Türkel Araşdırma Qurumu sunur. Hürufiliyin yaradıcısı Nəiminin 675 illiyi qarşısında

Ocaq Günsırası ilə Yağış Ayının 22-sində (noyabr) Mütləqə İnam Ocağının İnam Evində Hürufiliyin yaradıcısı Nəiminin 675 illiyi ilə bağlı toplantı keçirilmişdir. Toplantıya bir sıra aydınlar, gənclər qatılmış, fikir bölüşümləri etmişlər. Orada keçirilən söhbətlərin yığcam biçimini oxucuların diqqətinə sunuruq.
Soylu Atalı: Öncə hər birinizə çağırışımıza gəldiyiniz üçün çox sağ ol deyirəm. Tədbirin özəlliyi var, o da onunla bağlıdır ki, biz belə balaca bir ünvanda böyük bir şəxsiyyətimizin, böyük bir dəyərimizin 675 illiyi ilə bağlı bir araya gəlmişik. Əslində bu işi dövlət səviyyəsində görməli idilər. Mədəniyət baxanlığı görməli idi bu işi, ancaq nə yazıq ki, böyük məsələlərimiz onların yadlarına düşmür. Hansısa bir addım atsınlar, söz desinlər, onu təbliğ etsin, maarifçilik işi aparsınlar.Azərbaycan gəncliyi də özünün kimliyini bu dəyərlər araçılığı ilə dərk eləsin, üzünü özünə tutmağı bacarsın. Bu yoxdu, bunu bilirsiniz.

Asif Atanın önəm verdiyi məsələ bu gün bizim üçün də, toplum üçün də aktualdır. O “Azərbaycanımız-Azərbaycanlığımız” dəyər sistemi yaratdı. Bu divarda gördüyünüz tabloda hər biri Azərbaycanı ifadə edən bir dəyərdir. Burada Zərdüştçülüyümüz, Dədə Qorqudluğumuz, Babəkliyimiz (Xürrəmdinliyimiz), Hürufiliyimiz (Nəsiminin timsalında), Füzuliliyimiz, Muğamlığımız və Sazlığımız işlənib verilibdir. Bunlar Azərbaycanın özül dəyərləridir. Bir haşiyə kimi deyim ki, vaxtilə bu dəyərlər sadalananda öz-özümə sual verdim ki, görəsən Asif Ata niyə Nizaminin adını çəkmir. Çox sonralar, Atanın ölümündən sonra bu mənim ağlıma gəldi, özüm üçün aydınlaşdırdım ki, Asif Ata Azərbaycanın ruhsal mahiyyətini əsas götürür. Məsələn, adını çəkdiyimiz dəyərlərin hər biri Azərbaycanın ruhsal mədəniyyətini ifadə edir. Nizamidə böyük elm var, böyük təfəkkür var, bu öz yerində. İnsanla bağlı, insanlıqla bağlı ruhaniyyata yönəlik ideyalar bunlarda daha qabarıq, daha ciddidir. Asif Ata da bunu sistem halına gətirib. Onlardan biri Hürufilikdir. Hürufiliyin yaradıcısı Nəimidir. Nəimi ilə bağlı bəs qədər qarışıq, dolaşıq fikirlər səsləndirirlər, hətta Nəimini bizdən saymırlar. Məsələ deyil ki, Nəimi bizdəndir, ya kimdəndir. Məsələ ondadır ki, Nəimi Azərbaycan dəyəridir. Çox sayda çağdaşlarımız onu bizim saymırlar, bunu bizim saymırlar, ora-bura bağlayırlar. Deyək ki, Hürufilik kimi böyük bir olayı.

İslamın xalqın içində cəhalət yaratdığı bir zamanda bizim böyüklərimiz, şəxsiyyətlərimiz ayağa durdular və insan haqqında çox böyük fikir sərgilədilər. Onlar insanı Allaha tən götürürdülər. Bu gün də onu həzm edən yoxdu. Necə yəni, insanı Allaha tən götürməkmi olar, Allah ayrı şeydi.

Hürufilər insanı Allaha tən göturəndə insanın fiziki varlıq olduğunu gözardı eləmirlər. Onun fiziki varlıq olduğu o anlamın arxasında görünür, yəni konkret olaraq, insan yalansızlığa, rəqabətsizliyə, tamahsızlığa yetməsi ilə özündə ilahi keyfiyyətlər formalaşdırır. İçində özünün mənasına bərabər olur, insanlığına tən olur. Allahlıq həm də insanlıq anlamı ilə təndir. Əslində müsəlmanlar da insanı (üzdə deməsələr də) Allaha tən götürürdülər, başqa sözlə, insana ilahi keyfiyyətlər verirdilər. Məsələn, konkret olaraq, dinin yaradıcısı Məhəmməd haqqında o qədər ilahi keyfiyyətlər deyirlər, Əli haqqında, Hüseyin haqqında, başqa şəxsiyyətlər haqqında ilahi keyfiyyətlər deyirlər. Əslində bunlar min illər öncə insanın ağlından gələn, mahiyyətindən gələn Allaha tən götürmək ideyasının təzahürü idi. Şüuraltı o gəlir insanla bir yerdə. Ancaq insan özünü ö qədər küçümsəyir ki, özünü o qədər əskik, balaca tutur ki, o, insanın Allah olmasını dilinə gətirə bilmir.

Bununla belə, dində insana ilahi keyfiyyətlər verilsə də, onun fiziki varlıq olduğu gözardı edirlir. Yəni insana verilən gözəl keyfiyyətlər uydurulur. Məsələn, lap Əli haqqında. Bir qılıncı bir dəfə fırlamaqla 12 adamı belə doğradı. Yəni bu onun gücünə bir işarədir. Güclü olmasına, yenilməz gücə malik olmasına bir işarədir. Yəni fiziki varlıq olan insanın on iki adam boyda bir qılıncı fırlayıb kəsməsi ağıl kəsən bir şey deyil. Ya da Məhəmməd haqqında fikirlər ki, ayı belə böldü, filan şeyi belə elədi, bunlar hamısı insana uydurulmuş keyfiyyətlərin verilməsidir. Hürufilərdə insana verilən ilahi keyfiyyətlər insanlıqla tən idi. Uydurulmurdu o. Bu bizim Azərbaycanımızda yaranmışdı. Bunlar Azərbaycanımızın şəxsiyyətləri idilər ki, doğrudan da, min ilə bərabər söz dedilər. Onlar insanda Allah ideyasını görməklə bəşər həyatında həm də yeni bir aşamaya başladılar. Allah ideyası özü də min illərin axtarışıdır. Ancaq gəlib onlara çıxana qədər Allah ideyası müxtəlif biçimlərdə, müxtəlif anlamlarda sunuldu. Mən bunun haqqında yazı da yazmışam, – insan Allah anlamına özündən obraz verir əslində. Qaçılmazdı bu. Məsələn, hər bir millət özündən Allaha bir obraz verir. Əgər rus “Boq” deyirsə, o özünün rus kimliyindən Boq’a keyfiyyətlər verir. Ya da Yəhudi Yaqova deyirsə, ona öz kimliyindən keyfiyyətlər verir, ərəb Allaha öz kimliyindən keyfiyyətlər verir. Biz Allaha ibadət edəndə, dua edəndə həmin obrazla görüşürük, Allaha verilən orbazla. Bizim şüurumuzda Allaha verilən obrazlar canlanır. Ancaq nə yazıqlar ki, Türk özündən obraz verməyib, kimlik verməyib Allaha. Ona görə də o, Allaha ibadət edəndə, onun şüurunda, onun düşüncəsində canlanan Allah ərəb keyfiyyətləri ilə, ərəb xassələri ilə, ərəb kimliyi ilə etki göstərir. Baxın, çox ciddi məsələlərdir, aydınlıq gətiriləsi məsələlərdir.

Deyirlər ki, semit dinləri monoteist dinlərdir. Mən deyirəm monoteist deyil. Yəni həm təkallahlıdır, həm də təkallahlı deyil. Konkret müsəlmançılıqda həm monoteizm var, həm politeizm var, həm də dualizm var. Nədə özünü göstərir bu? Mən “İnsan Allahdır” ideyasına görə vurğu edirəm bunu. Deyir ki, Allah doğmayıb, doğulmur, təkdir, oxşarı yoxdur… Ancaq dalınca nə gəlir – dinin filan şərtləri var, bu şərtlərin hamısı qəbul olunmalıdır. Bu şərtlərdən biri Allahın mələklərinə inamdır. Yaxşı, bu mələk hardan çıxdı bəs, Allah tək idi. Mələklər Yunan dünyabaxışındakı politeizmin qalıqlarıdır, gəlib onlarda özünü göstərir. Zevs, Poseydon, Hermest Hefest, Apollon allahlardı, baş allah və yardımçı allahlar. Burada mələk yardımçı allahlar qismində çıxış edir. İnsanın çiynində oturub, lövhi-məhfuzda hər şeyi yazırlar. Bu politeizmdir, çoxallahlıqdır. Allahın dərgahı var cənnət adlı, sonra zindanı var cəhənnəm adlı, bunların da qapıçıları var. Yer padşahlığının prototipidir bu. Göyləşdirildi. Adı səmavidi, necə səmavidi bu? Politeizmdən qurtara bilmədilər.

IMG_8347

Bizim babalarımızın, böyüklərimizin tapındığı tapınaqlar aşağılandı, təhqir olundu. Zərdüştdə İşıqçılıq ideyası var idi. İnsan içindən işıqlanmalıdır, onda dünyanın əyrisini düzəldəcək. Arı fikir, arı duyğu, arı əməl ideyası vardı – üçlük. Hansı ki, ondan sonrakı baxışların hamısı ondan bəhrələndi. Baxın, Hürmüzd var, Əhrimən var. Hürmüzd insan üçün döyüşür Əhrimənlə, bunun çox ciddi tərbiyəvi yönü var. Təbiətdə döyüşür, insanın üzündə döyüşür, gözlərində döyüşür, içində döyüşür. Hər yerdə döyüşür ki, Əhrimən ora nüfuz etməsin. İnsanın əlinə, əməyinə, üzünə, gülüşünə girməsin. Əslində Hürmüzd insanda idi, əslində Ənəlhəqq ideyasından min il öncə olubdu. Qıraqda deyildi, göylərə çəkilməmişdi Hürmüzd, göydən seyr eləmirdi, insanın özündə idi. “Həqq mənəm, Həqq məndədir”, burdan bəhrələnib, qaynaq tapıb ordan. Bu cür zəngin ideyalarımız ki, oturuşa bilmədi, insanlarımızın ağlında, şüurunda küçümsənildi, lənətlənildi, elə Hürufilik də onun dalınca. Qorxdular və edam elədilər onları. Niyə? Mən bayaq vurğu elədim ki, təhqir olunur bizim babalarımız, onların baxışı. İslam deyir Zərdüştlük dualizmdi, orda iki allah var. Bu baxış tək Allahlığı şübhə altına alır, ona görə lənətlənməyə layiqdir-filan. Tutalım ki, belədir, bəs onda İblis nə deməkdir? İslamda İblis Allahdan ixtiyar istəyir, sən mənə imkan ver, mən Adəmdən törəyən bəşər övladını sənin yolundan sapdırım. Allah da verir. İblis bizim planetin hökmdarı olur. İnsanın qəlbinə girir, əməlinə girir, insanı yoldan sapdırır. Nə deməkdir bu?! Bizim planetimizin hökmdarı olur İblis, Allah da bunları seyr edir. Hürmüzd seyr eləmirdi, Hürmüzd qana bulaşırdı. Gedirdi çaylarda qanını yuyurdu, təbiət onu sağaldırdı, yenidən insan uğrunda döyüşürdü. Semitlərdə Allah insan uğrunda döyüşmür, Allah insana həqarət edir, hədələyir onu. Baxın, bu özü dualizm deyil, nədir bəs?! İblis özü bağımsız davranır.

IMG_8337

Bizim böyüklərimizdə insanın Allah olması ideyası uzaq qədimliyimizdən, Tanrıçılığımızdan gəlir. Zərdüştdən gəlir, o Zərdüşt ki, onu lənətləyib damğaladılar, necə ki, Hürufiliyi tarixin elə küncünə-bucağına gizləyiblər ki, insanlarımızın diqqətində yoxdur. Konkret olaraq mən ayrı-ayrı aydınları demirəm, bütövlükdə toplumu deyirəm, mən Azərbaycan gəncliyini deyirəm. Azərbaycan gəncliyinin ağlında yoxdur Nəimi. Beş-üç adam da Azərbaycandan gedib oturub Avropanın göbəyində və başlayıb bizim dəyərləri ləkələməyə, böhtanlamağa. Bunlar hamısı, bu dəyərlərə qarşı atılan addımlar, sanki gözə görünməyən əllərlə təşkil olunub. Baxın, insanlarımızın şüurunu necə korlayırlar, guya biz mühafizəkarıq, biz Doğudan başqa heç nə görmürük, biz cılızıq, özümüzü uydurmaqla məşğuluq, Avropa getdi qabağa, biz qaldıq dala. Məsələ elə deyil. Nəimini texnika ilə tutuşdurmaq olar? Asif Ata deyirdi ki, Hürufilərin bir Ənəlhəqq kəlamına bərabər deyil Avropadan olan bilginlərin fəaliyyəti. İnsanın mənliyini elə bir səviyyədə dirildir ki, insan dönüb millət olduğunun fərqinə varır. Öz gəlişməsini düşünür, gələcəyini düşünür, ələbaxan, gözükölgəli olmur. Onun-bunun dalınca sürünən, özünə yekələr axtaran olmur.

Hürufiliyin elmi tərəflərinə toxunmuram, onun elmi tərəflərinə Rəhim müəllim toxunacaq. Hərflərin və rəqəmlərin əsasında Allahın insanda təcəlla tapması ideyası. Ərəb əlifbasının 28 hərfinin sayına bərabər götürürdülər insanın üzündəki cizgilərin sayını. İnsanın üzündə xətlər yeddidir, ikiyə vuranda 14 edir, onun da iki misli 28. Ya da Nəiminin kitabları – “Cavidannamə”si və s. Mən şəxsən “Cavidannamə”ni oxumamışam, ancaq Rəhim müəllimlə söhbətimizdən bəlli oldu ki, deyəsən onunla bağlı kitab yazıb.

İşin mahiyyəti insanlarımızın ağlında oturmalıdır və yiyəlik duyğusu yaranmalıdır. Biz az qala hər yarım minillikdə böyük hadisələr veririk. Xürrəmdinlik tarixdən gələn hadisədir. Yandırdılar onun fəlsəfəsini. Onu mən bilmirəm, Asif Atanın dediyini deyirəm. Asif Ata deyir onun fəlsəfəsi olub, o da onu əsasən fəhmlə deyir. Çünkü fəlsəfə olmasaydı, o boyda böyük bir sistem yarana bilməzdi, bunu əsaslandırır. İndi bunları burda təkrar etməyəcəm.

Yəni o boyda Xürrəmdinlik olayı, ondan az qala yarım min il sonra Hürufilik olayı və bunların hər birinə bizim yanaşmağımız göz qabağındadır. Bu gün də Babəkin haqqında nələr demirlər. Olmazın ifadələr işlədirlər…

 İnsan millət dəyərinin üzərində formalaşır. Biz demirik ki, elə tarixdəki dəyərimizi götürək və qorxa-qorxa ona sığınaq. Tarix zəmindir, o zəmin üzərində gəlişmə var, o zəmin olmasa biz gəlişə bilməyəcəyik, yeriyə bilməyəcəyik. Yeni ideyalar yaranmır. Axı bu xalq qısır deyil, yaradıcı xalqdır. Necə ola bilər ki, Zərdüştü, Xürrəmidinliyi verən, Hürufiliyi verən dayansın. Dayana bilməz, mümkün deyil. Sadəcə olaraq, ayağımızın altındakı zəmini uçururlar. Ona görə biz əlimizi atıb ondan-bundan yapışırıq. Özümüzü görmürük, özümüzünküləri görmürük.

   Bu hadisə, yenə deyirəm, əslində mənim işim deyil, bu Mədəniyyət baxanlığı səviyyəsində ifadə olunmalı idi. Onu təşkil eləməli idilər, geniş yayılmalı idi. Biz məcburuq, 3-5 vətənsevər adam bir araya gəlsin, öz dəyərlərinə yiyəlik duyğusu ifadə eləsin. Gəlişimizin səbəbi də budur ki, biz yiyəlik duyğumuzu bərkidək… Mən sözümü bitirirəm, istəyirəm ki, sizlərə də söz verək.

 IMG_8350

Rəhim Əliyev: Mən Asif müəllimi tanıyırdım, ancaq heç vaxt onun tədbirində iştirak eləməmişəm. Mən sizin işlərinizi izləyirəm həmişə. Öncə doğrusu, o qədər də ciddi qəbul eləmirdim, ancaq indi görürəm ki, Asif müəllimin ölümündən nə qədər vaxt keçib, ancaq işi geniş yayılır. Mətbuatı açırsan, orda materiallarınız gedir. Qəzetlərdə də gedir, başqa orqanlarda da gedir, bu ardıcıllıq böyük şeydir. Mədəniyyət elə şeydir ki, burda elə meyar yoxdur ki, deyəsən hansı yaxşıdır, əsas ardıcıllıqdır. Ardıcıllıq olanda yaxşıdır.

Hürufilik qədər mədəniyyət tarixində bitkin, böyük, zəngin, kitabı olan bir din, təlim yoxdur. Təzə bir şey idi. Təriqət deyildi, bunlar yeni Dünyagörüş idi. Cərəyan da deyil, Məzhəbdi. Yeni bir məzhəb idi, o baş tutmadı. Sizin bu layihəniz də böyük bir işdir. Mən, doğrusu, qibtə edirəm sizin ardıcıllığınıza. Bizim toplumumuza məxsus olan ardıcıllıq deyil. Bizdə çox tələsiklik, ora-bura qaçmaq, yayınmaq var. Məni dəvət elədiyiniz üçün çox sağ olun.

Mən bir kitabça yazmışam, orda da qeyd eləmişəm ki, Hürufilik Azərbaycanda iki adama təsir edib. Onun redaktoru mənə dedi ki, bunu poz, mən dedim ki, saxlayacam. İki adama xüsusi təsir edib, bir Asif Ataya, bir də İsa Hüseynova. İsa Hüseynovun bütün o axtarışlarında, Asif Atanın da sistemində, məktəbində  insan kamilliyində, sizin dediyininz Ənəlhəqq kəlamı, insan məsələsi hürufilikdən gəlir. Doğrusu, mən də sizin kimi bilmirdim, ancaq Türkiyədə qəribə işlər gedir. Orda böyük reformalar gedir. Hürufiliyn kitabları-filan ortaya çıxarılır. Bir Diyarbəkirli Əli Əmiri adında bir nəfər, Osmanlı dövlətinin vergi inspektoru olub, 24-cü ildə ölüb.  Bunların 1500 dənə əlyazmalarını yığıb. Bağışlayıb, İstanbulda Topqapıdadır. Bizim yerlimiz var Türkiyədə, o da götürüb onu çap eləyib, öz adını da yazıb üstünə. Halbuki bu Əli Əmirinin topladığıdır, sən necə onu öz adına çıxa bilərsən. “Hürufi mətnləri kataloqu”. Əsli buralıdır, orda professordur – Gökpınarlı. Sonra bir cavan oğlan çıxıb onu ifşa edib, ancaq  müsəlmancasına, sığalnan, səhvlərini də görstərir, bu oğlan Ərdoğanın reformalarından istifadə edib.

Fəzlullah unikal bir adam olub, bunun bir cümləsi itməyib, 1394-cü ildə öldürüblər Naxçıvanda. Nə qədər desən əlyazmaları var. Xristian muzeylərində də saxlayırlar, müsəlman muzeylərində də saxlayırlar. Özləri də ağıllı idi, hamısı savadlı idi, çünkü Hürufiliyin birinci anlayışı kamil insan anlayışı ilə bağlı idi. “Cavidannamə”də Kamil İnsan Fəzlullahın adlarından biri idi. Yəni bunların əsas kitabı “Cavidannamə” idi. Ancaq Hürufi olmağın əsası o idi ki, insan özündə ilahi əlamətləri duymağı, tapmağı bacarmalıdır. Zikrlə, başqa yollar ilə, özünü təkmilləşdirməklə. Ancaq hər bir adamda ilahi əlamətlər var, çünkü Allah yaradıbsa, xilqətdəndir. Onları həmişə ələ salırlar ki, bunlar hərfləri Allah hesab edir. Fəzlullah deyir ki, Quranda yazılanlar kəlmeyi ilahi deyil, onun katibi yazıb, ancaq hər adamın üzündə Allahdan bir yazı var. Bax o ilahidir, çünkü o xilqətdəndir. Hürufilərdə o prinsip var – özünü müşahidə eləməkdən, yüksək keyfiyyətlər, Allahın əlamətlərini tapmaq, həmçinin ayrı adamlarda ilahi yazıları tapmaq. Ən yetkin, ən ağıllı adamlar Hürufiliyə gəliblər. Çox sayda adamları olub. Hürufilik Azərbaycanla bağlı bir şeydir. Bəziləri başqa şey deyir, Əliyar deyir ki, Astarabaddandı. 1675-ci ildə bir dərviş, bunlarda tərki-dünyalıq da olub, o tərcümə edib “Cavidannamə”ni, onun 5 tərcüməsi Türkiyədə var, Vatikanda var, o çap edilib. Yəni ki, Fəzlullah öldürüləndən indiyə kimi bunlardan bir nəfər Nəsiminin şeirləri çıxıb, Nəimidən heç nə çıxmayıb. Birinci gərək idi ki, “Cavidannamə” çıxsın. Türkiyədə çap olunanda birinci bismillahla verilib. Onu sizə deyim ki, Hürufilər dünyada iki yerə bölünürlər. Dindar Hürufilər var, onlar Hürufiliyi təriqət kimi qəbul ediblər, heç məzhəb kimi qəbul etməyiblər. Bir də Hürufiliyi məzhəb kimi qəbul edənlər var.

IMG_8353

Bizdə Salman Mümtaz olub, 26-cı ildə Nəsiminin kitabını buraxıb, müqəddimədə yazıb ki, onlar universitetlər qurtarmamışdılar, ancaq indikilərdən düşüncəcə sağlam idilər. Türkiyədə də var, Avropa şərqşünaslarında da var. Bartov İslam haqqında 20-25 məqalənin müəllifidir. O istəmirdi ki, bu məsələyə qarışsın və bunu açıq desin. Onun nüfuzuna böyük ziyan gətirə bilərdi müsəlmanlar arasında. Çünkü kitabları çap olunub, sevirlər onu, əsərləri oxunur, İslam mədəniyyəti üzrə ən yaxşı mütəxəsisdi, doğrudan da, Avropada bunu çox ehtiyatla deyirlər… Heç adını çəkmir, kitbında oxumuşam, deyir ki, 14-cü yüzildə xristianlıqla İslamı birləşdirmək istəyən bir hərəkat vardır. Doğrudan da, nəhəng bir hərəkat olub, ancaq  Fəzlullahın baxtı gətirməyib. Ancaq İslamda Peyğəmbər öz adamlarını yığdı, Xilafət özü bir dövlət oldu, onun qılıncı oldu və o qılınc ona yol açdı. Ya xristianlıq, Konstantin görür ki, xristianlar gedirlər Sasani dövlətinə sığınırlar. Çünkü onları şirlərə, pələnglərə yedirdirdilər, onlar da Sasanilərə keçirdilər. Sasanilər də müharibə durumunda idi. Bunların yaxşı sənətkarları olurdu, silah-zad istehsal edirdilər. Bunlar gördülər ki, Sasanilər dağıdacaq, Konstantin özü götürdü dövlətlə xristianlığı birləşdirdi. Halbuki, İsa ondan 300 il əvvəl ölmüşdü, formalaşmamışdı, sturkturu-filan yox idi. Ancaq Hürufilərin işi düz gəlmədi.

Belə bir söhbət var, ki, onlar gediblər Əmir Teymura deyiblər ki, bir vəhdətiyyə etiqadı var ki, biz onu qəbul edirik. Teymur tutdurur Fəzlullahı. Fəzlullahın dediyi odur ki, bütün kitablar Allahdandır, Yəhudilərin kitabı, İsanın, Məhəmmədin, ancaq bunların arasında düşmənçilik var. Deməli, Allahdan gələn hökmlər düzgün başa düşülmür. Nəysə elə bir reforma olmalıdır ki, bunlar birləşsin. Fəzlullah özü çağdaş, uzaqgörən, layihəsi olan bir adam idi. Mollalar onu istəmirdilər, mollalar onu tutdurdular. Onu Naxçıvanda öldürüblər, Culfada Əlincədə öldürüblər, orda basdırıblar. Onun planları böyük idi ki, Hürufilik yayılmalıdır dünyaya, onların da hamısını öldürüblər. Onun birinci xəlifəsi öz qızının əri olub – Əliyin Əla. Orda mavzoley kimi bir şey var. O gəlib orda yaşayıb ki, son günlərində, orda ölsün. Bu yaxınlarda biz bir məktub yazmışıq ki,  orda bir fond yaransın. Mən burda dindən danışmıram, bu bir mədəniyyətdir, bu bir kitabdır. 1417-ci ildə, Fəzlullah öləndən 22-23 il sonra, Ərşnamə tərcümə olunub türk dilinə, Amiloğlu adında bir adam tərcümə edib türk dilinə. Fatif Üslü Ər onu çap eləyib, ancaq o fərq qalır da. Əsas o Hürufiliyi yayan, dünyaya çıxaran, onu təriqət sayan və İslama bağlayan şeydi. Mən bununla razı deyiləm, ancaq həqiqət necədi? Formal şəkildə yanaşanda “Cavidannamə” Quranın təfsiridir. Fəzlullahın böyük adlarından biri də yorumçudur. “Caviddannamə”də yazır ki, Allahın kitabını Allah özü yozur. Adamlar Allahın sözünü yoza bilirlər. O yorumçudur. Yorumçu da türkcədi, yuxu yorumlamaq-filan.

İki-üç şeydə İslamla bunun arasında fərq var. Birincisi Allahın laməkanlığı. Bu ayədir “Cavidannamə”də. Deyir ki, müsəlmanların hamısının kəlmeyi şəhadəti məcazdı. Sizcə, niyə məcazdı? Ona görə ki, mən deyirəm Allahdan başqa Allah yoxdu, axı mən onu görməmişəm. Heç bir məhkəmədə sən gedib hakimə desən ki, Turabxan müəllim mənə dedi, o saat hakim deyəcək ki, get Turabxan müəllimi bura çağır. Allah  yerdə deyil, göydə deyil, ölçüsü yoxdu, doğmayıb, doğulmayıb, bu laməkanlığı Peyğəmbərin ümməliyi ilə bağlayır ki, onun savadı yoxdur.

Hürufiliyin anlayışlarından biri kəlmeyi ilahidir. Həm sözlərdi, Allahın yazılarıdır, ehkamlardır, eyni zamanda hərflərdə kəlmeyi ilahi sayılır. Fəzlullaha 32 hərf verilib, Quranda 28 di, İncildə 24, yəhudilərdə 22. Peyğəmbər savadsız olduğu üçün o kəlmeyi ilahinin formasını bilmirdi. Onu görməmişdi, öyrənməmişdi. Bunlarda, siz də onu qeyd elədiniz ki, insanı Allahlaşdırmaq idi, ancaq bundan da geniş, kəlmeyi ilahidir. Yəni Allah yazıdı, sözdü,  öncə bir nöqtə olub, sonra  yazı olub. Fatalizm kimidir, hər şey orda yazılıb. Lövhi məhfuz da onun içindədi. Ancaq ki, insanlığa gələndə bütün dinlərdə bu var, yunan Allahları da adamdı, bütpərəstlərdə də, Tövratda da deyir ki, Allah insanı özünə oxşar və öz şəklində yaratdı. Hürufilərin dediyi bir şey də odur ki, Allah haqqında yeganə bilgin tutacaq şey, insanın vücududur. Allahın necəliyini bilmək istəsən, bütün yazılanlarda Tövratda da belə deyir, İncildə də belə deyir, insanın vücudundan başqa, insanın yetkinliyindən, aliliyindən başqa əlamətlər tapmaq mümkün deyil. Bu ağlabatan bir şeydir, sağlam düşüncəyə uyğun bir şeydir. Kitabın sonunda ki, Allahın insan şəklində olmağı bu xristianlıqda da mübahisə doğururb, onlar qırıblar bunun üstə bir-birini, bunlarda da olub.

Çoxlu terminlər var, bunlardan biri müşəkil, Allahın xassələrindən biri şəkillənməkdir. Allah birinci şəkillənib Adəm şəklində. Hürufilərin Allahının rəsmi adı Adəm idi. Allahın bir zatı var, bir də sifatı var. Sifat şəxsiyyət deməkdi. Deyir ki, şahid sifətində ifadə verdi. Zat da Allahın subyektidir. Bunlarda Xristianlıqdan gələn şey var, Allah-ata və Allah-oğul. Allah Ata həmin o zatdır. Bir də sifatdır ki, Allah onu verib Adəmi yaradıb, sonra İsanı yaradıb, sonra Fəzlullahı yaradıb. Deyir ki, zatı sifat ……. işi bilmək səhvdi, günahdı. Yəni bilir ki, Allah deyəndə İslamın adını deyir, Tanrı İslamın adı deyil, epitetdi və onların haqqında çoxlu epitetlər var. “Cavidannamə”də çox şey var. Kamil insandı, Fəzlullah və başqa şeylər. Çox yerdə də özü haqqında Adəm əleyhisalam üçüncü şəxs kimi danışır. Sonda o deyir ki, Allahın zatı ilə sifatı eynidir. Allah bir olub, sonra emonasiya eləyib, Allahın başqalaşma, şəkillənmək xassəsi var. Ona görə də Adəm də haqdır, İsa da haqdır, Fəzlullah da haqdır. Bunların hər biri ayrı-ayrılıqda Allahın zatının eynidir. Oteç-sın konsepsiyası ilədir.

Soylu Atalı: Çox sağ olun, Rəhim müəllim. Buyurun, Rafiq bəy.

 IMG_8361

Rafiq Turabxanoğlu: Soylu bəy çox gözəl izah elədi. Təbii ki, mənim yaşıma görə baxışlarım dəyişir.

İnsan toplumu zaman-zaman problemlərlə qarşılaşır. Onu çözmək gərəkdir. O vaxtı biz AXDP-ni yaradanda onun nizamnaməsinin birinci bəndi belə oldu ki, vicdan əsas meyardır. Təbii ki, o zaman mən Asif Atayla tanış idim. Görüşürdük imkan olanda. Bunları çox söhbət eləyirdik. Mənim bir fərd olaraq qarşılaşdığım problem belə oldu ki, yaşımın bəlli bir aşamasında belə qənaətə gəldim ki, bu deyilənlər, yazılanlar, dinlər, fəlsəfələr, idealizm, materializm hamısı eyni şeydir. O vaxtı ən məşhur yer Sankt-Peterburq (keçmiş Leninqrad)  kitabxanası idi. Bekar adam idim deyə gedib onları araşdırırdım ki, bunlar niyə belədir? Sufizmə gələndə baxdım ki, bunların dediyi aksiom məni o birilərdən daha çox təmin eləyir. İdealizm nə deyir? Deyir ki, yoxa var ol dedi, var oldu. Materializm də deyir ki, heç nə yenidən yaranmır, heç nə itmir. Bir şəkildən başqa şəklə keçir. Sufizmdə isə deyir ki, var olan ona görə var ki, var var olsun. Təbii ki, burda da yaxınlıq var. Ancaq bu məni təmin elədi. O birilərdən daha çox anlaqlıdır. Nəsimiyə gəldikdə isə onda bir qəzəl var. Qəzəlin mənası ondan ibarətdir ki, bütün insanlar Adəm və Həvvadan əmələ gəlib, bu çinlilər şeytandan əmələ gəlib. Sonra daha çox içəri girdim ki, Nəimini niyə belə elədilər, Nəsimini niyə belə asdılar? Gördüm ki, çox ciddi bir axtarış gedib. Asif Ata da daxil olmaqla hamısı bilir ki, insan müəyyən qədər formalaşandan sonra bu dünyada nə qədər elmi qanunlar varsa, hamısı yanlışdır. Bir az temperatura münasibət yəni, onun xassəsi, yaranması, rolu, proseslərin gedişində etkisi sufilər kimi, bu da mənə doğma gəldi. Bunlar artıq bunu o vaxtı dərk eləyiblər. Nəimini də, Nəsimini də oxuyanda görürsən ki, bu hər şeyi bilir. Artıq bu tam kamil bir insandır. Bir yerdə deyir ki, bu qus dilidir, Süleyman bilir ancaq. Başqa bir qəzəldə artıq yetişir və deyir ki, qusun dilini Süleyman da bilməz. Qəzəlləri açsan görərsən ki, hansı haldan hansı hala kimi gəlişmə gedib. Asif Ata da, Əbülfəz də, Xudu Məmmədov da hamısı bu boşluğu görürdü və bunu doldurmağa çalışırdı.

Baxıb görürsən ki, biznes girib ortaya. Hansı ki, biznesi qura bilib, onlar qalıb. Biznesi də gör nə qədər gözəl qurublar. Onu da necə qurub? Turizm. Dünya ötən yüzilin 60-cı illərində dərk elədi ki, turizm qədər gəlir gətirən iqtisadi forma yoxdur. Həm insanlar gedib dünyanı görür, həm də böyük qazancdır. Mən yüzdə yüz deyərəm ki, Məkkədə ölənlərin səbəbi pulun üstündəki davadır. Bir transportdan gələn gəlir neçə dənə Azərbaycan kimi ölkənin gəlirindən çoxdur. Bunu o biri peyğəmbərlər qəbul eləmirdi. Nəimi, o cümlədən də bu gün Asif Ata buna yol vermədi.

Avropa dəyərləri deyirik. O nəyi qoydu ortaya. 46-cı ildən sonra dedi ki, insana nə gərəkdir? Tələbatı. Tutaq ki, dində tələbat cənnət, cəhənnəm və s. Sən də “bilirsən” ki, nə qədər ac olsan, fağır olsan, əzilən olsan bir o qədər yerin cənnətlikdir. Avropa deyir, yox, bundan çıxmaq gərəkdir. Bu da gətirir qarşıdurmalara. Ona görə də türkdə din yeriməlidir. Bizim qoyduğumuz din şamançılıqdan yüksək ola bilmədi. Mən böyük dəstə filosofu peyğəmbər sayıram. Onlar o kələyə getmədi.

Son vaxtlar mən bir şeyə çox inanıram. Məsələn, Avropa necə oldu krallıq eləyə bildi real təminata? Avropada kütlə psixologiyası azaldı. İşini ağıllı adamlar üzərində qurmadı. Hətta bundan Lenin də istifadə elədi. Mənim sizin cəmiyyətdən gördüyüm, dərk etdiyim və sizə olan məhəbbətim dərindir, ancaq siz istər-istəməz kütləni azaldırsız. Kütlə də azaldısa, onu artıq aldada bilməyəcəksən. Bunun artıq real təminatı var…

 Mən sizə təşəkkür eləyirəm. Minnətdaram ki, həyati məsələləri yadınızdan çıxartmırsınız öz gücünüz içində. Bu hissləri yaşadırsınız. Nəimini yad eləmək, bunun özü çox böyük bir qəhrəmanlıqdır. Çox sağ olun, uğurlar diləyirəm tutduğunuz yola. Hamımız eləməliyik. (Bunu da eləmək üçün, son vaxtlar qəti qərara gəlmişəm ki, başa çıxmaq gərəkdir).

 IMG_8365

Ağşin Ağkəmərli: Çox sağ olun. Maraqlı söhbətlər getdi. Bir məsələni deyim. Şumer mədəniyyəti. Şumer mədəniyyəti bizim üçün, demək olar, qaranlıq qalıbdır. Biz bunu çox araşdırmamışıq. Şumer mədəniyyəti Semit dinlərinin hamısında birbaşa öz təsirini qoyubdur.

Bir məqama toxunmaq istəyirəm, 7-ci yüzildə elə bir məsələ ortaya gəldi ki, bizim həm torpaqlarımız, həm ruhumuz işğal olundu. Torpaqların işğalından iki yüz ildən sonra, məsələn, Xürrəmilik dönəmində, Babəklə məsələ hərəkətə keçdi və aktivləşdi. 10-cu yüzildə türk dövlətlərinin, tayfalarının bizim əraziyə axışması özü bəlli bir etkidir. Ancaq son nöqtəni Hürufilikdə gördük ki, ruhun xilası var. Məsələn, Xürrəmdinlikdə bu məsələ bir o qədər gözə gəlmirdi. Xürrəmdinliyin öz düşüncəsi çox dərinlərə bağlıydı. Məsələn, atəşpərəstliklə, Avestayla bağlamaq olar. Ancaq o şəraiti nəzərə almaq şərtilə, Hürufilikdə ruhun azadlığı üçün zamanına uyğun hərəkətlər yaratdı. Bu hərəkətlərin sintezi, məncə, torpağın xilası, ruhun xilası Xətaini gətirdi ortaya, Səfəviliyi gətirdi ortaya və dövlətçiliyi gətirdi. Yəni bunlar bir-birindən ayrı deyil.

Soylu Atalı: Çox sağ olun. Yeri gəlmişkən deyim ki, mənim istəyim odur ki, Azərbaycan gəncliyinin ağlında öz dəyərləri həm tarixi faktor olaraq yaşasın qalsın, həm də onlar müzakirəyə gətirilsin, mövzuya gətirilsin ki, insanlarımızın ruhu, mənliyi tərbiyə olunsun. Bunlar mənəviyyat məsələləriylə bağlıdır hamısı. İndi Asif bəyi dinləyək, sonra suallar olsa qonunu genişləndirəcəyik.

 IMG_8369

Asif Ozan: Təşəkkür eləyirəm. Nəimiylə bağlı onun nəzəri hissəsini Rəhim müəllim dedi. Hürufiliyin xüsusi bir təbliğatçısı deyiləm. Ancaq bununla belə bilirəm ki, bizim toplaşmağımızı zəruri edən səbəb nədir? Biz bilirik ki, kürəsəlləşmə (qloballaşma) deyilən bir dalğa milli mədəniyyətlərə çox açıq şəkildə hücum eləyibdir. Hər bir xalq, hər bir millət özünün milli mədəniyyətinin gücü hesabına bu kürəsəlləşmədə tez əriməkdən qurtarmağa çalışır. Bu gün biz o xalqlardanıq ki, çox zəngin milli mədəniyyət baqajımız var. Bizim birinci məqsədimiz bu ideoloji döyüşdə daha sayıq, daha möhkəm dayanmaqdır. Ona görə mən həmişə belə hesab eləyirəm ki, İnam Evində Soylu Atalının təşəbbüsü ilə bizim tarixi mədəniyyətlərimizin anılması, dərk olunması yolunda atdığı hər bir addım əslində bizim kürəsəlləşmə dövründəki milli cəbhədə sayıqlığımızı artırmağa yönəlib. Ona görə mən Soylu bəyə, o cümlədən Ocağın bu işdə bütün əməyi olan hər bir kəsə xüsusi təşəkkür bildirirəm. Bəllidir ki, bizim milli mədəniyyətimiz bu günün məhsulu deyil, dünənin də məhsulu deyil. Tarixən formalaşıb. Ona görə də Azərbaycan adlı tarixi coğrafiyanın ərazisində zaman-zaman yaranan onlarla müxtəlif dini baxışlar, mistik dünya görüşləri formalaşıb ki, əslində bizim milli mədəniyyət dediyimiz həmin fenomen o təməlin üzərində formalaşmış, yaranmış bir hadisədir. Ona görə biz həmin coğrafiyada ərsəyə gəlmiş, fəaliyyət göstərmiş o təlimləri öyrənməmiş, özümüzün milli mədəniyyət baqajımızı, milli mədəniyyət strukturumuzu və özümüzün milli kimlik şüurumuzu düzgün qura bilmərik. Bu baxımdan hesab eləyirəm ki, Nəimi və onun yaratdığı Hürufilik təlimi öyrənilməyə, tədqiq olunmağa layiqdir. Onda biz öz kimliyimizi arayıb tapmalıyıq. Çünkü Hürufilik bütün təriqətlərdən daha çox azərbaycanlıların yaşadığı əraziyə ayrılıbdır. Ona görə zaman-zaman Hürufiliyin Azərbaycanda daha çox özünə tərəfdar toplaması təsadüfi bir hadisə deyil. Bu çox güman ki, Hürufilik təliminin ruhuyla bizim ruhumuzun ortaq bağlarının çox olmasından irəli gəlir. Hürufilik təliminin nəzəru strukturuyla bağlı Türkiyənin özündə də, Rəhim müəllim qeyd elədi ki, çoxsaylı tədqiqatlar var. Ancaq mən ona elmi aspektdən yanaşmaq istədim. Yaranan təlimlərin gücü və gücsüzlüyü nə ilə bağlı olubdur?! Hürufilik İslamı ləğv edən bir baxış kimi yaranmadı. İslamın yeni dövrə uyğunlaşmış formasını ortaya qoydu. Onun İslama üstün gələ bilməməsinin mahiyyətində sosial çəkinin az olmasıdır. Çünkü hər bir təlim yarananda, bayaq burda Rafiq müəllim dedi ki, bunları birləşdirən bir cəhət var. Yaranan hər bir təlim ilk növbədə çalışır ki, kütləyə sahib olsun. O kütləyə sahib olmaq üçün kütlənin öz aralarındakı münasibətlərinə, sosial münasibətlərinə norma verməyə çalışır. Hürufilik daha çox irrasional bir təlim kimi yarandı. Onun mahiyyətində sosial münasibətlərə norma gətirəcək xüsusiyyətlər az oldu. Bununla belə, Hürufiliyin bu gün İslamın daha çox şiə dediyimiz qoluna fayda verəcək, güc gətirəcək elementləri daha çox oldu. Məsələn, sadəcə bir fakt deyim ki, o bütövlükdə kainatı üç mərhələyə bölürdü: Mübüvvət, imamət və uliyət mərhələsi. Mübüvvət, deyirdi ki, Adəmdən başladı və Məhəmməd peyğəmbərdə başa çatdı. Ondan sonra deyir ki, İmamət mərhələsi başlayır. Nəhayət, Tanrıçılıq dövrü. Tanrıçılıqda da özünü Tanrı eləyirdi. Yəni burda mübüvvət və uliyyətin içərisinə İmaməti xüsusi olaraq daxil eləməsi də onun doğulduğu, böyüdüyü mühitdə şiə düşüncəsinin etkisi idi. Mən hesab eləyirəm ki, əslində o düşüncə elementi bu gün bizim etnik müstəvidə birləşməyimizə xələl gətirən faktorlardan biridir. Biz kimisə ideallaşdıranda, kimisə milli dəyərimizin təməlində duran kimi qaldıranda onun zərərli və xeyirli tərəflərini özümüz üçün müəyyənləşdirməliyik. Yəni onu bütöv kompleks şəkildə ideallaşdırıb ortaya qoymaq bəzən bizim bugünkü və sabahkı perspektivlərimizə xələl gətirə bilir.

Başqa tərəfdən, mən yenə təşəkkür eləyirəm ki, yiyəlik hissi ki var, o çox doğru vurğulanan məsələdir. Bizim gəncliyimiz milli dəyərlərini tanımasa, nəyə sahib durmaq məsələsinə aydınlıq gətirə bilməyəcəkdir. Çünkü bu gün Batının, tutalım ki, demokratya pərdəsi altında, mədəniyət standartları adı altında bizə sırıdığı bir çox steroetiplər əslində bizi öz kimliyimizdən çox uzaqlara atan vasitələrdir. Bu gün sənə xas olan dəyərlər sənin doğma anandır. Bu doğmanı Batının göndərdiyi yadlıqdan ayırd eləmək üçün doğmalıq nədir, onun meyarı nədir, bu doğmalıq meyarının kökündə nə durur kimi sualları bilməlisən. Bu baxımdan Nəimi də bizim milli kimlik düşüncəmizin təməlində dayanan şəxslərdən biridir. O cümlədən, Hürufilik təlimi Azərbaycanın coğrafiyasında daha geniş yayılıb. İstər-istəməz biz bu gün o mədəniyətlərin elementlərinin daşıyıcılarıyıq. Sağ olun.

 IMG_8375

Vaqif Ucatay: İlk növbədə sağ olun ki, bizi dəvət elədiniz. Bu çox ciddi məsələdir. Hər kəs çox gözəl çıxışlar elədi. Burada qeydlər eləmişəm.

Mən Sankt-Peterburqda təhsil almışam. Onda mən Asif Atanı Asif Əfəndiyev kimi tanıyırdım. Az-çox oxumuşdum. Ancaq onun peyğəmbər kimi varlığından sorağım yox idi. Gələndən sonra görüşdük və mənə Ucatay adını o verdi. Mən orda bir neçə il diplom işiylə əlaqədar yəhudilərlə yoldaşlıq elədim. Mənim diplom işim, “Leninqrad mühasirədə olanda Nizami Gəncəvinin 800 illiyi”nə həsr olunmuşdu. Mən yəhudiləri çox yaxşı izlədim. Bir fikrə gəldim ki, onlar üç prinsiplə yaşayır. Heç nəyə, heç kimə inanma. Sonda aldanma. Biz onların tam tərsinə. Hər şeyə, hər kəsə inanırıq, sonda da aldanırıq. Rafiq bəy çox yaxşı vurğuladı el dilində, bu gün dünyəvi dinlər, peyğəmbər elan edilmiş adamlar işlərinə siyasət qoşdular. Xədicənin pulu, Əlinin qılıncı böyük rol oynadı. Ona görə də biz heç cür heç kimə heç nəyi sübut eləyə bilmirik ki, bizim Zərdüştümüz var, Babəkimiz, Nəimimiz var. Hamısından bəhrələndi o, bu. Biz yenə qaldıq əliboş. Burda bir dənə fikir də vurğulandı ki, Hürufiliyin banisi heç də İslama qarşı deyildi, onun tərəfdarı idi. Yadıma nəyi saldı?! “Azərbaycan bolşevikləri heç də Sovet hökumətinə qarşı deyildi”. Ancaq sonda öldürüldülər. Nəimi, Nəsimi də o çağlarda öldürüldü. Niyə qarşı olmasın? Əgər ərəb peyğəmbəri özü üçün ideologiya yaradırsa, türk xalqı ondan balaca deyil ki? Yeri gələndə ona qarşı, dünyaya qarşı olmaq gərəkdir. Acizliyin qəti əleyhinəyəm. Əgər Babəki veribsə dünyaya, bu xalqın qüdrəti var. Nəimini, Nəsimini, Füzulini veribsə. Füzuli niyə görə öləndə qəbrinin İmam Hüseynin qəbrinin ayaqları altında gömməyi vəsiyyət eləyib? Sən məgər ondan balaca adamsan? Biz öz böyüklüyümüzü görməyi öyrənməliyik. Bizdə çatışmayan cəhət budur. Bu tədbir çox gözəldir. Bura az adam yığılıb. Ancaq hansısa artistin yubileyinə minlərlə adam gəlir, milyonlarla pul xərclənir. Pullu azərbaycanlıları da bura cəlb eləmək gərəkdir. Mən o vaxt Asif Atanın özünə də dedim. Dedi ki, oğul, bu mənim işim deyil. Asif Ata kimi nəhəngi o, bu istifadə eləyəcək. Yenə 200 il qalacağıq əliboş. Bu millətin xilqətində, doğrudan da, böyüklük var. Asif Atanı yetirən xalq yenə yetirəcək. Bayaq vurğuladınız ki, Hürufilər Allahlığı Nəiminin obrazında görürdülər.

O Dədə Qorqud rəsmi mənim işimdir (Divardakı tablonu göstərir – T. A.). Mən onu işləyərkən elə oldu ki, həftədən çox evdən çölə çıxmadım. Yəni bizim hər birimizdə daxili təmizliklə yanaşı gərək gözlərimizi açıb dünyaya baxaq. Sankt-Peterburqda oxumağımın bir yaxşı cəhəti o oldu ki, vətənimizə, öz mədəniyətimizə uzaqdan baxa bildim. Azərbaycan rəssamlığında (öz milli) rəssamlığımız miniatür rəssamlığıdır. Uyğur türkləri gətiriblər. Təbrizdə də şah nöqtəyə qaldırıldı bu sənət. Bizim sənətimiz heç də Avropa sənətindən balaca deyil. Son dərəcədə möhtəşəmdir. Ancaq sırf Avropa sənətini öyrənsək, onda biz xalqımıza yabançı olacağıq. Yox, əgər təkcə milli köklər üzərində böyüsək, onda dünyayla ayaqlaşmayacağıq. Hər ikisini öyrənmək gərəkdir. Ona görə də mənim düşüncəmdə borcumuz nədən ibarətdir? Öz böyüklərimizi görməyimiz çox əla. Bu gün Nəimini yada salmaq nəyə desəniz dəyər. Bunları öyrənməklə yanaşı, dünyaya da gözümüzü açaq baxaq. Necə olur biz bu günə qalmışıq? Erməni kimdir biz onun əlində qalmışıq? İngilis, rus kimdir? Ərəb də boynumuza ipi salıb aparıb meteorit ətrafında fırlayır ki, şeytana daş at. Pulumuzu da alır, özümüzü də axmaq yerinə qoyur. Deməli, şeytan yuvasıdır ora. Şeytanların üçü də ordadır. İndi də kranı aşırtdılar üstünə, elə bil ki, milçək öldü. Heç kimin də vecinə olmadı. Özümüzə qayıdaq gərək. Sağ olun.

 Rəhim bəy: Mən bir məsələni demək istəyirəm. Hər cür dil də öyrənmək olar. Ancaq bir şey var. Əsil yol öz mədəniyətimizdədir. Hürufilikdəndir, Sufilikdəndir, Füzulidəndir. Başqa heç bir ikinci yol yoxdur.

 Soylu Atalı: Konkret Nəimi ilə bağlı kimin sözü, sualı varsa buyurun.

 IMG_8381

Yasin Türksoy: Çox Allahlıqdan danışanda yadıma ilk olaraq Şumerlər düşür. Sizin ifadənizdə çox Allahlıq məsələsi yunan baxışından götürülüb fikrinə əlavə etmək istəyirəm ki, yunan mifologiyası Şumerlərdən mənimsənilib. Söhbətin başlanğıcında Hürufiliklə Semit dinlərini tutuşdurdunuz. Rəhim bəyin fikirlərinə istinadən sizə sual vermək istəyirəm. İnsanı ilahiləşdirən Hürufilik İslamın bir yolu ola bilərmi?

 Soylu Atalı: Başqa kiminsə sualı yoxdursa, onda bir neçə kəlmə bizim açımızdan mövqe bildirmək istəyirəm. Rafiq bəy dedi ki, mən araşdırdım gördüm ki, bütün fəlsəfələr, dinlər hamısı bir şeydir. Bütöv götürəndə Bəşəriyyət min illərin axtarışını keçib gəlib. Bu axtarışları bilirsiniz ki, dövrlərə bölürlər. İbtidai dövrlər, səmavi dövrlər hamısı aşamalardır. Ən ibtidai dövr animizm dövrüdür. Animizm dövründə insan hara baxırdısa, orda gözünün baxarı ilahi varlıq axtarırdı, ruh görürdü. O da, təbii ki, insanın özündə görə bilməməsinin, dərk edə bilməməsinin sonucu idi ki, elə axtarışlar ortaya çıxırdı.

IMG_8398

Mən “fərq” məsələsiylə də bağlı bir neçə kəlmə demək istəyirəm. Bir də konkret “Hürufilik İslam dininin əleyhinə deyildi” məsələsi. Hürufilik 14-15-ci yüzillərdə yaranıb. Bir an o yüzillərin tarixi şəraitini gözdən keçirək. O dövrün basqılarını gözdən keçirək və görək insanlar necə davranırdı, necə davranmalı idi? Əgər biz o dövrün tarixi şəraitini gözdən keçirsək, xüsusilə cəhalətin qatı olduğu bir dövrdə ki, insanlar başqa bir fikir, alternativ fikir sərgiləyə bilmirdilər. Daşqalaq olunurdular, təqib olunurdular və i.a. Belə bir vaxtda bizim böyük şəxsiyyətlərimizin, əgər diqqətlə baxsanız, vurğu elədiyi bir çox məsələlər taktika idi. Əsas məsələ Nəiminin gedişin özünü üç aşamaya bölməsində üzə çıxırdı. Birinci peyğəmbərlik, ikinci imamlıq, üçüncü Allahlıq aşaması. Axı din demirdi insan Allahdır. Bayaq dedim ki, müsəlmanlar da insanda şüuraltı ilahi keyfiyyətlər görür. Ancaq onlar yalnız seçkin adamlarda görür. Hürufilər hamıda görür. Deyir, mahiyyətcə bütün insanlar özündə Allahlıq qüdrəti daşıyır. Özü də vurğu eləyirdi ki, Allahlıq aşaması məndən başlayır. Bu o demək idi ki, mən sığmıram ora insan olaraq. Baxmayaraq ki, o özünü İmam Mehdi də adlandırırdı. Ancaq bunlar, yenə deyirəm, hamısı taktika idi. Füzuli, ya Nizami münacat yazır kitabın başlanğıcında. Ancaq münacatdan bir addım o tərəfə keçəndən sonra nə görürük? Hamısı inkardır. Dünyanın bütün əyrilərinin hamısını araşdırır və açıq şəkildə hücuma keçir. Onun əsasında duran o idi ki, əgər siz bütün hər şeyi insandan qıraqdakı qüvvəyə bağlayırsınızsa, bütün kainatın yaradıcısı sanırsınızsa, kainatın yaradıcısı qüsurlu yaradıb, pis yaradıb. Bütün məğzi o idi yaradıcılığın. Belə dünya olmaz, belə insan olmaz. Allah deyir onları mən yaratmışam və deyir ki, məsələnin bu başında da mən dururam, o başında da. Əgər insan bir şeyi görmürsə, dərk eləmirsə bu o deməkdir ki, fitrətən onun ağlı möhürlənib, qəlbi möhürlənib. Ona çaba göstərmək gərək deyil. Əgər insan özündə bir güc tapırsa, tutalım ki, doğru yola yönəlirsə, deyirsən bunu da biz özümüz eləmişik. Özümüz ona bu olanağı vermişik, o fəziləti biz özümüz ona əta eləmişik. İnsan qəbahət yaradırsa, deməli, biz onu möhürləmişik… Sən yaradıbsan da bunu. Ağlını, ürəyini sən möhürləməyibsən? Bu da eybəcərlik eləyir, baş kəsir, qan tökür. Çünkü sən onun ağlını, qəlbini möhürləyibsən. Onun ağlının işıqlanmağa imkanı yoxdur. Hürufilər ona görə bu xəttə qarşı idilər. Ona görə deyirdilər hər bir insan özündə Allah gəzdirir. İndi gərək insan çıxsın o qəbahətin, cəhalətin içindən. Baş kəsməklə, qan tökməklə, oğurluqla uğraşmasın.

 Əlbəttə, hər bir Dünyabaxışın öz çağında müsbət etkiləri olub. Semit dünyabaxışlarının özünəxas etkiləri olub. Cəmiyyətin gəlişməsində, bəlli mənada qabağa getməsində bəlli etkiləri də olub, addımları da olub. Ancaq konkret olaraq, biz Qurandan bəhs etdik. Quranın ayələrini oxuyun. Mən üç dəfə oxumuşam. Mən Quranın ayələrinin içinə girirəm, görürəm ki, o feodalizmin təfəkkürüdür. O dövrün nizamı üçündür. Ancaq onu bütövlükdə Allahın kəlamı kimi bu günə daşıyır, cəmiyyətin həyatına tətbiq edirsənsə, deməli cəmiyyət elə bu olacaq. Ya da Xristianlıqda və ya ondan öncəkilərdə. Ona görə də mən düşünürəm ki, meydana çıxan hər baxış özündə yeniliklərlə gəlir, inkarla gəlir. Qəbul eləmir özündən öncəki filan şeyi. Onu inkar eləməklə ortaya çıxır. Əgər inkar eləməklə ortaya çıxmırsansa, elə onu de da. Niyə ayrıca bir xətt tutursan? Ayrıca tutulan xətlər, doğru və yanlış, özünəxaslıqla ortaya çıxır. Ayrı xətt yaradır, ayrı yön yaratmağa çalışır. O cümlədən Hürufilik. Baxın, bu gün Türkiyədə söhbətlər gedir. Ərdoğanın adı vurğulanır, onun rəhbərliyi altında bir sıra reformalar. O reformalar nəyə xidmət eləyir? O reformaların içərisində siz axtarın görün, türk milli şüurunun, türk dəyərlərinin gəlişməsi varmı, yoxmu?

 Rəhim bəy: Türkiyədə bir türk millətçiliyi var, bir də Osmanizm var. Bu Osmanistdir. Özü də Türkiyənin əhalisinin çoxu ona səs verir.

 Soylu Atalı: Səs vermək bir ayrı. Seçilmirlər, seçdirilirlər. Bu ayrı bir mövzudur. Mən nə demək istəyirəm? Son çağlar Alevilik deyə bir şey ortaya çıxarıblar. Deyirlər Alevilik Ələvilik deyil. Alevilik ayrı bir baxışdır. Bu İslamdan öncə yaranıb, Əliyə onun dəxli yoxdur. 1700 il tarixi var. O da türk baxışı kimi ortaya çıxıb, onlar hamısı təqib olunub. Müəyyən faktlarla sadalayırlar. Deyirlər ki, Əxilik, İşraqilik, Nəqşibəndilik, Hürufilik, Qızılbaşlıq – bunların hamısı Alevilikdir. Yaxşı, olsun Alevilik. Bəs bunun mahiyyəti nədir? Mahiyyətini ortaya çıxar. Bizim işıqçılıq ideyamızı alevilikdə mərkəzləşdirirlər. Bu gün necə ki, təhrif oluna-oluna gəlirik bizim baxışlarımızın hamısını orda təhrif eləyib nöqtələyirlər. Behtaşilik, Əxilik, o birilər – bunların heç biri Hürufilik deyil. Əgər eləsə, Əxilərdən kiminsə edam olunduğunu eşitdinizmi? İşraqilikdən kiminsə edam olunduğunu oxudunuzmu? Mən oxumadım. Ancaq Hürufilər edam olundu. Necə bir şeydilər ki, bunları qırırlar, onların xətrinə dəyən yoxdur?!

Hürufilik bir xətt idi. Bütün ərəb dünyabaxışına qarşı idi. İnsan Allahdır ideyası. Kainatın içsəl qüdrəti var, bir də içsəl qüdrətin insanda təcəlla tapması. İnsanda təcəlla tapmasını əsas götürürdülər. Dediyim kimi, rəqəmlər taktika idi Hürufilərdə. Rəqəmlər, hərflər vasitəsilə Allah insanda təcəlla tapır deyirlər. Onu da deyirdilər ki, Quranda qutsallıq axtarırsansa, insanın üzünə bax. Yaradılışın anlamı, mənası ordadır. Buna görə edam olunurdular, təqib olunurdular.

Başqa bir məqamı deyim. Əgər Xürrəmdinliyin fərəhçilik ideyasıyla Hürufiliyin insançılıq ideyasını tutuşdursaq, onların arasında çox güclü bağlar görmüş olarıq. Ordan qaynaqlandığını görmüş olarıq. Babək özü Nəimidən, Nəsimidən, Həllacdan öncə demişdi Ənəlhəqq ideyasını. Babək nə deyirdi? Bu, ədəbiyyatlarda da, filmdə də var. Deyirdi ki, mən içimdə Şirvin gəzdirirəm. Şirvin də Qüdrət Allahının adıdır. Şirvin gəzdirdiyinə görə yenilmirdi. “İçimdə Şirvin gəzdirirəm” nə deməkdi? Elə mənəm, həqq məndədir. O ideyadır. Onu dedi Babək, ondan sonrakı soydaşları da onun xəttini əslində davam elədilər.

IMG_8388

Ərəblərin bizə gəlişinin inkar olunması həm də birbaşa ideya, ideologiya etkisi ilə millətin genetik assimilyasiyaya uğradılmasına görə idi. Abbasilər xilafətinin verdiyi hökmlər, tarixi sənədlər hamısı faktdır. Azərbaycan ərəb işğalına hər mənada uğramışdı. Namusumuz əldən gedirdi, namus məsələsi çıxmışdı ortaya. 20 min ərəb əsgərini hazırlayırdılar, ehtiyatda olandan başqa. 20 min ordunu hazır qoyurdular ki, bunlar döyüşdə gərəkən yöndə hücuma keçəndə, başqa yerləri islah edəndə həmin əsgərlərdən yararlanacaqlar. Buna görə hər bir Azərbaycan evində bir ərəb əsgəri olmalı idi. “Ərəb öldü, qan düşdü” deyimi bu gün də işlənir. Bir nəfər ərəb öldüsə, 5 nəfər onun yerinə insan öldürələcək. Belə bir tələblə gələn ərəb hansı həyasızlıqları eləməzdi o evdə? Deyirdi ki, ərəb əsgəri bir gün, bir gecə evində qalmalıdır. Sən İslamı qəbul eləmirsən özün bil. Tanrıçılıq dinində, Zərdüştçülükdə qalırsan qal. Dəymirəm sənə. Ancaq xərac verəcəksən, cizyə ödəyəcəksən və evində bir gün, bir gecə ərəb əsgərini saxlayacaqsan. Onlardan Azərbaycan gəlini, qızı dünyaya oğul gətirəcək, o oğullar Azərbaycana yiyə çıxacaq. Ərəb feodalları bütövlükdə Azərbaycanı mənimsəyəcək. Xürrəmdinlik hərəkatı elə-belə başlamadı. Cavidandan sonra Babək necə səfərbər elədi – bütün Şəmkirdən üzü belə, Naxçıvandan üzü belə Azərbaycanı birləşdirmişdi. Hər yerdən Babəkin bayrağının altına ordular yığıldı. Namus məsələsi var idi ortada. Namusu qorumaq üçün idi ki, azərbaycanlılar məcbur olurdular dini qəbul eləsinlər. Azərbaycan türkləri buna görə qəbul edirdilər İslam dünyabaxışını. Ancaq Abbasi xəlifəsinin hökmü qüvvədə qalırdı. Yenə də kimin əlinə harda keçirdi təcavüz edirdi Azərbaycan qızlarına, gəlinlərinə. Ərəbə toxunmaq olmaz. “Ərəb öldü, qan düşdü” deyimi ordan yaranır. Burda hər cür həyasızlıq, özbaşınalıq eləyirdilər. Biz dünən, srağagün Xocalı vəhşətlərini görürük. Ancaq 9-cu yüzildəki vəhşətlərin üstündən sükutla keçirik. Bizim böyüklərimiz, şəxsiyyətlərimiz həm də öz dünyabaxışlarıyla, öz düşüncələriylə, təfəkkürləriylə buna qarşı bir dirəniş hərəkatı olaraq ortaya çıxırdılar. Millətin gələcəyi üçün dirəniş idi bu. Bu dirəniş hərəkatı milləti var etmək üçün idi. İndi bayaqdan söhbət gedir Avropa, biz, filan. Biz Avropanın əleyhinə deyilik. Ancaq söhbətimin başlanğıcında dediyim kimi, Avropanın texnikasıyla Nəimini tutuşdurmaq olmaz axı? Bu ağılsızlıq olar. Bizi, bütöv bəşəriyyəti bəşəriyyət eləyən nüvə var. O nüvə ailə məsələsidir. Ailə ölüb Avropada. Bir bölgədə ki, eyni cinslərin ailə qurmasından söhbət gedir, mən ondan nə öyrənə bilərəm? O texnikanın basqısı altına məni almaqla, mənə içəridə o cür eybəcərliklər axıtmaqla hara qədər gedə bilərəm ki?! Bu gün gəncliyin 90 faizinə yaxşı baxın. Bir hissəsi üzünü tutubdur İrana, Ərəbistana. Vəhabizm, nə bilim nə izm. Bir hissəsi üzünü tutubdur bu cür pozğunluğa. Bəs milli dəyərlərə kim yiyə çıxacaq?!

IMG_8363

Hürufilik dəyərdir, dirənişdir. Hürufiliyə dayanmasaq, yiyə çıxmasaq, Hürufilik kimi o biri dəyərləri də yadlıq küləyi fırlayıb atacaq hara gəldi. Gəlin bir şeyə diqqət eləyək. Bu gün də bizim içimizi əyənlərdən özümüzünkülər var. Söhbət ideologiyadadır. Söhbət kiminsə cisminin məndən olmağında, ya olmamağında deyil. O ideologiyaya boy verən, təslim olan mənimkindən gedə bilər söhbət. Mən bunları nə üçün vurğu eləyirəm? Bizim içimiz boş qalır. İdeoloji, mənəvi boş qalır. O boşluğa başqa şeylər dolur. Başqa şeylər də dolanda faciələrimiz bir-birinə calanır. Min ildir bu faciədən o faciəyə ötürə-ötürə gəlirik. Dərs götürmək yerinə, öyrənmək yerinə. Bugünkü Azərbaycan gəncliyi bunu düşünməlidir.

Sonda belə bir fikir vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan üçün bütün ziddiyyətli sunulmalarına baxmayaraq, fərqli baxışların, fərqli faktların olmasına baxmayaraq, Hürufilik biranlamlı olaraq Azərbaycanın qutsal dəyəridir və Azərbaycanın dirəniş göstərməsi üçün tutalqalardan biridir. Biz üzümüzü onun qabaqcıl cəhətlərinə tutmalıyıq, onu millətin mahiyyətinə özgün olan zəmini etməliyik özümüz üçün, gələcəyə addım götürmək üçün. Biz demirik ki, Babəkin dövrünə qayıdacağıq. Biz demirik ki, Hürufilərin A-dan Z-yə qədər hərflərinin bütün çalarlarını götürüb həyatımıza tətbiq eləyəcəyik. Bu mümkün deyil. Ancaq o şey ki, xalqın gəlişməsində hərəkətverici xassəyə malikdir, o şey ki, zəmin rolu oynayır, biz onu qorumalı və yaşatmalıyıq, onun üzərində gəlişmə tapmalıyıq.

Sizin hər birinizə təşəkkür eləyirəm zəhmət çəkib gəldiyinizə görə. Yiyəlik duyğunuz var olsun deyirəm.  Bununla da Nəiminin 675 illiyi ilə bağlı balaca bir məclisi bağlayırıq.

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Yağış Ayı, 37- ci il. Atakənd.

(noyabr, 2015. Bakı.).

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv