Vüqar Bəyturan. Bizə inqilab lazımdırmı?

Azərbaycanın ənənəvi  müxalifəti inqilab etməkdə, iqtidarsa onun qarşısını almaqda acizdir
İnqilab mövzusu dünya ölkələrinin birində sözügedən prosesə uyğun bir hadisə baş verən kimi bizim də yadımıza düşür. Hakimiyyətyönlü politoloq-şərhçi yığnağı belə bir olayın bizdə baş verə bilməsinin mümkünsüzlüyünü, müxalifət cameəsinin başbilənləri isə növbəti inqilabın mütləq Azərbaycanda olacağını əsaslandırmaq üçün yarışa start verir. Köşə yazarları “ o əjdahadan niyə bizdə yoxdur?” sualına cavab axtarır, zülm altında inildəyən əhalimiz yenə ümidlə müxalifət qəzetlərinin manşetlərini izləyir, qırxı çoxdan çıxmış ənənəvi müxalifətdən situasiyaya təsir edə biləcək addım gözləyir. Hakimiyyətin cahanşümül texnoloqları əlləri altında olan mediaya ( bu təqribən 97faiz təşkil edir-V.B.) analitik təhlil xarakterli silsilə yazılar ötürür və xalqın mövcud durumdan razı olduğunu, narazıların kiçik bir qrup təşkil etdiyini bütün mümkün vasitələrlə sübuta yetirmək istəyir. Ənənəvi müxalifət isə həmin ölkədəki inqilabın rəngini oğurlamaqdan başqa bir şey bacarmır. Oxucular bu cinahın bir vaxtlar narıncı rəngə boyanmasını yəqin ki, unutmayıb.

  Tunisdə baş verən inqilabın  nəticəsində ölkənin prezidentinin qaçması, hökümətin istefa vermədiyi üçün hələ məqsədinə çatdığını, söylənilməsi çətin olan bir olayın əks-sədasını çox gözləyəsi olmadıq. Mətbuatımız Tunis hadisələrinin eninə-boyuna təhlilinə başladı, hakimiyyət rəsmisinin ölkəmizdə radikalizmə yer olmadığı haqqında bəyanatı səsləndi. Müxalifət liderləri bilərəkdən bu mövzuda açıqlama verməklə, özlərini yada salmaq istədilər. AXCP ilə Müsavatın birləşib-birləşməyəcəyi barədə absurd sualın müzakirəsindən  bezmiş mətbu dairələr yeni mövzuya həvəslə girişdilər. Əvvəllər Ukraynanın, Qırğızstanın postsovet ölkələri olması baxımından bizə yaxın olduğunu bildirən və bununla da növbəti inqilabın Azərbaycanda olacağını proqnozlaşdıranlar, indi də Tunisin  ərəb-müsəlman dövləti olmasını, Bin Əlinin 30 illik  hakimiyyətini əsas gətirərək, eyni iddianı təkrar edir. Deyəsən, hakimiyyət də bu açıqlamalara ciddi yanaşmaqdadır. Yəqin, rəsmən boyunlarına almasalar da, xalqın yoxsulluq içərisində çabaladığı barədə məlumatlıdırlar.

   İlk növbədə inqilab şəratinin olub-olmadığını araşdıraq. Təkrar edilməsinə alışdığımız Leninin inqilabi şəraitin yetişməsi ilə bağlı düsturu yadımıza düşür. Doğrudanmı “yuxarılar” əvvəlki qaydada idarə edə bilmir, “aşağılar” da eyni tərzdə idarə olunmağa razı deyil, ölkədə inqilabi ab-hava mövcuddur? Əslində “yuxarılar”ın idarəçiliyi məsələsində elə böyük problem yoxdur. Ölkə böyük supermarket kimi idarə olunur, hakimiyyəti də bu “ticarət müəssisəsində” daha çox kassa mədaxilləri maraqlandırır. “Aşağılar”-yəni xalq nə qədər dözülməz durumda olsa da, bundan məmnun görünür. Hər seçkidə məmnun görünənlərin, yəni, seçkidə iştirak etməyənlərin, səs verib, səsini qorumağa qalxmayanların, mübarizədən imtina edənlərin sayı artır. İnqilabi şəraitə gəlincə, Leninin bu məsələdə gizli saxladığı, ölümündən 70 il keçəndən sonra  məlum olan bir şərt-almanlardan aldığı maddi dəstək məsələsi ortaya gəlir. Biriləri, ya daxildə, ya da xaricdə bu inqilabda maraqlı olmalıdır ki, proses baş tutsun.

   Daxildə maraqlı ola biləcək qüvvələr güc strukturları və böyük kapital sahibləri içərisindən çıxa bilərdi. Bunu əvvəlki dövlət başçısı bilməmiş deyildi və ona görə də baş qaldırmaq ehtimalı olan bu tip insanları sıradan çıxardı. Mahmud Məmmədov, Rəsul Quliyev, Rövşən Cavadov, İsgəndər Həmidov, könüllü özünümüdafiə batalyonları və digərləri müxtəlif üsullarla zərərsizləşdirildi. Bu siyasət Heydər Əliyevdən sonra da davam etdirildi, Əli İnsanov və Fərhad Əliyev sıradan çıxarıldı. İstənilən maddi rifaha nail olmuş və hakimiyyətin nəzarətindən kənar adam saxlanılmadı ki, alternativ siyasi qüvvənin formalaşmasına təkan verə bilsin.

Ölkədən kənarda olan maraqlara gəlincə, Heydər Əliyev hakimiyyəti iqtidar olandan dərhal sonra Rusiyanın və İranın maraqlarını, 1994-də Türkiyənin, 1995-dən Qərbin maraqlarını tam da olmasa, ödədiyi üçün, sonradan balanslaşdırma siyasəti adı altında bu maraqların tənzimlənməsinə müəyyən mənada nail olduğuna görə, bu istiqamətdə də hər şey qaydasındadır. İlham Əliyev hakimiyyətə gəldikdən sonra, bu istiqamət uğurla davam etdirilir, necə deyərlər, hamıya istədiyi verilir, bir şərtlə ki, hakimiyyətin sütunları xarici zərbələrdən hifz edilsin. Düzdür, ara-sıra qabarmalar baş verir, o saat lobbiçi təşkilatlar dövriyyəyə girib, məsələni yoluna qoyur. Əsas odur ki, maraqlar təmin olunsun, neft axsın, Qarabağla bağlı susqunluq, diplomatik oyunlara dözümlü yanaşılma davam etdirilsin, görüntü xarakteri daşıyan demokratiya və inkişaf  bəyanatları səslənsin.

Müxalifətin önündə gedənlərin də öhdəsindən gəlmək inqilabi şəraitin qarşısını almaq üçün əsas şərtdir. Azərbaycan iqtidarı 1998-ci ildə AMİP sədri Etibar Məmmədovun aktivləşməsini,  sonradan siyasi meydanda tam zərərsizləşdirilməsini həyata keçirdi. Burada siyasi texnologiyanın şar formulasından istifadə edən iqtidar, əvvəl siyasi liderin şişməsinə dəstək olur, sonradan əlavə yardımçı vasitələri həmin liderin yanından ayıraraq, hədəfi gözdən salır, zəiflədir, əlinə fürsət keçəndə biryolluq haqq-hesabı çürüdür. 2003-cü ildə İsa Qəmbərin zərərsiz hala gətirilməsi, Əli Kərimlinin yetişdirilib, gücə çevrilməsi və sonradan həmin üsulla da imicinin böyük dəyişikliklər edilməsi  üçün yararsız duruma gətirilməsinə cəhdlər  bu iqtidarın öz hakimiyyətini qorumaq üçün planlı fəaliyyət göstərməsinin bariz nümunələridir. Hazırda siyasi müstəvidə olan digər liderlər isə ya alınıb, ya yanındakılar özününküləşdirilib və bu baxımdan iflic halında çırpınmaqdadırlar, ya da hər hansı dəyişikliklər etmək imkanında olmayanlardır.

   Atalar sözü var ki, ac qılınca çapar. Amma acın hər hansı fəaliyyəti gerçəkləşdirməsi üçün yuxarıdakı şərtlər ödənməlidir. Yəni, ya daxildə inqilabi prosesi aparmaq üçün qüvvə formalaşmalı, ya da xaricdən gələn təzyiqlər o qədər güclənməlidir ki, bu, hər hansı ciddi prosesə çevrilə bilsin. Hazırda şərtlərin ödənməməsi faktdır, amma eyni zamanda durum da çox həssasdır. Son İslam Partiyası ilə bağlı hadisələrdə o qədər də gücü olmayan İrana dişli müqavimət göstərə bilməyən hakimiyyət qarşı tərəfdə supergüclər olursa, necə çıxılmaz durumda olacağı məlumdur. Son seçkilərdə öz büdcə işçilərini belə səfərbər etməkdə çətinlik çəkən, özü tərəfindən aparılan yanlış siyasətin nəticəsinə qatlaşan  iqtidar Tunis, Misir, Liviya, Suriya kimi totalitar rejimli dövlətlərin qarşılaşdığı problemlərlə üzləşsə, o zaman nələr olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Belə ki, hakimiyyətin özünə ideoloji dayaqlar və sadiq elektorat yarada bilməməsi ucbatından, sabah meydanda tək qala biləcəyi şübhəsizdir. Ənənəvilərdən fərqli olaraq, dövlətçilik mövqeyindən heç bir halda çəkilməyən qüvvələri də parlamentə buraxmayan, tək partiyalı sistem qurmaq istəyən, ölkədə siyasi-ideoloji boşluq yaradaraq mollaların, – İran kəşfiyyatının agentlərinin siyasi qüvvə olmasına bilərəkdən-bilməyərəkdən şərait yaradan hakimiyyət xaricdən düymə basılacağı təqdirdə, Bin Əli, Hüsnü Mübarək, Müəmmər Qəddafi rejimindən güclü olmayacaq.

  “İnqilab bizə lazımdırmı” sualını cavablandıraq. Bu suala dövlət, millət, xalq olaraq cavab axtarsaq, bu cavab neqativ olacaq. Sivil yolla inkişaf etmək, islahatlar nəticəsində dəyişmək və yeniləşmək daha məqsədə uyğundur. Kataklizmlər, iğtişaşlar, üsyan və çevrilişlər hansı millətə başucalığı gətirib ki? İnqilablar tarixən də, hazırda da özü ilə çox böyük fəlakətlər gətirir. Sonuncu təcrübələrə baxaq- Ukraynadakı inqilabın nəticəsində hakimiyyətə gələn qüvvələr qısa bir müddətdə sıradan çıxdı, devrilmiş rejim revanşa nail oldu. Elə 1992-ci ildə öz məmləkətimizdə də sözün əsl mənasında inqilab baş vermişdi. Nəticədə milli hakimiyyət 1 il duruş gətirə bildi, kommunist nomenklaturası revanş götürdü.

 İnqilabların arxasında duran güclərin müəyyən edilməsi də problematik məsələdir. Bəzən bu prosesi stimullaşdıranların heç də hədəf götürülmüş rejimdən qəddarlıqda, korrupsiyaya meyillikdə, totalitar idarəçiliyə üstün verilməsində geri qalmadığı üzə çıxır. Burada necə deyərlər, yağışdan çıxıb, yağmura düşmək ehtimalı böyükdür.

   Hakimiyyətlərin siyasəti nəticəsində bütün dövlətlərdə narazı kütlə formalaşır. Amma bizim kimi demokratiyanın boğulduğu və siyasi sistemin iflic olduğu dövlətlərdə narazılıq həm əhatə dairəsinə, həm də səviyyəsinə görə güclü olur. Bu gün reallıqdır ki, hakimiyyət 1993-98-ci illərdə olduğundan daha az dəstəyə malikdir. Üzdə toxunulmaz və güclü görünmənin çox ciddi fəsadları var. Müqayisə etsək, deyə bilərik ki, nəhəng bir hava şarı öz əzəməti ilə seçilsə və yuxarıda, əlçatmaz hava məkanında olması ilə öyünsə də, ondan qat-qat kiçik, əhəmiyyət verilməyən iti bir əşya onu sıradan çıxara bilər. Bizim “şar”ımızın da bir özəlliyi var ki, ideoloji-sosial qoruma şərtinə malik deyil və bu fakt onu daha da hər hansı nəzərdə tutulmayan fövqəladə durumda daha çox köməksiz vəziyyətə salır. Yəni, hakimiyyət ondan maddi asılılığı olan bir qrupun – məmurların, büdcə təşkilatlarının, idmançıların, güc strukturlarının dəstəyinə arxayın olub, xalqı qarşısına ala bilməz. Tarixən sübut olunub ki, hakimiyyətin gücü ağılla zorun, intellektlə maliyyənin, ideoloji ilə təkmil siyasi sistemin vəhdətindədir. Azərbaycan hakimiyyəti isə 1993-dən bu yana maliyyə və zora əsaslansa da, digər əsas sayılan xüsusiyyətlərdə axsayıb, belə keyfiyyətə malik olan qüvvələri müxalif mövqelərinə görə özündən itələyib. Belə olmasaydı, Azərbaycan XXI əsrin ilk on ilini işsizliyin, yoxsulluğun, işğal altında qalan ərazilərin, daxili siyasi sistemin iflic olmasının doğurduğu problemlərlə yola salmazdı.

   İnqilaba meyilli olmayan, yuxarıda qeyd etdiyimiz kimi, hər seçkidə hüququ tapdansa da, buna adekvat reaksiya göstərilməsində kütləvi  şəkildə həvəsli görünməyən xalqımız inqilabi şərait yetişərsə, yəni biriləri düyməyə basarsa, ya da iqtidar əhaliyə xüsusi və ölçüyə alınmaz dərəcədə təsir göstərən hər hansı yanlış addım atarsa necə davranış tətbiq edəcəyini proqnozlaşdırmaq çox asandır. Nəzərə alsaq ki, kriminogen, sosial-iqtisadi, siyasi durum ürəkaçan deyil, əksər insanlar hər gün bir qarın çörək uğrunda çarpışır, belələrinin maddi durumu yüksək olanlara münasibəti də qibtə ediləcək səviyyədə deyil, onda hər şey aydın olar. İnsan ölümləri, talanlar, basqınlar, küçə atışmaları və bir millətə qarğış ediləcək zaman arzu olunan hər şey! Bunu nə biz, nə də hakimiyyət özünə və millətimizə rəva görməməlidir.

   Bəs nələri etmək lazımdır ki, ölkəmizdə proseslər öz normal yolu ilə getsin? İşin ən ağır tərəfi hakimiyyətin məsuliyyətini hələ də bölüşmək istəməyən iqtidarın üzərinə düşür. İqtidar kənar təsirləri hüquq-mühafizə orqanları və ya neft güzəştləri ilə zərərsizləşdirmək əvəzinə, idarəetmə və siyasi sistemin iflicdən qurtulması məsələlərinə elmi yanaşma tətbiq etməlidir. Hakimiyyət özünü qorumaqdan ötrü indiyə qədər atdığı addımların nəticəsində əslində özünü ciddi təhlükəli duruma saldığının fərqində deyil. İlk növbədə bu durum aradan qaldırılmalıdır və bunun üçün xarici dövlətlərin əlində oyuncaq olmayan, sırf dövlətçilik maraqlarından çıxış edən siyasi güclərin təhdidinə və təqibinə son verilməli, korrupsiya, rüşvətxorluq, maddi resursların kiçik qrupun əlində cəmləşməsi, iqtidar-müxalifət düşmənçiliyi aradan qaldırılmalıdır. Bu sadaladığım və sadalamadığım prosesləri islahat paketi halına gətirməklə iqtidar bura qədər edilən yanlışlıqları kompensə edə bilər, milli gücün səfərbər olunmasına nail olmaqla, ümummilli problemlərin həllinə start verə bilər. Əks təqdirdə, baş verəcək arzu edilməyən hadisələrin bütün məsuliyyəti iqtidarın üzərində qalacaq.

   İqtidar kimi xalqdan uzaq düşən müxalifət (biz 17 ilin uğursuzluğuna müəlliflik edənləri özümüzdən ayırmaq üçün onlara ənənəvi müxalifət deyirik-V.B.) proseslərə təsir imkanlarını itirib. Onların varlığına hakimiyyətin dəstəyinin hələ də davam etməsi isə yeni qüvvələrin formalaşmasının qarşısını alır. Belə şəraitdə kənar qüvvələrin əl-qolu daha da açıla bilər, örnəyin iranpərəstlərin son iğtişaşlarında olduğu kimi. Bu, olduqca təhlükəlidir, çünki narazı qüvvələri qanuna hörmət edən və dövlətçiliyə sadiq qüvvələr idarə etmirsə, ölkədən kənar güclərin təsiri altında olursa, nəticələr təkcə Azərbaycanın siyasi hakimiyyətinin deyil, bütövlükdə dövlətimizin varlığına zərbə ola bilər…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv