şərqin yenidən dirçəlməsində müstəbidlik görür, xilafət görür, bu səbəbdən də hər vasitə ilə Şərqin öz xəttində inkişafının qarşısını kəsir. Şərqin inkişafını Avropa özünün əlaltısı kimi saxlamaqla məqbul sayır. Avropa özü insani, bəşəri dəyər qurucusu olmadığı üçün Şərqi dəyərləri rədd edir, məhv edir. Hesab edir ki, bu dəyərlərin qalması və inkişaf eləməsiylə yenidən Şərqin əlaltısına çevrilər. Çünki ruhun təsirə düşməsi ölkənin təsirə düşməsindən qat-qat təhlükəlidir. Ölkəni zor vasitəsilə təsirə salsalar, qısa zamanda zoru yenib təsirdən çıxmaq olar, ruhun özgələşməsilə gələn təsir isə yüzillərə, bəzən minillərə bərabər olur.
İndi qayıdaq Şərqi vəhdətin olub-olmamasıyla bağlı qoyduğumuz sualın cavabına. Nə qədər ki, dünyada imperiya var, imperiyaçılığa meyil var, hansısa mütəşəkkil birlikdən, səmimi qonşuluqdan, ədalətli münasibətdən danışmaq doğru deyil. Şərqin ən yaxşı keyfiyyətləri belə, özü tərəfindən dəyərləndirilməyib. İmperiyaçılığa meyil bu dəyərləri kölgədə qoyub. Ölkənin idarəsini ələ keçirənlər xalqı öz mənafelərini gerçəkləşdirmək yolunda vasitəyə çeviriblər. Şahlığın cazibəsi onu ələ keçirənin ağlını da, ləyaqətini də əsarətə salıb. Dəbdəbəli həyat, eyş-işrət bolluğu hökmdarlarda müstəbidlik həvəsi yaratmış, xudbinlik, mənəmlik ehtirası ilə virançılıq, talançılıq yürüşlərinə sövq etmişdir. Səlahiyyət – fərdi mənafelər imtiyazı kimi mənimsənilmiş, bununla da insani, xəlqi dəyərlərin həyata gəlməsinin hardasa qarşısı alınmışdır.
Tarix boyu insani dəyərlərin yaranması ilə hökmdarların qanlılığı paralel dayanmışdır. Bununla belə Zor nə qədər önə çıxsa da, insanlığı susdura bilməmişdir, zoru bütləşdirməyin mümkünsüzlüyünü dərk və sübut edən hünərlər də yaşamış, var olmuşdur. İstər Qərbdə, istər Şərqdə insanlığa qarşı qanlı əməllər, qanlı fəlakətlər mövcud olmuşdur. Bu əməllər şahların saraylarında hazırlanmış və xalqın içərisinə daşınmışdır. Möhtəşəm səltənətlər qan üzərində bərqərar olmuşdur. Şahlar öz amansızlıqlarına qarşı nifrətinin baş qaldırmaması üçün onu (xalqı) müharibələrə cəlb etmiş və ümumxalq nifrətini qonşu ölkələrə yönəltmişlər. Xalqların bir-birinə qarşı nifrəti bütün dövrlərdə hökmdarlara öz səltənətlərini qorumaq imkanı yaratmışdır. Xalqlar arasında nifrətlə damğalanan münasibətlər hər cür siyasi pozuculuğu gündəlikdə saxlamışdır. Bu cür münasibətlər yaşadığımız dövrdə də qüvvədə saxlanılır. Sivil hökmdarlar da xalqlararası münasibətləri düşmənçilik səviyyəsində saxlamaq üçün hər vasitəyə əl atırlar, hətta xalqların dini duyğularını təhqir etməklə müxtəlif dinlərə tapınan xalqların əzəli düşmən olduqları qənaəti yaradırlar. Süni İslam-Xristian düşmənçiliyi icad eləməklə Şərq-Qərb qarşıdurmasını qoruyurlar. Qəsdən Şərqi İslama bərabər sayırlar və onun müstəbid hökmdarlarını taxtdan salmaqla guya tərəqqiyə imkan yaradırlar. Tarixi abidələri məhv eləməklə Şərq xalqlarının qədimliyini gözardı etmək, qədim mədəniyyətlərin mövcudluğuna kölgə salmaq Qərb siyasətinin əsas hədəflərindəndir. Şərq xalqlarının «geriliyini» sübut etmək, özünün isə «qabaqcıl» olmasını nümayiş etdirməklə Qərb dünyəvi imperializmə bəraət hazırlayır. Şərq hökmdarları – şahları, sultanları nə qədər müstəbid idilərsə, Roma imperatorları, Fransa müstəbidləri, ingilis kralları, alman faşistləri də bir o qədər insanlığa qılınc çəkən vicdansız, qanlı fəlakətlərin yaradıcıları idilər. Guya indi Qərb demokratiya vasitəsilə tərəqqiyə nail olub, Şərq isə hələ də İslam təsirində hökm edən müstəbidlərdən asılıdır. Əlbəttə, elmi-texniki tərəqqi danılmazdır. Fəqət bu tərəqqi insanlığa daha çox zərər verməkdədir. Və siyasi çəkişmələr, əvvəldə qeyd etdiyimiz kimi, heç də «Şərq geriliyinə» görə baş vermir, Şərqi əyalət kimi saxlamaq, həm də təbii sərvətlərini siyasi yollarla qarət eləmək tələblərindən doğur. Biz Şərq-Qərb qarşıdurmasında Şərqi ona görə müdafiə edirik ki, onun bəşəri dəyərləri Qərb tərəfindən inkar olunur. Biz qərbli olsaydıq da, Şərqi müdafiə edərdik. Biz Şərqi İslamdan ibarət saymırıq, onun tarixində, bugünündə mövcud olan müstəbidliyi, hökmdar kultçuluğunu ifşa edirik. Biz dəyərləri müdafiə edirik. Vicdan da var axı. Bəşər bugünkü varlığına görə ən çox Şərqi dəyərlərə borcludur.
Biz dedik ki, Şərq dəyərlər yaradıb, amma bu dəyərlər bütövlükdə ictimai həyatın meyarına çevrilməyib. Onda haqlı olaraq sual ortaya çıxa bilər ki, dəyər ciddi dəyişiklər yarada bilmədisə, onda ictimai tərəqqinin baş tutması necə təsəvvür oluna bilər? Əlbəttə, ictimai proseslər dövlətçiliklə birbaşa bağlıdır. Dövlət hansı funksiyanı yerinə yetirir – yük altına girir, yoxsa yük olur? Bu məsələləri Ruhaniyyat həll edir. Başqa sözlə, Ruhani dövlət yaranmalıdır. Qəti bilmək gərəkdir ki, Ruhani dövlət dini dövlət anlamına gəlib çıxmamalıdır. Din Ruhaniyyat yarada bilmədi, siyasət yaratdı. Bizim ideyalarımızdan da, çıxışlarımızdan da açıq görünür ki, Ruhani dövlət ideyası tarixdəki dini dövlət ideyası ilə eyniləşmir. Dünyəvi dövlət siyasi dövlətdir. Siyasətin fəsadları da göz qabağındadır. Dini dövlət açıq şəkildə müstəbidliyə yarayıb və ruhsuzluq yaradıb. Hər iki halda antiinsani qanunlar, gedişlər cəmiyyəti basqı altında saxlayır. Asif Atanın Ruhani Dövlət ideyası insanlığa xidməti əsas götürür. Dövlət quruluşun tələbləri ilə deyil, insanlığın tələbləri ilə idarə olunanda ruhaniləşir. Ruhaniləşən dövlət xidmət edir, siyasiləşən, yaxud dinçiləşən dövlət idarə edir. İdarə etmək üçün cəmiyyəti kölə, cahil duruma salırlar. Dövlət müstəsna imtiyaz kimi mənimsənilir. Və cəmiyyəti dövlətə xidmət etmək məcburiyyəti yaradılır, zorçuluq bərqərar olur. Ruhaniyyatın məqsədi insandır. Bu səbəbdən də ictimai gedişatın başında siyasət, yaxud din deyil, Ruhaniyyat dayanmalıdır. Siyasət ən yaxşı halda ictimai gedişatın ayağında dayanmalıdır. Dinə isə ehtiyac qalmır, çünki Ruhaniyyat İnama çevrilir.
Siyasət xalqa vasitə, Ruhaniyyat isə məqsəd kimi baxır. Asif Ata xalq haqqında yazır: «Xalq – Müstəqil Fərdlərin birliyidir.
Müstəqil Fərd olmayan yerdə – Xalq yoxdur!
Xalq – Müstəqil Birlikdir.
Müstəqil olmayan – Yox olandır!
Xalq – Ruhani Birlikdir.
Etiqad, İdrak, Əxlaq, dil Birliyi olmayan yerdə – Xalq yoxdur!
Xalq – İctimai Birlikdir.
Təbəqələrə ayrılan, parçalanan, paralanan Xalq – Xalq deyil!
Xalq – Mənşə Birliyidir.
Etnik Vəhdətə malik olmayan Xalq – Xalq deyil!
Xalq – Tale Birliyidir.
Tarixi Birlik olmayan yerdə – Xalq yoxdur!
Xalq – Müqəddəsləşən Torpaq, Vətən birliyidir.
Vətən birliyi olmayan yerdə – Xalq yoxdur!
Bəşər – Müstəqil xalqların Vəhdətidir.
Qeyri-müstəqil xalqlardan yaranan Bəşər – yoxdur!
Bu səbəbdən də Xəlqilik – bəşərilik deməkdir.
Fərdi itirən xalq – özünü itirir.
Xalqı itirən Bəşər – özünü itirir.
Xalqa xidmət edən – Bəşərə xidmət edir.
Bəşərə xidmət edən – Mütləqə xidmət edir.
Xalqlaşan – Mütləqləşir!»

(Yol. Ata sözü. səh.73).

Cəmiyyət

Cəmiyyət – İnsaniləşməlidir.
Şəxsiyyət – özünüidarə səlahiyyətinə malik olmalıdır.
O, Müstəqil Düşüncəyə, İradəyə, Etiqada sahib olmalıdır.
Mütləqiyyət – İnsana ziddir.
Qərb üsul-idarəsi – İnsana ziddir.
Totalitarizm – Dövlət hakimiyyəti – İnsana ziddir.
Ruhani Dövlət yaranmalıdır!
Müstəqil Fərdlərdən Xalq yaradan Dövlət!
Ruhani qanunlara əsaslanan Dövlət!
Xalqı Dünyada təmsil edən və qoruyan Dövlət!
Fərdi cəmin təzyiqindən, cəmi fərdin zorakılığından xilas edən Dövlət!
Ağalıq yox, Hakimlik yox, Atalıq səviyyəsinə yüksələn Dövlət!
Mülkiyyəti Əməkçiyə çatdıran Dövlət!
Fərdi Mülkiyyət bərabərliyi yaradan Dövlət!
İmtiyaz bərabərliyi yaradan Dövlət!
İxtisas bərabərliyi yaradan Dövlət!
Maddini Ruhaniyə tabe edən Dövlət!
İqtisadiyyatı Mənəviyyata tabe edən Dövlət!
Mənəvi Kamilə, Ruhani Başçıya tabe olan Dövlət!
İnsanı itirən Cəmiyyət özünü İnsanda tapmalıdır!»

(Yol. Ata sözü. səh. 74).

Asif Atanın Ruhani Dövlət ideyasına görə dövlətin başında duran şəxsin heç bir maddi imtiyazı olmamalıdır. O, zəruri həyat tərzini, məişət tələbatını ödəmək üçün ona ayrılan vəsaitlə yetərlənməlidir. Başçının zor göstərmək, təsirə salmaq imkanları olmamalıdır. Maddi üstünlüyə can atmamalı, mənəvi yüksəklikdə yaşamaqla öz xalqına xidmət haqqında düşünməlidir. Belə olan təqdirdə xalq öz başçısını eşidər, dövlətini qoruyar. Şübhəsiz ki, kənar təsirlərin müdaxilə imkanları aradan qalxar, müstəqillik elanından müstəqillik gerçəkliyinə getmək baş tutar.
Bəşəriyyətin bugünkü problemli durumu Asif Atanın Ruhani Dövlət ideyasının zəruriliyini açıq göstərməkdədir.

Maddiyyatçılıq ruhaniyyatçılığı üstələyib

Həyat uğrunda mübarizə insani keyfiyyətlərin aradan getməsinə gətirib çıxarır. Cəmiyyətdə yaranmış nizamsızlıqları aradan qaldırmağın yollarını düşünənlər də məsələyə maddi və sosial inkişaf yönündən yanaşırlar. Cəmiyyətin narazılığı əsasən maddi tərəflə bağlı olur. Problemin səbəbi deyil, görüntüsü, – daha doğrusu, nəticə onu düşündürür. Hər hansı bir problemin səbəbini öyrənmək və bunu aradan qaldırmaq isə cəmiyyətin işi deyil, onun içərisindən qabağa çıxanların çiyninə düşür. Qabağa duranların da məsələyə necə yanaşması əsas şərtdir. Cəmiyyətin maddi, sosial tələbatı elə bir problemdir ki, yüzillərdir qalır, heç vaxt bütöv həllini tapmayıb. Çünki maddi problemlərin səbəbini maddiyyatın özündə axtarıblar. Quruluşların bir-birini əvəz eləməsi belə mənəvi tələblərdən deyil, sosial tələblərdən irəli gəlib. Diqqət yetirin: maddi istehsal daim inkişaf edib, bol olub, amma cəmiyyətin maddi tələbatı tam ödənilməyib. İstehsal inkişaf elədikcə problemlər də çoxalıb. Cəmiyyətin zəruri tələblərlə yetərlənməməsi onu təbəqələrə bölüb, təbəqələr arasında (və içərisində) rəqabətlər çiçəklənib, insanın insana inamı itib, sayğısı aradan qalxıb. Bununla da ictimai münaqişələr sellənib gedir…
Kapitalizmi ictimai həyatın yetkin dəyişikliyi kimi düşünürlər, onu son hədd kimi təbliğ edirlər, təlqin edirlər. Pulçuluq ictimai meyara çevrilib. «Hər şey Allahdan asılıdır» deyənlər indi də «Hər şey puldan asılıdır» deyirlər. Doğrudan da Avropada oturuşmuş bəzi nəzəriyyəçilərin «Allah ölübdür» yəqinliyi Allahlı-Allahsız hamını özünə inandırmağa başlayıb. İndi dünyanın hər yerində pulçular hakimiyyətə gəlir. Pulu olmayanı hakimiyyətə yaxın buraxmırlar. Millət vəkili olanlar qısa müddətdə varlanırlar. Millət vəkillərinin qəbul elədikləri qanunlar varlıların özbaşınalığının qarşısını almalıydı. Amma bu vəkillərin özləri də varlıların cərgəsinə qoşulduqları üçün qanunların xəlqi yönünü qoruyan qalmır. Beləliklə, qanunlar birtərəfli işləyir və xalq üzərində misilsiz özbaşınalıqlara imkanlar yaranır. Əsir olan, məhv olan cəmiyyətdə hər kəs bir-birinin əlindən almağın yollarını düşünür. Elə bir mühit formalaşır ki, heç kim kimsəni incitməkdən qorxmur. Həyatın məşəqqətlərini yaşayanlar bu tərəfdən də vicdan əzabı ilə yüklənmək istəmirlər. Pulçulara gücü çatmayanlar bir-birlərini əzirlər. Cəmiyyətdə mənəviyyat süquta uğradığı üçün birlik yoxdur. Birliksiz mübarizə yaranmaz. Mübarizə adıyla qabağa çıxan aydınlar partiya qaranlığına qaçırlar. Partiyaçılıq hakimiyyət uğrunda mübarizədir. Bu o deməkdir ki, ziyalı xalq istəmir, hakimiyyət istəyir. Hakimiyyət uğrunda çalışmaq ictimai mənafe uğrunda çalışmaq görüntüsü yaradır. Hakimiyyətə gələn ziyalı patriot olmur, kapitalist olur. Heç kim hakimiyyətdəki kapitalistin xalqsızlığı ilə döyüşmür, hakimiyyətdən getməsi üçün döyüşür ki, özü də kapitalist olsun. Hamı məmur olmaq istəyir, heç kim zəhmətkeş olmaq istəmir, çünki zəhmətkeş əziləndir, məmur əzən. Əzilmək istəmirlər, əzmək istəyirlər…

Dövlət zor üzərində qurulur

Dövləti zordan xilas eləmək üçün iki mühüm prinsip həyata keçirilməlidir. Bunlardan birincisi odur ki, dövlətin ideologiyası ulusal özəlliklər əsasında formalaşmalıdır. Ölkənin strateji mənafeyi bu ideologiya ilə qurulmalıdır. Eləcə də strateji məqsədlərə yönəlik hədəflər tam aydınlığı ilə müəyyən olunmalıdır. İkinci prinsip ondan ibarətdir ki, dövlətin idarəçiliyinə xadim, vətənpərvər, mənəvi yüksəklikdə dayanan şəxsiyyət gətirilməlidir. Dövlət rəhbərliyinə pulluların, pulçuların gəlişi mümkünsüz olmalıdır. Pula xidmət eləyən dövlətin ulusal (milli) mənafeyini qoruya bilməz. Pulçunun xalqla ali təması yaranmaz. Xalq aldadılanda, talananda dövlətə rəhbərlik edənlərlə yanaşı, dövlət özü də gözdən düşür. Dövləti xalqa qarşı işlədən pulçular içəridə dövlətin dayağını, müdafiəsini itirir. Kənar qüvvələr müxtəlif vasitələrə əl ataraq xalqla dil tapır və onu öz dövlətinə qarşı çevirir. Sonucda ölkə formal müstəqillik səviyyəsinə düşür.
Kənar təsirlərdən qorunmaq üçün dövlət rəhbərləri zərərli güzəştlərə getməli olurlar. Bu güzəştlər xalqı iflic duruma saldıqda etirazlar başlayır və dövlət xalqa zor tətbiq etməli olur. Zahirən kənar dövlətlər beynəlxalq təşkilatlar vasitəsiylə zora qarşı çıxış edirlər, əslində zorçuluğa vadar edirlər, zorun əhatəsini genişləndirirlər. Bu, bütün dünyada belədir. Sadəcə güclü dövlətlərin zoru zahirən az görünür, zəiflərin zoru isə qabarır. Çünki güclülərin zoru ən çox zəiflərə qarşı yönəlir, zəiflərin zoru isə öz xalqına qarşı…
Zorun özünə qarşı çevrilməməsi üçün rəhbərlər humanist görünən elanlar verirlər. Vicdan azadlığı ideyası yalnız qanun kimi yazılmaq üçündür. Həyatda bunun heç bir əməli təsiri yoxdur, yaxud o qədər cüzidir ki, bu da özlüyündə şərin xeyrinə işləyir. Vicdan azadlığı sözün doğru anlamında qəbul edilsəydi, şərait dəyişdirilər və azad, ədalətli cəmiyyət qurulardı. Hakim təbəqə azadlığı elan edir ki, gerçəklikdə o baş verməsin. Çünki onun baş verməsi hakim təbəqənin, – ümumiyyətlə, təbəqəçiliyin devrilməsi deməkdir.
Hakim təbəqə sadə əhalinin mistik təsəvvürlərdən nəşələndiyini əsas götürərək dini gedişlərin üzünə daha geniş qapılar açır. Bununla da din və vicdan azadlığını təmin etmiş görünür. Beləliklə, zorun uzunömürlüyü bu yöndən təmin olunur. Əslində ən böyük vicdançılıq – kor-koranəliyi aradan qaldırmaq və ictimai tərəqqiyə yol açmaqdır. İctimai tərəqqi təbəqəçiliyin varlığını qoruyan hər cür vasitələrin ləğvi üzərində intişar tapar. Təbəqəçiliyi dövlət səviyyəsində yaşatmaqla onun genişlənməsi üçün qanuniləşdirilmiş əməllər hazırlayıb həyata keçirirlər.
Riyakarlardan, yaltaqlardan, satqınlardan ibarət boşboğazlarla əhatə olunmuş «hakimiyyət xalqı» formalaşır. Hakimiyyətdəkilər xalq deyəndə elə bunları nəzərdə tutur, bu qəlibə daxil olmayanları ekstremist azlıq kimi qələmə verirlər.
Əks qütbdə isə aldadılan, alçaldılan, əzilən, yeni hakimiyyətçilər üçün qurbanlara çevrilən bölüm dayanır. Bunları da «müxalifət xalqı» adlandırırlar. Guya müxalifət haqqı ayaqlananların haqqını bərpa eləmək üçün çalışır. Bu cür başıpozuq gedişatda vətən – xalqsız, insansız, yiyəsiz duruma düşür.
Bir tərəf o biri tərəfin mövqeyini ifşa eləməklə özünü haqlı göstərir. Hakimiyyət xalqı əzməkdə suçlanır, müxalifət xarici qüvvələrin istəklərinə uyğun addım atmaqda. Əslində hər iki suçlama doğrudur. Lakin nəticə yoxdur axı! Çünki ölkənin idarəsində sabit meyar yoxdur. Dəyişiklik quruculuq yönündə deyil, dağıdıcılıq yönündə baş verir. Nə qədər ki, cəmiyyətdə daşlaşmış antiinsani qaydalara qarşı dirənişə risk edənlər yoxdur, tərəflərə bölünənlərin bir-birini tənqid etməsiylə cəmiyyəti inkişafa aparmaq olmaz. Rəqibləşməyə xidmət edən tənqid adiləşir, zərərsizləşir və gözdən düşür. Belə olan təqdirdə tənqid yolu seçənlər suçu xalqda axtarırlar və xalqın heç nəyə yaramadığını dilə gətirirlər. Həqiqətdə isə cəmiyyətin səviyyəli, yaxud səviyyəsiz olmasının burada heç bir rolu yoxdur. Hesab edək ki, cəmiyyətin səviyyəsi yüksəkdir, onda ayrı-ayrı rəqibləşən qrupların cəmiyyətə təsirindən söhbət getməməlidir. Yaxud hesab eləsək ki, cəmiyyətin səviyyəsi aşağıdır, onda cəmiyyət bütövlükdə rəqibləşmə meydanına çevrilər və hansısa milli qalxınma baş verməz.
Avropa demokratiyası əyalət səviyyəli xalqlarda elə tərbiyə formalaşdırır ki, bu səviyyə ilə yaşayan xalq ictimai inkişafdan məhrum olur və kənar qüvvələrə (dövlətlərə) əyalət olmaqla yetərlənir. Sanki hər şey təbii baş verir: «Sən inkişafı bacarmadığın üçün inkişaf etmişlərin ətəyindən bərk yapışmalısan». Əyalətçilik səviyyəsində status-kvo həm güclülər tərəfindən, həm də zəiflər tərəfindən qorunub saxlanılır. «Əyalət dövlətçiliyi» yaradanlara qarşı mübarizə aparmaq – əslində tam olaraq siyasi əyalətçilik yaramazlığına qarşı aparılan mübarizənin əsasını təşkil etməlidir. Azadlığa qovuşmağın yolu budur. Müstəmləkəçilik bütün cəmiyyətin halına hopur və daşlaşır. Bununla barışmaq olmaz.
Azadlıq ideyası ayrı-ayrı şəxslərin qəlbində baş qaldıran bir ehtiras, eşq hadisəsidir. Dalaşqanlıq tənqidçiliyi səviyyəsində isə belə şəxslərə rast gəlmək mümkün deyil. Cəmiyyətin içində guya cəmiyyət üçün mübarizə aparan qüvvələr (məsələn, siyasi müxalifət) əslində azadlıq ehtirasından məhrum olmuşlardır. Onlar cəmiyyət üçün kənarda quraşdırılıb ölkəyə gətirilən azadlıq komediyasının aktyorlarıdır. Cəmiyyət yalanlarla o qədər çaşdırılır ki, aktyorluqla aşiqlik qarışıq salınır. Ona görə zor fədakarlara qarşı faciələr hazırlaya bilir. Təəssüf ki, xalq üçün gərəkli insanlar həmişə tarixdən oxunur, sonradan bilinir, sonradan dərk olunur. Lakin tarix cəmiyyəti səfərbər eləmək, iş görmək iqtidarında deyil. Ən yaxşı halda tərbiyəvi örnək ola bilər. Bu səviyyədən dərs götürmək və böyük mübarizəyə başlamaq, əlbəttə, bütün dövrlərdə baş tutan hadisə deyil. Mübarizə üçün zaman tələb olunur, yeni ehtiraslar baş qaldırmalıdır. Odur ki, cəmiyyət bütün dövrlər üçün ayıqlığa hazırlanmalıdır.

Vətənsizlik ictimai bəlaya çevrilib

Təbiət vətən kimimi bilinib, istehsal sahəsi olan təsərrüfat kimimi? Həyatın bioloji tərəfi də var, mənəvi tərəfi də. Ona görə də bu sualın cavabı yönündə düşüncələr, mülahizələr subyektiv xarakter daşıya bilər. Əlbəttə, bu cür suallara əsasən fəlsəfə cavab verir. Və fəlsəfənin özünü də subyektiv mövqe hesab edirlər. Məsələyə kim hansı meyarla yanaşır?! Bununla belə, həyatla bağlı çox məsələlər var ki, fəlsəfə subyektivlikdən kənara çıxıb və aydın mövqe ortaya qoyub. Bu isə o vaxt mümkündür ki, fəlsəfə elmlə birgə işləyib. Başqa sözlə, fəlsəfə dəqiqlik üçün elmdən istifadə etməli olur. Bəlkə bizim başlanğıcda qoyduğumuz sualın doğru cavabı üçün fəlsəfənin tarixdən istifadəsi gərəkdir?! Bizim məqsədimiz sualın tarixi həqiqətini sübut eləmək deyil, vətənsizlik bəlasının köklərini öyrənməkdir. Təbiətdə məskunlaşdığı yerlər xalqların təbii haqqına çevrilib. Halbuki xalqlar heç öz haqqları ilə yetərlənməyib, torpaq uğrunda müharibələr aparıb, biri digərinin torpağını əlindən alıb. Bu proses bu gün də davam edir. Hansı baxımdan yanaşmaq burada həqiqəti ortaya çıxara bilər?! Məsələn, mən bu problemi aydınlaşdırmaq istəsəm, deyə bilmərəm ki, türklüyüm, milli təəssübkeşliyim burada rol oynamayacaq. Yaxud da hansısa bir rus, ingilis araşdırıcısı ölkələrin ərazi çəkişmələrinə münasibət bildirəndə mənsub olduğu millətin mövqeyindən çıxış etməyəcəyini demək çətindir. Eləcə də məsələyə münasibət bildirənin soydaşlarının da onu qəbul edəcəyi, etməyəcəyi birmənalı olmur. Burada hər kəs milli mənafedən çıxış etməyə üstünlük verər. Bu cür yanaşma isə o halda vətənpərvərlikdir ki, milli mənafe sayılan baxış insani, bəşəri meyara uyğun olsun. Çağdaş dövrdə bu məsələyə kosmopolit, beynəlmiləl bir baxışla da yanaşanlar var. Belə yanaşanlar adətən öz ulusunu suçlayır, hesab edir ki, onun (həmin fərdin) yanaşması daha obyektivdir. Çox vaxt belələrinə beynəlxalq mükafatlar verirlər. Belə yalançı humanizmə aldananlar indi dəbdədirlər. Onlar həqiqətə deyil, beynəlxalq mükafatlara üstünlük verirlər. Bu mükafatlar əslində təcavüzkarlığı ört-basdır edir. Məsələn, Orxan Pamuk adlı bir Türkiyə yazarı ermənilərin Türkiyə tərəfindən soyqırıma uğradılmasını yazır və Avropada ona Nobel mükafatı verirlər. Onun kosmopolit ruhlu əsərləri ilə Türkiyəni suçlamaq faktı birləşib Nobel mükafatı əldə edir. Avropanın siyasi, təcavüzkar məqsədlərinə xidmət edən bir fərdin baxışını obyektiv həqiqət kimi qəbul eləmək, əlbəttə, doğru deyil.
Kommunizm beynəlmiləlçiliyi ayrı-ayrı ölkələrin sərhədlərini pozaraq böyük bir «Vətən» yaratmışdı. Ayrıca öz vətənləri haqqında danışanları məhv edə-edə Vətənçilik meyarını təhrif etməyə çalışdılar. Qondarma Vətən obrazı yaratmaqla əslliyə qarşı addım atıldı. İnsanın ağlından öz Vətən obrazını silməklə yabançı vətən təlqin eləmək kommunizmin manqurtlaşdırma siyasəti idi.
İndi Vətənsizliyin yeni dalğası başlayıb. Avropadan gələn bu dalğa sərhədlərin aradan qaldırılması, kürəsəlləşdirməklə «vahid dünya» cəfəngiyyatı uydurmaqla yayılır. Bu gedişat bəşəriyyətin vətən yaratmaq ənənəsinə qarşıdır. Xalqlararası münasibətləri asılılığın doğurduğu müstəmləkəçilik səviyyəsinə gətirib çıxarırlar. Siyasi hegemonluğa can atan dövlətlər digər dövlətlərin sınırlarını pozur, hamının vətənini bir-birinə qatmaqla «vahid dünya» quraşdırırlar. «Vahid dünya» hamının vətəni olur. Vətənsizliyin bundan fəlakətli durumunu düşünmək mümkün deyil. Vətənsiz xalqın taleyi evsiz kişinin taleyi kimidir. Əslində sərhədlərin aradan qalxması ideyası zəif dövlətlər üçündür. Zəif dövlətin sınırları ideoloji cəhətdən mühafizəsiz olduğuna görə güclülər üçün açıq olur. Axı sınırları yaradan təkcə tikanlı məftillər və hərbi qüvvələr deyil, həm də xalq deyilən toplumun mənəvi-ideoloji gücüdür. Bu güc sınanda, sındırılanda sınırlar açıq qalır. Hər xalq öz içini özündən qurmalıdır. Onda Vətən anlayışı məzmununu itirməz. Xalqlar təbiətin məskunlaşdıqları ərazisində həmin məzmuna uyğun yaşayanda bəşər əmələ gətirirlər. Milli-insani dəyərlərlə qorunan xalq sınırlarını itirməz – vətənsizləşməz. Əvvəldə qoyduğumuz sualın cavabı bu məzmuna bağlıdır. Başlanğıcda xalqların necə məskunlaşmalarından asılı olmayaraq, onlar təbiəti vətənə çevirməlidirlər, təsərrüfata yox. Torpağa yalnız təsərrüfat kimi baxanda o vətənliyini itirir. Həyat uğrunda mübarizənin vasitəsinə çevrilən torpaq qoruna bilmir, əldən-ələ keçir, imperiya sınırlarında insandan, – insani münasibətlərin ünvanı olmaqdan məhrum olur. Torpaq vətən olanda onda gözəl təsərrüfat yaratmaq mümkündür. Torpağın ruhani anlamı vətəndir. Onun müəyyən olunmuş sınırları var. Bu sınırların içində xalqın dünəni, bugünü, sabahı yaşanır.

Zərurət

Ayrı-ayrı yaradıcı şəxsiyyətlər, fikir adamları cəmiyyəti, təbiəti, bunlar arasındakı əlaqəni öyrənməklə cəmiyyətin həyatında hansı dəyişikliyi aparmağın mümkünlüyünü göstərməyə çalışıblar. Maraqlıdır, həyatın təbii halı, təbii gedişatı insanı təmin etmir. Və o bu təbiiliyi ötməyə, dəyişməyə yollar axtarır. Əslində bu hal yalnız bioloji, yəni heyvan kimi yaşamağın mümkün olmamasından irəli gəlir. Çünki insan mahiyyətcə ruhani varlıqdır. Bununla belə, cəmiyyətin həyatına müdaxilə etmək həm də nə qədər riskli, məsuliyyətli işdir! Doğru yol, doğru qənaət olmayanda cəmiyyətin həyatında təhlükəli pozuntular meydana çıxır. Çünki cəmiyyət, həyatının kökləndiyi bir haldan başqa bir hala dəyişdiriləndə onun uyğunlaşmasına xeyli zaman tələb olunur. Bu səbəbdən də dəyişiklik – dağıntılarla başa gəlməməli, inkişaf kimi yeniləşməyə yol açmalıdır. Psixoanalizçilər cəmiyyətin həyat nizamında boşluqların yaranmasından çıxış edərək həyatın «təbii halını» qorumağı tövsiyə edirlər. Bu çağırış insana inamsızlıqdan, ictimai tərəqqiyə ümidin olmamasından irəli gəlir. Həyatın təbii halı qabaranda ali duyğular, ali əməllər həyatı tərk edir. Bu məhrumiyyət həyatın tükənməsi deməkdir.
Hesab eləmək olmaz ki, canavar yalnız ac qalmamaq üçün parçalayır. Parçalamaq onun xislətində var, o tox olanda belə parçalayacaq. Parçalamaq həyatın təbii halında mövcuddur. Həyatın təbii halından yüksəyə qalxanda isə insan başlayır. Bütövlükdə götürəndə bəşər həyatında insan hələ başlamayıb. Hələ başlamayanı isə qurmaq əvəzinə vururlar, vurmağı «tövsiyə» edirlər. Ümumən həyatın təbii halında ölüm də dərk olunmur. Ölüm dərk olunmayanda ali həyatın gözəlliyi də bilinmir.
Çağdaş nəzəriyyələr də həyatın təbii halından çıxış etməklə böyük maneələr ortaya çıxarırlar. Tərəqqinin çıxış nöqtəsi kimi milli iqtisadiyyatın mövcud qaydalarla qurulmasını əsas götürənlər bununla müəyyən nizamın yaranması ilə ictimai narazılıqların aradan qalxacağını düşünürlər. Bu da yenə həyatı təbii halında – bioloji vəziyyətdə qəbul eləməkdən irəli gəlir. Sosial problemlərin siyasi səviyyəyə qalxaraq iğtişaşlara, inqilablara səbəb ola biləcəyi təhlükəsindən xoflanaraq siyasi çabalar göstərirlər, mümkün qədər sosial quruluşa bəraət verməyə çalışırlar. Əslində bu əməllər dairəni qapayır. Başqa sözlə, kapitalizmdən sosializmə, sosializmdən kapitalizmə fırlanmaqdan başqa çıxış yolunun olmaması təsəvvürü güclənir. Əslində isə kapitalizmin yaratdığı xaos, anarxiya, özbaşınalıq səviyyəsi ilə sosializmin yaratdığı müti itaətçilik səviyyəsi arasında heç bir mühüm fərq yoxdur. Sosializmin kolxoz qəhrəmanları (qəhrəman traktorçu, qəhrəman pambıqçılar ordusu) ilə kapitalizmin pulçulardan uydurduğu «vətənpərvərlər» arasında heç bir ictimai inkişaf fərqi, insani dəyişiklik fərqi baş verməmişdir.
Əyalət dövlətlərdə bu cür yerdəyişmələr daha gülünc görünür. «Qəhrəmanları» da əsasən əyalətlərdə yaradırlar. Belə qəhrəmanbazlıq komediyaları əslində balacalarda itaətçilik, təslimçilik psixologiyasının əsaslarını möhkəmlədir. Yadların gəlişinə qarşı əyalətdə maneə aradan qalxır və burada yadlıq fövqəladə suverenliyə malik olur.
Yadların suveren şirkətləri əyalət ölkənin iqtisadiyyatını asılı duruma salır və ölkə işğalçı qüvvələrin arzularına uyğun şəkildə «inkişaf» edir.
Cəmiyyəti elə zəlil, qorxaq, kölə durumuna salırlar ki, o öz xəlqi keyfiyyətlərindən əl çəkib özgəçiliyin gücü qarşısında ali həqiqətini yadlığın yalanları arxasında gizləməli olur. Buradan çıxa bilməmək təlqini cəmiyyəti heyvanilik səviyyəsi ilə barışmağa zorlayır.
Sənayeləşən dünyanın ictimai tərəqqiyə münasibəti kapitalizmin anatomiyasını yaradıb. İndi elmi idrak bütünlüklə bu anatomiyanı öyrənib yaşatmağa həsr olunur. Həyatın məzmununa çevrilən kapitalizm öz inkişafı ilə cəmiyyətin mənəvi çöküşünü ört-basdır edir. Buna görə də elmi idrakın yanılmasına qarşı savaş cəbhəsi açan bir idrak gərəkdir. Buna Asif Ata Ruhani İdrak adı qoyub. Və bu idrakla silahlanıb Ruhani mübarizə aparır. İctimai tərəqqinin açarı bu idrak meydanında ruhani şücaət göstərə biləcək insanların əlindədir.
Ruhani idrak yaşamaq uğrunda deyil, həqiqət uğrunda düşünür. Yaşamağın ölçüsü elə həqiqət uğrunda mübarizədə yaranır. Ümumən Ruhani İdrak Ruhaniyyatın həyata hakim olmasına çalışır. Həyatda həm ruhaniyyatın, həm də diplomatiyanın təsiri paralel olmur. Bunların paralelliyinə çalışanda Ruhaniyyat kövrək olur. Əslində Ruhaniyyatın həyatdan geri çəkilməsi baş verir. Bu səbəbdən də Ruhani idrak həyatın bütün sahələrinə müdaxilə etməli, siyasi avantüranı, dini cəfəngiyyatı ifşa etməlidir. Ruhaniyyatın oyunlarla yanaşı yaşaması mümkün deyil.
Biz həyatı öyrəndikcə, bildikcə insanlaşma harayının zəruriliyi qarşısında qalırıq. Bu harayı din səviyyəsində çəkmək mümkün olmadı, yaxud nisbi oldu, ümumbəşəri məna üçün yetərsiz oldu. Asif Ata Mütləqə İnam baxışı yaratmaqla bu harayı çəkməkdədir. Həyatda inamı bərqərar etmək üçün insanlaşmanı dindən yüksəyə qaldırmaq gərəkdir. Yəni insanlaşma məsələsində dinə bel bağlamaq olmaz. Çünki din elə insanlaşdırır ki, bəndələşmə səviyyəsi yaranır. Bəndə səviyyəsi ilə nə Allaha gərək olmaq mümkündür, nə də İnsana.
Eləcə də insanlaşmanı siyasətdən yüksəkdə saxlamaq gərəkdir. Yəni həqiqətçilik səviyyəsində yaşamadan İnamın insani səviyyəsinə nail olmaq mümkün deyil.
Bəndə səviyyəsində naşı inamla cənnət adlı mükafat ummaq olur və bunun üçün mücərrəd Göylərə sitayiş etmək lazım gəlir. Bu səviyyə həyatda heç bir gözəlliyə xidmət eləmir. Din insana səcdə qılmağı küfr sayır. Ona görə də həyatda insanilik baş tutmur. İnsanı yaratmaq və ona səcdə qılmaq İnamın müqəddəs işidir. Bu iş dünyabaxış kimi təsdiqini tapanda dünya ülviyyət işığına qərq olur.
Siyasət insanın müdrik inamından, kamil səviyyəsindən qorxur. Ona görə insani münasibətlərdə xaos yaradır. Xaosdan yanlışlıq, yalınlıq törəyir. Cəmiyyətdə fərdlərin yanılması tarixi-milli faciələrin dərk olunmaması ilə sonuclanır. Xalqa tarixi-milli faciələrin səbəblərini, mahiyyətini öyrətmək, onu ayağa qaldırmaq əvəzinə, hakimiyyətçilik qovğalarının içinə girirlər. Dövlətin rəhbərliyi qovğaçılardan ibarət olur. Onlar «siyasi ziyalı» «seçkinlərinin» əliylə xalqa özlərinin fərasətlərinə pərəstiş aşılayırlar və mistik nağılları dinləməyə alışdırırlar. Televiziyalarda izlədiyimiz verilişlərlə qorxaq, küt, vəzifəpərəst, həqiqətin adı gələndə dizləri titrəyən «ziyalılar» ən yaxşı halda xalqa balaca qəhrəmanlıqlardan, yarımmərifətdən, icazəli hünərlərdən dərs deyirlər. Demokratiya tərbiyəsi xalqı hərcayiliyin, anarxiyanın pəncəsinə itələdikcə zəlil ziyalı təbəqəsi özünü televiziya ekranlarından cəsur, əxlaqlı, bilikli, öyüd verən, nümunəvi kimi aparır. Qəlbi əyrilərin sözləri çaşmışlara (cəmiyyətə) düz görünür. Məlum olur ki, ziyalı təbəqəsi cəmiyyəti ictimai inkişafa aparmaq əvəzinə, ziyanlı gedişlərə təhrik edir.
Saydığımız sonuncu faktlar və bundan sonra da deyəcəyimiz fikirlər konkret olaraq yurdumuz Azərbaycanın ictimai-siyasi həyatında müşahidə elədiyimiz fəlakətlərdən qaynaqlanır. Mütləqə İnamı Azərbaycanda və başqa Türk ellərində zərurətə çevirməyin önəmini anlayırıq və anlatmaq istəyirik.
Azərbaycan özgəçiliyə elə pərçimlənib ki, onun həyatında az qala bütün uzaq və yaxın qonşu ölkələrin ideoloji, eləcə də insani qüsurlarını tapmaq mümkündür. Azərbaycana təsir edən yad mədəniyyətlər məxsus olduqları xalqların qüsurlarını buraya daşıyıb gətirmişlər. Çox vaxt biz özümüzü başqa xalqlardan daşınan qüsurlara görə söyürük və balaca sayırıq. Qüsurlar içərisində biz müəyyənliyimizi, üzümüzü itirmişik. Həyatımıza daxil olan özgəçiliyin üzünə qapımızı bağlamaqla öz qüsurlarımızın nədən ibarət olduğunu daha yaxşı dərk edə bilərik. Bunun üçün Mütləqə İnam bizim xalq olaraq qurulmağımızın başlanğıc və əbədi mərhələsidir. Başqa yollar özünü doğrultmur. Elə təşkilatlanırıq ki, birliyimiz qırılır, səflərimiz pozulur. Maarifçilik kimi görünən əməllər də pozuculuqla sonuclanır. Bu gün Azərbaycan gəncliyinin bir qisminə ən çox kabusların, mistisizmin, mövhumatın, xülyanın tarixini öyrədirlər. Bunu doğru yol kimi, müqəddəsliyə xidmət kimi qələmə verirlər. Digər cəbhədə dayanan gəncliyə isə istehsalın, texnikanın, maşının, kapitalın tarixini, rolunu öyrədirlər. Azərbaycanın mənliyini, şəxsiyyətlərini, bəşəriliyini öyrətmirlər, – bunu gərəksiz sayırlar. Ona görə də yurdumuz labüd şəkildə parçalanır, dağılır. Qarabağ oyunu Azərbaycanın süqut içərisində süquta uğramasıdır. Qərbpərəst müxalifətin Azərbaycan cəmiyyətində şəxsiyyətin ləyaqətinə, azadlığın baş tutacağına, milli birliyin formalaşmasına (öz simasında) dönməz şübhələr yaratması Azərbaycanın süqut içərisində süquta uğramasıdır. Rusiya–Qərb–İran arasında acizanə fırlanan, xalqın özünə, dövlətinə qarşı inamını qəhr edən hakimiyyətin rəzil varlığı Azərbaycanın süqut içərisində süquta uğramasıdır. Bunlar Azərbaycanı inkişaf səviyyəsinə qaldırmadan süquta uğradırlar.
Qarabağ problemi özünün izah olunması baxımından «alimlər» ordusu yaradıb. Problemi izah edənlər çoxdur, onu aradan qaldıranlar isə yox. Problemi siyasi səviyyədə izah eləmək intellekt tələb edir, onu aradan qaldırmaq isə mənəvi qüdrət istəyir, – bu, inam işidir. İnama bağlı olan işlərin arxasında durmaq çox çətindir. Siyasətə bağlı işlərin arxasında durmaq müqayisədə sadədir, asandır. Çünki siyasətdə mövqe dəyişilə bilir, münasibət dəyişilə bilir. Lakin İnam sabit mövqe, sabit münasibət yaradır. Və bir mövqe ortaya qoyub axıra qədər onu müdafiə etmək başqa mənafeləri sarsıdır. Hədəfi bəlli, məqsədi bəlli olan qəti mübarizə şəxsdən, şəxslərdən qüdrət tələb edir. Dəyişkən mövqe isə çeviklik, məharət və biclik üstə gəzişir. Ona görə Asif Ata «düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq» dedi. Ata mübarizəsinin ilk illərində hakimiyyətə gəlməyi, vəziyyətə buradan nəzarət etməyi doğru sayırdı. Şəxsin ədalətli, vicdanlı olmasıyla hakimiyyətin təsir imkanlarını birləşdirmək yalnız o halda xəlqi mənafeyə xidmət edər ki, ideoloji üstünlük yad qüvvələrin ixtiyarında olmasın. Adət-ənənələri hansı ideya formalaşdırır, milli varlığı hansı ideya ifadə edir – bu çox əsasdır. Əgər Asif Ata İnam yaratmasaydı, onun ən zəngin milli təfəkkürü, fəlsəfə yaradıcılığı belə, yurdumuzda hökm sürən yad baxışların yaşamasına yönəldiləcəkdi. Ona görə də o, yaratdıqlarının boşuna getməməsi üçün, daha doğrusu, ulusunun yaşamasına xidmət etmək üçün əsaslı bir ideya – əməl ortaya qoydu. Diqqət yetirin: İnsanlarımız böyük şəxsiyyətlərimizdən, – məsələn, Babəkdən tutub yeriyə bilmirlər. Çünki Babəki olduğu kimi dərk eləmək gərəkdir. Həm də Babəkdən yapışmağa uca boy və hünər gərəkdir. Ki, Babəkin müqavimət göstərdiyi özgəçiliyə yenilməyəsən. Boy və Hünər də Asif Atanın yaratdığı Mütləqə İnam baxışıdır. Bu baxışı qəbul eləməklə qədimliyi yaşatmaq və sabahımızla birləşdirmək mümkündür. Bu gün bizim üçün xalq olmağın başqa yolu yoxdur. Deyirlər islamı türkləşdirmək gərəkdir. Bu nə deməkdir görəsən?! Bu, yol deyil, yolsuzluqdur. Yaxud da deyirlər Avropanın yaxşı cəhətlərini götürmək gərəkdir. Halbuki Avropa yaxşı cəhət verməklə yetərlənmir, özünün bütün yönsüz üsul-idarələrini sırıyır axıra qədər. Böyük dəyər yaratmışıq, bizimkilər onu götürmürlər, amma yadlığın ən primitiv ideyalarını evlərinə buraxırlar. Ünlü alim Fürudin Ağası Alban tarixini araşdırır və mətbuata müsahibə verərək deyir ki, «xristianlığa yiyə durmalıyıq». Alimimiz qədim Alban dövlətində qurulmuş kilsələrin kimə məxsusluğu ilə bağlı olaraq erməni mənbələri ilə mübahisə edir. Əsaslandırmağa çalışır ki, nəinki kilsələri, hətta xristianlığın özünü belə türklər yaradıb. Zaber adlı Alban hökmdarlarından birinə özününkü kimi iddia edən ermənilərə bildirmək istəyir ki, Zaber türk idi və o elə çağdaş anlamdakı «Sabir» idi və s. Adam belə vəziyyətlərdən utanc hissi keçirir. Deməli, əgər Azərbaycan indiki səviyyəsində qalacaqsa, 500 ildən sonra Bakının kimə məxsusluğunu da ayırd etmək müşkülə çevriləcək. Geyim-kecimimiz, məişətimiz, gələnəklərimiz, adlarımız türkü, türkçülüyü ifadə etmir, ruhumuz da əsir. Bu gün ayrı-ayrı alimlər türkü, türkçülüyü tarixi uçqunların altında axtarırlar. Tapdıqları faktları Qədimliyimizin başqa bir dövrü ilə müqayisə edirlər. Çünki bugünümüz heç yoxdur. Bugünümüzü hansısa bir dövrümüzlə müqayisə edib uyğunluq tapmaq mümkün deyil. Müqayisəyə uyğun nəsə tapmaq üçün özümüzə xas olmayan dövrümüzdən tutmalı olurlar. Ona görə çox vaxt tapıntıları uydururlar, calayırlar. Yəqin yüz illər sonra da bugünümüzü tarixin uçqunları altından eşələyib sübut üçün fakt axtaracaqlar.
Bütün bu deyilənlərlə heç də məqsədimiz o alimləri suçlamaq deyil. Nə qədər ki, türkün öz ruhaniyyatı, İnamı bütövlükdə dünyabaxışı və bunun əsasında formalaşan idarəetmə qurumları yaranmayıb, bütün ümidlərimiz tarixlərin uçqunları altında eşələnməkdən ibarət olacaq: – Alban bizimdir, ya yox; Bakı bizimdir, ya özgənin?!.
Ərəb ruhlu İran İslamının zorundan xilas olub ərəb ruhlu Türk İslamı yaratmaq arzulayanlar türkün bəşəriyyətdə yerini görmürlər, dərk eləmirlər. Yaxud da mənliyimizə Avropa hərcayiliyinin hakim kəsildiyi bir vaxtda Xristosçuluğun kökündə türk izi axtarmaq, ona yiyəlik etməyə çağırmaq hansı məntiqə uyğundur və hansı hünərdən soraq verir?! Bu nə dərəcədə qeyrətə sığar bir düşüncədir?! Xristianlığın Avropamərkəzçilik siyasəti boyda yiyəsi olduğu halda, ona yiyə durmaq həvəsi türkə nə vəd edər ki?!
İran özünün imperiya alətinə çevirdiyi İslam istibdadını gücləndirdikcə Güney Azərbaycan məşəqqətlər içinə düşür. Güneyli soydaşlarımız azadlıq istəyiylə ayağa qalxırlar, etiraz edirlər. Hansı etirazları din bayrağı altında baş verir? – Heç biri! Bəzz qalasına yürüş əslində Babəkə üz tutmaqdır. Azadlığı Babəkdən istəyirlər. Bu isə əslində İslama qarşı elan olunmamış müqavimətdir. Axı Babək İslama qarşı döyüşüb. Bütün bunlarla yanaşı, bir həqiqət də var ki, Babəkçilik bu gün üçün hazır ideya sistemi deyil, tarixdir, keçmişimizdir. Babəkdən yenilməzlik öyrənmək olar, amma kitablı, bayraqlı, qurumlu, oturuşmuş bir dinə qarşı kitabsız, Bayraqsız, qurumsuz dirəniş göstərmək mümkün deyil. Bu səbəbdən də türk milləti Mütləqə İnam baxışını qəbul etmək zorundadır. Bu zərurətdən qaçmaq mümkün deyil. Quzey Azərbaycanın ayrı-ayrı mətbuat vasitələrində İranın özbaşınalığına qarşı dözümsüzlük göstərənlərə rast gəlirik. İran Azərbaycanın iç işlərinə qarışdıqca, onu içəridən qarışdırdıqca təhlükə ayrı-ayrı vətənpərvər insanları həyəcanlandırır. Və etiraz edirlər. Lakin necə? – Dindən imtinalar, mətbuatda C.Məmmədquluzadəni, M.Ə.Sabiri, M.F.Axundovu qabağa vermələr. Onların öz zamanlarında dinə qarşı söylədikləri fikirləri, yazdıqları əsərləri təkrar çap edirlər. Çoxları artıq başa düşməyə başlayır ki, İran Azərbaycanın üstünə İslamla gəlir. İslam da Azərbaycanın içində oturduğu üçün İranın gəlişinə qapı açır.
Və başa düşəcəklər ki (tez düşəydilər kaş!), İslama yox deməyin vaxtı çatıb. İçini öz dəyərinlə qurmasan qurulmayacaqsan. Dinə isə yalnız hazır, sistemli, qurumlu, Bayraqlı, Evladlı, Kitablı İnamla yox demək olar. Azərbaycan dövlətinin başında duranlar da İran-İslam təhlükəsinin günbəgün artmasının narahatlığını yaşayırlar. Tez-tez dövlət televiziyası ilə «Babək» filminə müraciət eləmək, əslində xalqın içərisində dayaq, dirəniş axtarışıdır.
Bu zərurəti Türkiyənin taleyində də müşahidə etmək mümkündür. İndiki Türkiyə hökuməti (T.Ərdoğan) ölkənin siyasi həyatında Atatürk prinsiplərini zəiflətməyə doğru gedir. Hökumətin yeni dinçilik siyasəti ayrı-ayrı millətçiləri, o cümlədən Cümhur başqanını rahatsız etməkdədir. Onların tez-tez səslənən ultimativ bəyanatları Türkiyənin taleyində yaranan ciddi təhlükələrdən soraq verir. Bizə görə, Ərdoğan Türkiyənin Qorbaçovu kimi fəaliyyət göstərir. Onun fəaliyyəti Türkiyəni çökdürə bilər. Atatürk böyük çətinliklərlə Türkçülüyü dövlət səviyyəsinə qaldırdı. Dövləti dindən ayırdı, ordunu müstəqilləşdirdi, xalqı milli keyfiyyətlərə yönəltdi. Bütün bunlara qısa müddətdə nail olmaq müşkül idi. Amma Türkiyənin xilası da bunda idi və Atatürk onu elədi. İndi yenidən Türkiyənin varlığını təhdid edən əməllər həyata keçirmək, hər şeyi geriyə qaytarmaq doğrudan da Qorbaçovluqdur. Zənnimizcə, Türkiyənin də xilası yeni dünyabaxışla – Mütləqə İnamla bağlıdır.
Atatürkün zamanında Mütləqə İnam yox idi. Olsa idi, əminliklə demək olar ki, Atatürk Türkiyədən dini tam çıxarardı, İnamı qəbul edərdi. Avropaçılığa isə lap səthi məsələlərdə müraciət edərdi.
Türkiyənin yarandığı gündən bəri ona məhvedici zərbələr vuran Avropanı qapının o tayında saxlamaq üçün belə bir milli-idraki dünyabaxışın (Mütləqə İnamın) qəbul olunması böyük zərurətə çevrilib. İndi Türkiyənin millətçi kəsimi dinçi hökumətə necə dirəniş göstərəcək?! Din xalqın içində oturub, ona görə xalq ona qapı açır. Təkrar Atatürk prinsipləri ilə nələrisə islah eləmək mümkündür, amma din təhlükəsi aradan getmir. Atatürk prinsipləri ilə axıra qədər gedəndə avropaçılığı da yaşatmalı olacaq və Avropanın tələblərindən yaxa qurtara bilməyəcək. Deməli, yalnız Mütləqə İnamı qəbul edən şəxs Türkiyəni yenidən xilas edə bilər! Yol, yön buradır. Etiraz sonucda dirənişə gəlib çıxmalıdır. İnkişaf isə imtina tələb edir. Xalq nədən qurtarmağın gərək olduğunu bilməyincə Qurtuluş davasına qalxmayacaq. Asılılıqda inkişaf etmək yalnız xülyadır.
Biz Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı olaraq, öz sözümüzü deyirik, işimizi görürük. Biz dəyər yaradırıq. Bu cür dəyərin ildə biri yox, yüz illərdə biri yaranır. Bizim zənnimizcə, yaxın bir neçə ilə Güney Azərbaycanla Türkiyə Mütləqə İnamı qəbul edəcək, sonra İnamımız Türk Dünyasını bürüyəcək və ümumşərqi, ümumbəşəri hadisə kimi genişlənəcək.
İnsanlığın xilası, xalqların azadlığı, bəşəriliyin təsdiqi kimi.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var Olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv