Yadigar Türkel. AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ. ANLAMADIM – 4

Professor Şirməmməd Hüseynovla yurdsevər  arxadaşlarının böyük əməyilə ortaya çıxmış ikinci bitiyin 19-cu səhifəsində «Millətimiz özünü göstərəcəkdir! Azərbaycan Parlamentinin tarixinə dair qiymətli kitab» adlı yazını görəndə bir az duruxdum, yazanın Solmaz Tohidi olduğunu biləndə isə acıglandım. Şirməmməd bəyi buna kim, ya nə yönəldib?!
Birincisi, istənilən bitikdən yazılan yazı «Giriş», «Ön söz», «Açıqlama»…, ya da başqa bir adla başlanğıcda verilər. Bunun texnik yanlışlıq olduğunu düşünüb, bitiyin çapında əməyi olan Samir Xalidoğluna sordum. Dedi: «müəllim deyib, belə olmalıdır!».

Belə olması yanlışdır, belə olmamalıdır! Özü də birinci bitikdə olmalı şey ikincidə verilib – desəm də, olanı dəyişmək olmur!

Prof. Şirməmməd Hüseynov doğrudan da böyük yazılmalı ÖYRƏTMƏN, ÖYRƏDƏN olsa da, burada yanılıb! Ancaq bu düzələndir! Düzəlməyən, belə taysız, bişkin bir adamın böyük əməyinə ideoloji yetərsizlik, hay-küyçülük görünən, «Millətimiz özünü göstərəcəkdir! Azərbaycan Parlamentinin tarixinə dair qiymətli kitab»tək pafotik, publisistik, əxz, məhz, sadəcə, rəğmən, vəch, xələf, vüsət, məqam…kimi anlamsız Ərəb sözlərilə dolu «Ön söz» yazdırmasıdır!

ÖYRƏTMƏN düzgün tarixlər, bilim, kültür, ideologiya, ulusal kimlik yayıcısı olan bitiyinin «Ön söz» yerinə ulusuna, elinə, Azərbaycan Respublikasına yaraşan daha sanballı, daha düzgün, daha ideoloji yazı qoydurmalı, onu bu işə ömürlərini verənlərdən Cəmil Həsənli, olmasa, Yadigar Türkel, olmasa, Nəsiman Yaqublu, olmasa, Aydın Balayev, olmasa, Ramiz Abutalıbov, olmasa, Teyyub Qurban, olmasa, Xaliq Bahadır… yazmalıydı. Nə etməli, olub!

Yadıma Əli İbrahimovun FHİ-nin beş bilimçisinin oxumadan adını yazdırdığı «Azərbaycançılıq ideyasının konseptual aspektləri» adlı «ayıb»ı düşdü. Əli İbrahimov sözdə azərbaycançılıq ideyasından danışılan, AMEA-ya, FHİ-yə ayıb olan, bitik çapı kültürünə sığmayan cızmaqarasının üstünə özünün portretini yapışdırmışdır (?!). Portret yapışdırmaq gərəkdi, azərbaycançılıq ideyasını ümummilli lider Heydər Əliyev yaratmışdır deyirsən, onun da fotosunu yapışdıraydın. Sizin Azərbaycan sevginiz sizdən görkəmli ulu öndərinizin dalında gizlənməkdən o yana keçmir! Keçsəydi, Heydər Əliyevə, ailəsinə, İlham Əliyevə… 15 vərəq ən aşağılayıcı sözlər yazmış İlham Məmmədzadə kimi birisi bütün bilinənlərə baxmayaraq, Cəlal Əliyev qovdurandan sonra ikinci yol  AMEA-nın önəmli ideologiya institutuna direktor qoyulub, oranı dağıtmazdı.

Solmaz Tohidinin topludakı ideoloji böyüklüklə dərindən qovuşmayan, publisistik «Ön söz»ündə Azərbaycan Respublikasının Parlamentində çəkişilən konular sıralanaraq: «Parlamentdə dövlət əhəmiyətli məsələlərlə yanaşı, ölkə əhalisinin həyatında gündəlik üzləşdiyi problemlərin, o cümlədən geniş vüsət almış məmur rüşvətxorluğu, neft məhsullarının icazəsiz ölkədən çıxarılaraq qonşu respublikalara daşınması, əmtəə və ərzaq məhsullarının satışının möhtəkirlərin əlində olması və s. bu kimi məsələlərin müzakirələri…» cümləsini oxuyan oxucu Tohidi kimi «törəmə ideoloqlar»ın necə «incə» işlədiklərini görür. Doğrusuna qalsa, bu cümlə çağın «demokratiya dəyərləndiriciləri» İngiltərə, İtaliya kimi ölkələrin dövlət görəvlilərinin də yüksək dəyərləndirib, başqalarına örnən göstərdikləri Azərbaycan Demokratik Respublikasını qaralamaqdır!

Birincisi, bir işin parlamentdə müzakirəyə, (Türkcə baxılmağa, çəkişməyə) çıxarılmasının bir şey, hansısa ulus elçisinin Parlamentdəki çıxışının ayrı bir olay olduğunu bilmək gərəkdir. Azərbaycan Parlamentinin heç bir toplantısında Solmaz Tohidinin dediyi sorunlar çəkişməyə qoyulmayıb. Solmaz Tohidi Azərbaycan Parlamentinin gündəliyinə çıxarılan sorunların ulusal dəyərini göstərmək, olduqca çətin geopolitik, ekonomik ortamda çalışan Azərbaycan Ağalığının etdiklərini düşüncələrə yeritməkdənsə,  buyuruqla işləyən jurnalist kimi danışır.

Türk Ordusu, eləcə də dövlət yetkililərinin rüşvətxorluğu ilə bağlı suçlamalar Azərbaycan Respublikasının Savunma bakanı, general Səməd bəy Mehmandarovun, İç işləri bakanı Xəlil bəy Xasməmmədovun, Qubadan olan ulus elçisi Murtuza Axundovun, Məhəmməd Əmin Rəsulzadənin, Abbasqulu Kazımzadənin çıxışlarında alt-üst edilmişdir. Məhəmməd Əmin bəy Abbasqulu Kazımzadə çıxış edərkən çıxışçının dediklərini gücləndirmək üçün «demoqoji üçün gərəkdi, desin» atmacasını belə atmışdır.

Sözsüz, Rusiya İmperiyasının Rus-erməni-mason yetkililərinin yüz il aşağılayıb, demək olar bütün işlərini rüşvətlə gördükləri bir ortamı –  ölkədə ayrı-ayrı ordu güclərinin olması, ekonomik düzənin dağılması, eləcə də başqa geopolitik nədənlər üzündən rüşvətxorluğu bir anda, bir gündə ortadan qaldırmaq olmazdı…

Solmaz Tohidi Tağıyev fabrikindəki bezin, ya da neft satışındakı, Parlamentə çıxarılmış pozuntuları atasından «dolanacaq pulu» alan  baş bakan Nəsib bəyin böyüklüyü, Bakıda yaşamağa öz evi olmayan baş bakanların arı-duru yaşamı ilə işlək dövlət quruluşlu çağdaş Azərbaycan Respublikasının «böyüklər»inin yolsuzluqları ilə tutuşdursaydı, bilimçitək danışardı. Ancaq nə etməli, qarışdırıcılar işlərini görməlidirlər!

Məhəmməd Əmin Rəsulzadənin Parlamentin 5 fevral 1919-cu il toplantısınadakı çıxışında araqarışdıranlara verdiyi yanıtdan bir parçaya baxsaq, kimin dövlətquran bahadır, kimin yurdunu, ulusunu satdığını anlamayan ağılsız Rus agenti olduğu aydınlaşar: «Şimdi meydandakı əsil mətləbə gələlim. Meydanda olan yalnız sorğu məsələsidir. Bu sorğu əvvəlcə maddələrdən ibarət idi. O maddənin əhəmiyətli məsələsi məmləkətimizin [ölkəmizin] yeganə sərvəti və bütün dünyada məmləkətimizi mümtaz  [sayğılı, üstün] edən neftin müvafiq üsul ilə satılması və bezin xaqla yaxşıca paylanması idi. Bu sorğu əsas etibarı ilə Ticarət və Sənaye Nəzarətinə [bakanlıq, nazirlik] aid idi. Fəqət [ancaq], sorğunu verən əfəndilərin əvvəlcə söylədikləri bu oldu ki, onlar heç bir şəxsi ittiham [suçlama] etmək deyil, sistemi əsasən dəyişdirmək istəyirlər və bunun üçün də bir komisiyon təşkilini təklif edirdilər. Fəqət sorğu veriləndən sonra gördük natiqləri, nəzarətləri bütün ayrı tərəfə [yana] çəkdilər. Ticarət Nəzarətinin üsulsuzluğunu [yöntəmsizliyini, pis işləmə] düzəltmək qəsdi ilə neftdən başladıqları halda əsil mətləbin üzünü xəfifcə [yüngülcə, yavaşca] basdıraraq qorodovoylar üzərində dayandılar (Alqış).

Doğrudur, qorodovoylara əhəmiyət [önəm, dəyər] vermək lazımdır, çınki onlar camaata daha yaxındırlar. Fəqət bunu bilmək layzımdır ki, hamı məsələlər haqqında birdən danışmaq bir nəticə verməz! Bir məsələ meydanda ikən və həll olunmamışkən, digər bir məsələyə keçəmək, necə ki, neft xüsusunda danışan natiq əsil məqsəddən ayrılıb şiddətlə qorodovoy üzərində durur, doğru deyildir!» (Alqış).

Tənqid Parlament əzasının [üyə, üzv]  və hər bir vətəndaşın haqqıdır. Sorğunu elə verməli və o məqsədlə sormalıdır ki, hökumətin qüsurunu düzəltmək və hökumətə kömək etmək olsun, nəinki hökuməti yıxmaq məqsədilə hücum edilsin».

Deyilənlərdən «hökuməti devirməkdən başqa dərdi olmayan» ittihadçı Qara bəy Qarabəyov, sosialist adlanan ağılsız, goca axmag Səmədağa Ağamalı oğlu, Əliheydər Qarayev, İbrahim Əbilov, Hacı Kərim Sanılı kimi dönüklər, Parlamentdəki çıxışlarından uzun illərin çətinliklərindən başının pozulduğu görünən Qasım bəy Camalbəyov kimilər danışıblar. Sonradan «böyük qardaşları»nın öldürdüyü bu dönüklərin, satqınların yanıtı parlamentdəcə verilmişdir.

Məhəmməd Əmin Rəsulzadə bir neçə il sonra «Azərbaycan Cümhuriyəti» bitiyində yazmışdır: «Devrimin ilk günlərində [16 may 1920] Rus Ordusunun ona yapdığı görkəmli qarşılama törənilə Moskvadan Bakıya dönən Nərman [Nərimanov] «Tazə Pir» məscidi alanında ulusa üz tutaraq söylədiyi çıxışında deyirdi: «Ayrıca bir komisiya yaratdıq. Bu komisiya əski Ağalığın bəlgələrini araşdırır. Bir kaç gün sonra sonucu bildirəcək. O çağ siz də görəcəksiniz, nə kimi satqınlar sizi yönətirmiş.

Kaç gün deyil, kaç il keçdi, o komisiya bu sonucu indiyədək açıqlamamışdır. Edəmməz də! Axı, ölkəni İngilislərə satdı deyə suçlanan Ağalığın ulusun hüququndan bir buğda dənəsi olsun yadlara verdiyini bir Nəriman [Nərimanov] deyil, bütün Bolşeviklər bir araya gəlsələr də doğrulayammazlar!» (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyəti. B., 2015, 128-ci s. Yenidən işləyib çap edən, fəlsəfə elmləri doktoru Yadigar Türkel).

                                                                         ARDI VAR

 

*Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv