Soylu Atalı iş yoldaşları ilə “Xocalı soyqırımı”nı anım toplantısı keçirdi

Xocalıda soyqırıma uğrayanlarla bağlı bir neçə kəlmə söz deyib bu faciəni duymağımızı istəyirəm. Bu gün, 2017-ci il, fevralın 26-sı Xocalı soyqırımının 25-ci ilidir. Yüzilin dörddə biri deməkdir. Bizim dövlətimizin siyasəti torpaqlarımızı geri götürə bilmir. Bu ayrı bir məsələ. Biz dayanmayan faciələrimizin mahiyyətini dərk etməliyik. Bu gün biz təkcə bir şəhərdə qırılanların deyil, bütövlükdə millətin faciəsi ilə üz-üzəyik. Yəni faciə bir bölgənin deyil, millətindir. Ona görə mən hesab eləyirəm, bu tarix, ən azından onun il dönümündə, hər birimizin diqqətimizdə olmalıdır. Olay özü bütövlükdə ürəyimizdə, şüurumuzda olmalıdır. Çünkü bunu bu gün hər biriniz bilirisiniz, ancaq bizdən sonrakı soylar bilməyəcək. Bizim qədər təsəvvür eləməyəcəklər orda nə baş verib. Sadəcə olaraq olayları eşidəcəklər, ermən-rus birləşmələri orda bizim insanlarımızı qırıbdır. Ancaq biz körpə uşaqların, qadınların, qocaların başına gətirilən oyunları, namusa toxunulmaları görən, yaşayan soylarıq. Hər birimizin ağlımızda, düşüncəmizdə Vətənin bu faciəsi etkiyə çevrilməlidir. Düşünürəm, bu olay hər birimizin evimizdə balalarımızın da ağlında olmalıdır. Bunu bilməyə, bildirməyə, düşünməyə biz borcluyuq. Xalq o vaxt xalq olur, o, böyük dəyərlərini, qurucu dəyərlərini xatırlamağı, yaşatmağı bacarır. Eyni zamanda xalq fəlakətlərini də xatırlamağı, onu dərk eləməyi bacarır. Dərk olunmayan ötülmür, aradan qalxmır. “Xocalı” bizim fəlakətlərimizin nə birincisi deyil, nə də (təəssüf ki, belə getsə) sonuncusu deyil.


Bilirsiniz, İrandan erməniləri ruslar köçürdülər Azərbaycana. 1918-ci ildə Ermənistan dövlətini yaratdılar. Güney Qafqazda Azərbaycan-Türk dövlətçiliyinə son qoymaq məqsədi güdür Rusiya. Pyotrun vəsiyyətinə əsasən. Bu məsələlər bizim yoxluğumuza doğru aparan fəlakət­lərdir. Onu biz dərk eləməsək suç işləmiş oluruq. Ən azından xalqın içində bu söhbət daim geməlidir, yoxsa şüur pozulur, milli qeyrət ölür. Gərəkəndə səfərbər olunmağı bacar­malıyıq.
Ermənistan yaranandan 2 milyona yaxın soydaşlarımız zaman-zaman deportasiya edilib. Axırıncı qovmalar 1988-ci ildən başladılar, axırıncı insanımıza qədər, qırdıqlarını qırdılar, qırmadıqlarını qovdular. Bu faciələri dərk eləmək yerinə, bəzən görürsən biz özümüz özümüzə damğa vururuq, söyürük milləti. Bu bizim şüurumuzun məhv olması deməkdir. Bu bizim qeyrətimizin çökməsi deməkdir. Özümüz bunu istəməsək də, bizi qeyrətsizləşdirirlər. Bizi istər- istəməz qıraqdan da, öz içimizdən də qeyrətsizləşdirirlər. Həmişə hakimiyyəti təmsil eləynlər bəlli səviyyədə xalqın ruhunu məhv eləməyə gediblər. Bunu düşünməyi ortadan qaldırırlar –  yaratdıqları sosial ədalətsiliklərlə, talançılıqlarla. 1918-ci ildən başlayaraq, hələ mən ondan öncəki tarixi götürmürəm, ermənilər rusların yardımı ilə, Azərbaycanda soyqırımlar törədiblər. Bu gedişə kim, haçağ dur deyəcək?! Ermənistan adlanan Batı Azərbaycan bölgəsində insanla­rımızı müxtəlif səviyyələrdə, müxtəlif adlarla məhv eləyiblər. Yandırmalarla, borulara doldurub qaynaq eləməklə, diri-diri torpağa gömməklə, ən yüksək uçurumlardan atmaqla, maşının, tankın altında əzməklə, qadınların namusuna toxunmaqla və i. a. Onun bir ucu gəlib Xocalıda özünü göstərdi, həmin fəlakətin. Çünkü heç birindən dərs almadıq. Ona görə də hesab eləyirəm, bunlar Azərbaycan üçün, doğurdan da, bir hüzn günüdür. Doğurdan da faciə ildönümüdür. Bir an özümüzü qoyaq Xocalıların yerinə, özümüzü, öz ailəmizi, anamızı, uşağımızı orda təsəvvür eləyək. İnanın, ayrı-ayrı çağlarda anamı, bacımı, uşağımı orda təsəvvür eləyib ağlamışam. Elə bir hal yaşamışam. Bu baxımdan bugünkü gün, ağır duruma salınmış, sındırılmış xalqımıza baş sağlığı diləyək. Özümüzə baş sağlığı deyək. Bir də sizdən rica eləyirəm. Bu gün, ən azı günortayacan hüzn içində olaq, əyləncəli əhvallara, söhbətlərə  yol verməyin.
Həm canlı o faciəni yaşayasan, həm də bunun qarşısını ala bilməyəsən, qisasını ala bilməyəsən. Ən azı o torpaqları geri ala bilməmisən, zərbə vura bilməmisən sənin torpağında əyləncələrlə məşğul olanlara, bu özü düşünülüb ölçü götürüləsi bir məsələdir. Hər bir insanın, nə eləyirsən elə, nə cür yaşayırsan yaşa, varlı ol, yoxsul ol, bu cür məsələlər bizim varlığımıza hakim olmalıdır, ruhumuza yeriməlidir.
İndi ayağa dururuq, bir dəqiqəlik sükut içində onların xatirələrini anırıq.

Vətənimiz, Millətimiz var olsun!

26.02.2017. Bakı.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv