Azərbaycançılıqla “Azərbaycan”çılığın fərqi

Vüqar Bəyturan (Milli Qurtuluş Partiyasının başqanı)
İdeologiya çürük cəmiyyətlər üçün xilas yoludur. Yalnız hər hansı nəzəriyyəyə inanan insan kütləsi kütləvi hərəkata nail olur, məqsədə doğru böyük inamla irəliləmək bacarığına sahiblənir. Məhz belə kütləvilik ciddi dəyişikliklər üçün baza rolunu oynayır, inqilabların, üsyanların, hakimiyyət əvəzləmələrinin, böyük imperiyaların qurulmasının və dağılmasının səbəbkarı kimi çıxış edir. Bəlkə də ideologiyaları xüsusiyyətinə görə qurucu və dağıdıcı adlandırmaq olardı, amma belə yanaşmanın subyektiv olacağı şübhəsizdir. Bir tərəf üçün qurucu missiya xarakteri daşıyan proses başqa tərəflərin dövlətçiliyinə son qoyulması ilə nəticələnirdi. Eynən ötən əsrin əvvəllərində rus-sosialist inqilabı kimi…

 Azərbaycan ideoloji çarpışmaların episentrində olsa da, sadə xalqın ideoloji maariflənmə səviyyəsi qənaətbəxş olmayıb. Çar Rusiyasının işğalına xanlıqların yalnız xan və yaxın əshabəsi çərçivəsində müqavimət göstərilməsinin də, milli hökumətin qurulmasında sönük iştirakın da, milli hökumət rus bolşevikləri tərəfindən işğal ediləndə əhalinin ciddi etirazları ilə qarşılaşmamasının da səbəbi ideoloji bağlılığın çatışmamazlığı, yəni vətən-millət-vətəndaş-bayraq-dövlət anlayışlarının geniş xalq kütlələri içərisində möhkəm dayaqlara malik olmamasındandır. Təkcə XX əsrin sonunda milli azadlıq hərəkatı başlayan zaman xalqımızın ruhi yüksəkliyə, milli təəssübkeşliyin inkişafına nail olmasını istisna kimi qeyd etmək olardı, amma bu halın uzun müddətli olmaması yenə də sözügedən hərəkatın konkret ideoloji bazadan məhrumluluğu ilə izah edilməlidir. Fikrimizin təsdiqi üçün 1992-ci ildə Əbülfəz Elçibəyin xalqın dəstəyi ilə hakimiyyətə gətirilməsi, 1993-cü ildə həmin xalqın müşahidəsi və müəyyən mənada səyi ilə onun hakimiyyətdən uzaqlaşdırılması faktlarını da yuxarıdakı fikirlərimizə əlavə etsək, onda xalqımızın nə qədər ideoloji boşluq içərisində olduğu aydınlaşar.

 Heydər Əliyev hakimiyyəti ələ aldıqdan sonra həm o, həm də onun komandasında ideoloji təbliğat işlərinə cavabdeh olan şəxs xalqın durumunu bilməmiş deyildi və ilk illərdə ideoloji boşluğu doldurmaq üçün şəxsiyyətə pərəstiş amilindən istifadəyə qərar verildi. Əliyev təcrübəli dövlət adamı kimi başa düşürdü ki, şəxsiyyətə əsaslanan rejimlərin ömrü avtoritet sahibinin fiziki mövcudluğunun sona çatması ilə bitir. Ona görə ömrünün sonlarında o, çıxışlarının birində nəzərində tutduğu ideoloji prinsipləri söylədi, azərbaycanlı olduğunu və bununla fəxr etdiyini vurğuladı. Əslində başqa cür ola da bilməzdi. Ömrünü tamamilə rus-sovet imperiyasına xidmətə həsr etmiş birisinin özündən sonra davamlılığını təmin etmək istədiyi hakimiyyət üçün türkçülük və millətçilik şüarlarını miras qoya bilməzdi.

 Heydər Əliyev dünyadan köçdükdən və İlham Əliyev hakimiyyətə gəldikdən sonra ideoloji boşluq daha çılpaqlığı ilə ortaya çıxdı. Artıq ideologiyasız cəmiyyətin qeyri-mümkün olması hakimiyyəti tələsik nəzəri əsaslar yaratmağa sövq etdi və Ramiz Mehdiyev başda olmaqla nəzəri bilikləri olan iqtidar nümayəndələri məqalələrlə yeni ideoloji prinsiplərin cəmiyyətin menyüsünə təqdim olunmasına qərar verdilər. Bu ideologiya hakimiyyətin təqdim etdiyi digər sənədlər kimi saysız-hesabsız sintezdən, dəyərlərin məcmusundan ibarətdir. Adı Azərbaycançılıq olsa da, əslində liberalizm dəyərlərinin milliləşdirilməsinə cəhddən başqa bir şey olmayan nəzəriyyədə bizi maraqlandıran elə Azərbaycançılıq prinsipinin özüdür. Son vaxtlar bəzi məmurların öz yanlış mövqelərini əsaslandırmaq üçün Azərbaycançılıqla Türkçülüyün üz-üzə qoyulmasına cəhd etmələri bu mövzunu daha da aktuallaşdırdı. Ona görə də qərara gəldik ki, bu ideoloji dəyərlərin müqayisəli təhlilini həyata keçirək və aydınlaşsın ki, əsl həqiqətdə Azərbaycançılıqla Türkçülük bir-birləri ilə nə dərəcədə ziddiyyət təşkil edir. Bunun üçün ilk növbədə Azərbaycançılıq deyəndə hakimiyyət nümayəndələrinin və bizim hansı ideloji-siyasi təməlləri nəzərdə tutduğumuzu müəyyənləşdirək.

 Milli Azadlıq Hərəkatına qədər yasaq qoyulan prinsiplər içərisində həm türkçülük, həm də Azərbaycançılıq var idi. Türkçülük “vətən”ə, yəni sovetlər birliyinə xəyanət kimi qəbul edilirdisə də, Azərbaycançılıq isə rus hegemonluğuna dirəniş sayılırdı. Hərəkat dövründə bu iki xəttin tərəfdarları qarşıdurma yaşamadan yanaşı addımlayırdılar. Əslində mahiyyətcə bir-birinin davamı olan bu ideoloji prinsiplər Əbülfəz Elçibəyin timsalında Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra maraqlı qüvvələr tərəfindən üz-üzə qoyuldu. AXC iqtidarında bəziləri türkçülüklə Türkiyəçiliyi qarışdırırdı və bundan həm türklük əleyhdarları yararlandı, həm də sadə vətəndaşların əksəriyyəti müqəddəs ideyaların bayağı təbliğatının əks təsirindən qurtula bilmədi. Nəticədə etnik-separatçılıq meylləri gücləndi, İran və Rusiya xüsusi kəşfiyyat orqanları bütün ölkəboyu aktiv fəaliyyətə start verdi. 1993-cü il dövlət çevrilişindən bəhrələnən, hərbi-siyasi qarşıdurmaları öz xeyrinə yönəldən və AXC iqtidarının devrilməsini arzulayan Rusiya-İran cütlüyünün maraqlarına uyğun gələn, hətta bir müddət sonra Qərbi də özünə inandırmağı bacaran Heydər Əliyev hakimiyyəti ələ aldığı andan narazıların tələblərini ödəməyə başladı. Televiziya ekranlarından “canlı yayım” ifadəsinin “birbaşa translyasiya” ilə əvəzlənməsindən başlanan üzdə Türkiyəyə meyillənməyə qarşı tədbirlər kimi təqdim edilən, amma türklüyə təzyiq edilməsinə hesablanan addımlar sonucda dilimizin adının ictimai müzakirəyə çıxarılması ilə yekunlaşdı. Müzakirələr zamanı milli mövqedə dayanan ziyalılar nə qədər etiraz etsələr də, etnomafiyanı üstələməyi bacarmadılar və dilimiz azərbaycanlaşdırıldı. Həmin dövrlərin ictimai fəallarından biri kimi şahid olduğum utanc gətirən olaylar-türk kimliyinə bütün cəbhə boyu elan edilmiş müharibənin fəsadları yaxın siyasi tariximizdə qara ləkə kimi iz qoyub. Tədris müəssisələrində tələbələrə milli kimliklərini necə ifadə etmək üstündə problem yaratmaqdan bozqurd və dövlət bayrağının əksləri olan nişanlara qoyulan qadağalara qədər olan tədbirlər belə təsəvvür yaratmışdı ki, AXC iqtidarı nə edibsə, hamısı dağıdılacaq, sovet dövründəki yaşayış qanunları yenidən bərpa ediləcək. Testin, Qərblə münasibətlərin, latın qrafikasına keçidin ləğv olunmasını, etnik qruplara muxtar qurumlar yaratmağa imkan verilməsini gözləyənlər Heydər Əliyevin sürpiz addımları ilə qarşılaşdılar. Təcrübəli idarəçi olaraq mərhum dövlət başçısı başa düşürdü ki, İran-Rusiya cütlüyü onun iqtidarda möhkəmlənməsini təmin edə bilməz və etnik mərkəzdənqacma meylləri dövlətin bütünlüyünü zərbə altında qoya bilər. Ona görə də etnomafiyaların zərərsizləşdirilməsi prosesi aparıldı, neft müqavilələrində daha çox demokratik dövlətlərlə münasibətə ağırlıq verildi. Düzdür, etnomafiyaların zərərsizləşdirilməsində müxtəlif variantlar tətbiq olundu və burada həm güc amilindən, həm də etnoelitaların vəzifələrlə təmin edilməsi yolundan istifadə edildi.

 Yuxarıda qeyd olunanlar hakimiyyətin Azərbaycançılıq barədə təsəvvürlərinin aydınlaşması üçündür. Əliyevlər iqtidarı dünən də, bu gün də bu prinsipi türkçülüyə alternativ kimi qəbul edib. Bəlkə də Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə bu səhv addımı müxtəlif yollarla, güclə də olsa əsaslandırmaq olardı-deyə bilərdik ki, dövlətçilik zəif durumda idi, etnomafiyalara güzəşt etmək lazım idi, əks təqdirdə iki imperiya ölkəmizi böləcəkdi, AXC iqtidarı türkçülüyü bayağı təbliğiylə əks reaksiya doğurmuşdu və bütün bunları aradan qaldırmaq tələb olunurdu və sair, ilaxır. Amma indi, hakimiyyət mənsublarımızın dediyinə inansaq, ən qüdrətli dövlətlərdən biri olduğumuz, bir millət-iki dövlət deyiminin rəsmi şüara çevrildiyi zamanda, türk kökənli millət olduğumuz rəsmi dairələrdə qəbul olunan halda niyə antitürk əhval-ruhiyyəsi davam etdirilir? Bu sualın da cavabı məlumdur. Hakimiyyətdə bu və ya digər səviyyələrdə təmsil olunan bəzi məmurlar xalqımızın birmənalı şəkildə türk kimliyinə sahib olması nəticəsində arzu olunmayan şəxslərə çevriləcəklərindən ehtiyatlanırlar. Türk kimliyini tam şəkildə anlayan bir millətin başını yuxarı qaldırıb, öz məmurlarının arxasında gizləndikləri azərbaycanlı kimliyinin gerçəkdə hansı etnik qrupları ehtiva etməsini öyrənmələri bu zümrəni çox qorxuya salır. Bilirlər ki, belə olan təqdirdə parlamentimizin yarısının etnik qrupların nümayəndələrindən təşkil olunması, əhəmiyyətli dövlət postlarının bir çoxuna Azərbaycan türkünün 15 ildən artıq müddət ərzində həsrət qalması məlum olar. Bəzən haqlı olaraq tənqid etdiyimiz və düşüncəmizə görə süqutunun səbəblərindən biri yanlış etnik siyasət olan Azərbaycan Demokratik Respublikası dövründə parlament və hökumət bu qədər etnik rəngərəngliyə malik deyildi. Biz heç də etnik qrupların hakimiyyət qollarında təmsilçiliyinə qarşı deyilik, amma söhbətin müharibə şəraitindən, bu şəraiti yaradan etnik qrupdan, separatçı meyilləri tarixən təsdiqlənən etnomafiyalardan gedirsə, bu doğrudan da çox təhlükəlidir.

 Etnomafiyanın umurunda deyil ki, Azərbaycan hansı ideoloji-siyasi yolla daha uğurlu inkişafa nail ola bilər və millətimizi gələcəkdə nələr gözləyir. Onlardan fərqli olaraq bizlər-türk millətçiləri və bu ölkənin digər vicdanlı vətəndaşları baş verənlərdən çox narahatıq. Eyni narahatçılığı ölkəmizin iqtisadi uğurlarından, demokratik islahatlardan, xoşbəxt və firavan gələcəkdən bəhs etməkdən yorulmayan ölkə rəsmiləri də keçirməli, qarşıdan gələn təhlükəni indidən görməlidirlər. İnformasiya texnologiyalarının yüksək əhəmiyyət kəsb etdiyi dövrdə müxtəlif tərəflərdən üzərimizə yeriyən mədəniyyətlər qarşısında hal-hazırda əliyalın olduğumuzun fərqindəyikmi? Nə indi mənsub olduğumuz qarışıq mədəniyyət, nə də ideoloji əsasları dövriyyəyə buraxılan, soyu-kökü bəlli olmayan “Azərbaycan”çılıq dəyərləri yeni texnologiyaların qarşısında duruş gətirə bilməz. Elmi şəkildə təsdiqlənmiş fakt odur ki, tətbiq olunacaq coğrafiyanın tarixindən, gələnəklərindən, milli kimliyindən qidalanmayan, həmin ərazinin dominantı olan xalqın ruhuna açarı mövcud olmayan bir ideoloji və ondan törəyəcək mədəniyyət heç bir halda geniş xalq kütlələri içində intişar tapmaz. Bu zaman həmin dəyərlərin alternativ, çox təkmil formada hazırlanmış, ilk baxışdan cəlbedici görünən, müxtəlif köməkçi elementlər vasitəsilə dəstəklənən mədəniyyət nümunələrinə müqavimət göstərə biləcəyi barədə heç danışmağa belə dəyməz. Bir ara köksüz dəyərləri, qurama ideolojiləri güc hesabına, diktator rejimlər və inzibati metodlarla ayaqda saxlamaq, hətta xalqın dəstəyini qazanırmış kimi ictimai fikrə təqdim etmək də mümkündür. Bu kütləvi təbliğatın nəticəsində bəlli məhdud sayda gerçək tərəfdarlar da əldə etmək və onların gücü ilə digər vətəndaşları məcburi itaət şəraitində saxlamaq da çətin deyil. Amma bu rejimlərin də, onların tarixə və xalqa sırımaq istədikləri saxta ideologiyaların da müvəqqəti xarakterli olmasının sübuta ehtiyacı yoxdur. Dünyamızın böyük bir hissəsinə hakim olan keçmiş Sovetlər Birliyi dediklərimizin ən bariz nümunəsidir. Bu böyük şər imperiyasının taleyi saxta ideologiya üzərində avtoritar dövlət qurmaq istəyində olanlar üçün dərs olmalıdır.

 Azərbaycan xalqına hansı Azərbaycançılığın təklif edilməsi həm bu, həm də ötən yazılarımızdan dolayısı ilə aydındır. Buna baxmayaraq bir daha dəqiqləşdirək ki, hakimiyyətin nəzərdə tutduğu Azərbaycançılıq nədir? İlk növbədə bu ideolojinin əsaslandırılması üçün saxta Azərbaycan milləti və Azərbaycan dili məfhumları dövriyyəyə buraxılmalı idi. Bu addımlar hələ Heydər Əliyev zamanında həyata keçirilib. Mərhum dövlət başçısı “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, Azərbaycanlıyam!” şüarını irəli sürməklə əslində hakimiyyətinin gələcəyi üçün ideoloji çərçivə yaratmış oldu. Yəni ondan sonra ideoloji boşluq yaranmasın deyə, Azərbaycan türklərinin vətənində Azərbaycançılığın türk milli kimliyini üstələməsi üçün 1995-ci il dilimizin və millətimizin adının dəyişdirilməsi ilə başlanan prosesin növbəti mərhələsinə start verildi. Plana görə, millətimiz yeni kimliyi- Azərbaycanlılığı ilə fəxr etməli, yeni adlı dilini-Azərbaycan dilini sevməli, bir sözlə qeyri-müəyyən mahiyyətə malik ideoloji əsaslara sahiblənməlidir. Əslində bu Azərbaycançılıq deyil, psevdo-Azərbaycançılıqdır. Çünki kökü, əsası olmayan vətənpərvərlik yalnız bir qrupun və ya bir zümrənin maddi-siyasi maraqlarının həm dövlət içində, həm də xaricdəki qüvvələr qarşısında qorunmasına xidmət edən ideoloji silahdır. Bəs gerçək Azərbaycançılıq hansı əsaslara malik olmalı, psevdovətənpərvərlikdən necə fərqlənməlidir? Bizim Azərbaycançılıqla bağlı düşüncələrimizi növbəti yazımızda açıqlayacağıq.

 Dövlətimizin adı Azərbaycan olduğu üçün Azərbaycançılıq ilk növbədə dövlətçilik təfəkkürünün şüurlarda möhkəmlənməsinə hesablanmalıdır. Qardaş Türkiyədə Osmanlıçılıq ülküsünü Türkiyəçiliklə əvəz edən böyük Atatürk bu ideya vasitəsilə elə möhtəşəm dövlət qura bildi ki, bu gün də bu dövləti çökdürmək istəyənlər xalqın böyük əksəriyyətinin təpkisi ilə qarşılaşır, digər dövlətlər türk millətinin öz vətəninə, dövlətinə, bayrağına, bir sözlə, dövlətçilik atributlarına bu qədər bağlı olmasına həsədlə yanaşır. Düzdür, bu günkü Türkiyəçilik əslində formasını dəyişən Osmanlıçılıqdır və minillərlə formalaşan dövlətçilik mədəniyyətini özündə birləşdirmək məsələsində heç də özündən əvvəlkindən geri qalmır. Əksinə, birinci mədəniyyət nümunəsində İslam dini dominant rola malik idisə də, ikincidə türk amili qabarıq şəkildə təzahür edir.

 Azərbaycançılıq ideyasında da dominantlıq formuluna diqqət yetirmək zəruridir. Son vaxtlar tez-tez təkrarlanan “bizi birləşdirən dəyər” ifadəsi burada yerinə düşər. Hakimiyyətin ideoloqlarının gerçək məqsədi xalqımız üçün ideoloji əsaslar müəyyən etmək olsaydi, onlar ilk növbədə birləşdirici xüsusiyyəti heç bir kənar məqsəd olmadan ortaya qoymalı idilər. Kimlərsə bundan sonra yüz il boyunca təkrarlasa da, Azərbaycan türkləri öz gerçək milli kimliyini unudub, qurama azərbaycanlı kimliyinə doğma yanaşmayacaq. Konkret desək, bu təbii olmayan kimlik dəyişmənin ömrü bu prosesi həyata keçirən hakimiyyətin ömrü qədərdir. Yenə kimsə uyğun tarixi şəraitdə milli kimliyimizi 1918 və 1992-ci illərdə olduğu kimi bərpa edəcək və tarixi ədalət yerini tutacaq. Amma biz arxayınlıqla dayanıb, kimsizlikləşmə prosesini izləməklə kifayətlənməməliyik. Hər dəfə milli inkişafda itirilən illər bir millət kimi tam formalaşma işinə, eləcə də milli dövlətçilik ənənələrinin mövcudluğuna ciddi zərbə vurur. Bu yazının müəlifi tariximizi, milli köklərimizi bilən, əsassız olmayan narahatlığımızı bölüşən və hakimiyyətdə təmsil olunmalarına baxmayaraq iqtidarın milli siyasəti ilə razılaşmayanların arqumentli qaydada mövqelərini açıqlamalarını arzu edir və az da olsa hələ də buna inanır. Bu gün muğamımızı, sazımızı, tariximizi himayə edənlər eyni uğurla milli kimliyimizi, doğma dilimizi, bu əsaslarda yaranacaq milli ideologiyamızı və gerçək milli dövlətimizi də savuna bilərlər. Yoxsa, xanlıq şüurundan qurtulmayan millətimiz regionlara parçalanmaqla etnomafiyaların, TÜRK şəhəri olan Bakıda hələ də at oynadan danielyanların əlində oyuncaq olaraq qalacaq. Ölkəmizdəki etnik qrup nümayəndələrindən birini tapmaq olarmı ki, öz doğma dilini Azərbaycan dili, öz milli mənsubiyyətini azərbaycanlı kimliyi ilə əvəz etmiş olsun? Kürdlər, talışlar, ləzgilər, tatlar, bir sözlə bütün etnik qruplar bu addımı atmadığı halda, biz türklər niyə öz milli kimliyimizdən imtina etməli, zorla qeyri-müəyyən kodlar altına sürüklənməliyik?

Azərbaycançılıq bizim torpağa, dövlətə və dövlətçiliyə sadiqlik və nə qədər ki, böyük Türk Birliyi yaranmayıb, lokal vətənpərvərlik duyğumuz olmalıdır. Millətimiz anlamalıdır ki, türk milləti var, qollar – türk milliyyətləri var və Azərbaycan ərazisində yaşayan çoxluq Azərbaycan türkləridir. Bu milliyyətin dili Azərbaycan türkcəsidir və bütün türk milliyyətlərinin ortaq dili yaranarsa, bu türk dili olacaq. Qardaş Türkiyə türkləri dövlətlərinin, dillərinin və milliyyətlərinin adını türk ifadəsi ilə birbaşa bağladıqları üçün digər türklər müəyyən problemlər yaşayır. Bu gün bu yanlış görünsə də, XX əsrin əvvəlləri prizmasından baxanda Atatürk tərəfindən atılmış olduqca düzgün bir addım idi və türk adının, türk milli kimliyinin qorunmasına hesablanmışdı. Bu problemi aradan qaldırmaq üçün yeganə yol Türkiyə daxil olmaqla bütün türk dövlətlərinin adının yanına türk dövləti ifadəsini artırmaq, dilini isə dövlətin adı ilə türk sözünü birlikdə ifadə etməklə formalaşdırmaqdır. Məsələn: Qırğız Türk Respublikası (Cumhuriyyəti) və Qırğız türkcəsi, Azərbaycan Türk Respublikası və Azərbaycan türkcəsi.

 Azərbaycan gəncliyi öz türklüyü ilə fəxr etməli və Azərbaycançılıq bu hisslə yanaşı mövcud olmalıdır. Azərbaycançılıq dünyada və digər türk dövlətləri içərisində dövlətimizin əlahiddəliyinin qorunub, saxlanmasına xidmət etməlidir. Azərbaycan türkü bütün istiqamətlərdə, məsələn, idman yarışlarında türk dövlətləri ilə rəqabətdə məhz bu hissə əsaslanıb, qələbəni öz komandası üçün arzulamalıdır və türk dünyasına verdiyi töhfələrə görə qürur hissi keçirəndə Azərbaycançı olmalıdır. Azərbaycançılıq öncüllük, böyüklük, bütövlük, əzəmət rəmzinə çevrilməlidir, bizim iqtidarın təklif etdiyi kimi türk milli kimliyindən imtinaya səbəb olmamalıdır. Azərbaycançılıq həm ifrat türkçülərin, həm də etnik qrup yandaşlarının baxışları prizmasından zərərli tendensiya kimi qələmə verilir. Amma bu ideoloji prinsip olmazsa, minillərlə formalaşan dəyərlərimiz, milli dövlətçiliyimiz məhv olma təhlükəsi ilə üz-üzə qalmış olar. Hər hansı etnik qrupun türk dominantlığına etiraz edəcəyi barədə deyilən cəfəngiyyatlara gəlincə, güclü hakimiyyət, milli əsaslara söykənən dövlət, təcrübəli təbliğat mexanizmi və gerçəkliyi gərəyincə ifadə etmək bacarığı olan siyasi komanda olsa, bu heç də qorxulu deyil. Zatən etnik qrup təmsilçiləri bizim bütün sahələrdə ön cərgələrimizdədir və yerlərini saxlamaq üçün dominant millətə qarşı çıxmaqdansa, qaynayıb-qarışmaq yolunu tutmuş olacaqlar. Bir də ideoloji dəyərlər ortaya qoyulanda 9 milyonluq Quzeyin deyil, 50 milyonluq Quzeyli-Güneyli Azərbaycanın maraqları nəzərdə tutulmalıdır. Həmin coğrafi arealda isə nə etnik, nə də digər növ problemlər dövlətçiliyimiz üçün təhlükəli ola biləcək. O günləri görmək üçün isə ilk növbədə həqiqəti söyləmək və milli mənafeyə xidmət etmək tələb olunur. Böyük Azərbaycan və Türk Dünyasının Birliyi naminə milli qurtuluşumuza istiqamət götürək!

You can leave a response, or trackback from your own site.

One Response to “Azərbaycançılıqla “Azərbaycan”çılığın fərqi”

  1. ali dedi ki:

    Chox düzgün , esl milletchilik mövqeyi gösterilerek yazilmish analitik yazidir. Demek olar ki indiye qeder hech bir siyasi partiya bu mövqeyden chixish etmeyib.Daha dogrusu Milli Ideologiya haqda fikir söyelmeyib.Hamisi ümumi ,M.E.Resulzade ,A.Echibeychilik deyib .Bunun arxasinda ne var onu achiqlamayiblar. Müellife ugurlar arzu edirem.Milli ideologiyanin yaradilmasi mütleq lazimdir. Ve bir amili qeyd etmek isteyirem. Milletimizin ümumi xasiyyetini nezere alaraq (oxumaq istememeleri ,tenbellik ..) yaxshi olardi ki, bele yazilari hisse -hisse yazasiniz ki ,genclerimizin sebri chatsin oxumaga. Saytlara fikir verende görürük ki…

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv